!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Medianın gender bərabərliyinin təmin edilməsində ROLU: Demoqrafik problemlər necə həll edilə bilər? - TƏHLİL

!Reklam – Yazi

Gender bərabərliyi nəyi ehtiva edir?

“Gender bərabərliyi” anlayışı cəmiyyətdə kişilərlə qadınlar arasında “de-yure” və “de-fakto”
bərabərliyin təmin edilməsini, hər iki cinsə bərabər imkanların yaradılmasını ehtiva edir. Avropa Şurasının Bakı ofisinin dəstəyi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanmış “Media və gender bərabərliyi” kitabında qeyd edilir ki, cəmiyyət üzvləri- qadınlar və kişilər – özlərinin bioloji xüsusiyyətlərinə, anatomik strukturlarına görə cins fərqliliyinə malik olsalar da, sosio-mədəni mühitdə bərabər imkanlara sahibdirlər: “Bu baxımdan, “Cins” termini bioloji fərqliliyi, “Gender” isə (ona sosial cins də deyilir) kişi və qadınların ictimai münasibətlər çərçivəsində formalaşan rol və vəzifələrini əhatə edir”. Beynəlxalq hüquqi mənbələrdə vurğulanır ki, “İnsanların bioloji, anatomik fərqi onların karyera qurmaq imkanlarını məhdudlaşdırmamalı və onların sosial-iqtisadi, siyasi və hüquqi mühitdə təmsil olunmasının qarşısını almamalıdır”.

Gender bərabərliyi fundamental insan hüquqlarından biri olmaqla yalnız mənəvi dəyər daşımır, eləcə də dünyada sosial-iqtisadi inkişafın təminatçısıdır. O, bir tərəfdən təhsil, səhiyyə qayğısı, siyasi və hüquqi sahələrdə bərabər imkanların göstəricisi olduğu halda, digər tərəfdən, qlobal səviyyədə bərabər iqtisadi imkanlar təmin etməklə özündə ÜDM-ni ehtiva edir. Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı İnkişaf Məqsədləri- 2030” proqramında gender bərabərliyi əsas məqsədlərdən biri kimi müəyyən edilib. Qeyd edilir ki, qadınlara və kişilərə cəmiyyətdə bərabər imkanlar yaratdıqda daha sağlam ailələr, güclü iqtisadiyat, firavan həyat ortaya çıxır. Bərabərlik hansı sahələrdə təmin edilirsə, həmin sahələrdə xüsusi inkişaf qeydə alınır. Bu baxımdan, beynəlxalq təşkilatların, o cümlədən inkişaf etmiş ölkələrin siyasi kursunda gender bərabərliyinin təmin edilməsi əsas prioritetlərdən biri kimi qəbul edilir. Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropa İttifaqının fəaliyyətində gender bərabərliyi əsas fəaliyyət mexanizminin öhdəliyi kimi qəbul edilir.

Gender bərabərliyin təmin edilməsi sahəsində BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasının (CEDAW), həmçinin Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyasının (CETS No. 210) rolu böyükdür. Bu konvensiyaların hədəfi dünyada gender bərabərliyinin bərqərar edilməsinə, bütün sahələrdə gender balansının yaradılmasına yönəlib.

Mövcud problemlər

“Media və gender bərabərliyi” kitabında qeyd edilir ki, hazırda dünyanın heç bir ölkəsində gender bərabərliyi tam formada, bütöv olaraq təmin edilməyib. Günümüzdə qadınlara qarşı zorakılıq, cinsi ayrı-seçkilik, cinsi qısnama, əmək və təhsil hüquqlarının pozulması faktları bütün ölkələrdə qeydə alınır. Cəmiyyətdəki stereotiplər bu günə gədər qadınların hüquq və azadlıqlarına təsir göstərir. Qadın və qızların yeni texnologiyalarla bağlı məşğulluqda, “Start-up” layihələrin icrasında təmsilçiliyi yalnız 2% təşkil edir. Dünyada gender bərabərliyi göstəricisi, yaxşı halda, 65-in 35-ə nisbətində qurulub: “Hesablamalara görə, qadınlar dünya əmtəəsinin 2/3-ni yerinə yetirirlər, buna rəğmən, gəlirlərin 10%-ni alırlar və dünya mülkiyyətinin ancaq 1%-nə sahibdirlər. Dünya parlamentlərində qadın millət vəkilləri yalnız 19.1% təşkil edirlər. Dünyada həddi-büluğa çatmış əhalinin 774 milyonu savadsızdır ki, onların da 2/3-ni qadınlar təşkil edirlər. Bu rəqəm son 20 il ərzində dəyişməz qalır”.

Gender bərabərsizliyinin əsas hədəfi qızlar və qadınlar olsalar da, bu sosial bəladan zərər çəkənlər təkcə qadınlar deyillər. Statistik məlumatlar göstərir ki, gender bərabərsizliyi bütöv cəmiyyətin və ayrı-ayrı fərdlərin inkişafına saysız-hesabsız zərbələr vurur. Hərbi münaqişələr zamanı, əsasən, yeniyetmə oğlanları hədəf götürən ölümcül əməliyyatlar tarixin faciəvi səhifələrinə həkk olunub. Səbəb isə budur ki, konkret cəmiyyətlərdə oğlanların döyüşçü, ailə və ya tayfanın əsas təminatçısı olması barədə gender vəzifələri, gender stereotiplər vardır”.

Geder bərabərliyinin təmin edilməsində medianın rolu

Cəmiyyətdə gender stereotiplərinin aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsi məqsədilə tərtib edilən proqramlarda rol alan komponentlərdən biri də mediadır. Gender bərabərliyini 21-ci əsrin prioritetlərindən biri kimi müəyyən edərkən Avropa Şurası Gender Bərabərliyi Strategiyasının icrasında medianı “təbii tərəfdaşlarından biri” adlandırır. Strategiyada qeyd edilir ki, medianın müxtəlif qolları –sosial media, internet media, televiziyalar, qəzetlər, radiolar – gender stereotiplərin dağıdılması sahəsində həm geniş imkanlara, həm də öhdəliklərə malikdirlər. Hesab olunur ki, KİV təmsilçilərinin, jurnalistlərin gender bərabərliyi prinsipinin mahiyyətini tam dərk edərək fəaliyyət göstərmələri cəmiyyətdəki cinslərarası bərabərsizliyin aradan qaldırılmasına, mənfi stereotiplərin ortadan çıxmasına yol aça bilər.

Bunlar, medianın funksional fəaliyyətinə, medianın məzmun yaradılıcığına aid olan fikirlərdir. Medianın gender bərabərliyinin təmin edilməsi sahəsində verə biləcəyi töhvələrə dair ikinci məqam da var. Bu, media sahəsinin özündə, media strukturlarında gender bərabərliyinin təmin edilməsidir. Media strukturları müstəvisində gender bərabərliyini təmin etməklə onu həyatın digər sahələrinə nümunə kimi göstərmək mümkündür. Bu baxımdan, medianın qərarvermə və idarəetmə səviyyələrində qadın və kişilərin bərabər iştirakı bütün beynəlxalq təşkilatların sənədlərində təşviq edilir. Avropa Şurası qadınların mediada idarəetmə və qərarvermə məqamlarında iştirakını stimullaşdırmağı ən yüksək prioritetlərindən biri kimi qarşıya qoymuşdur. AŞ 1984-cü ildən başlayaraq qadınları “medianın qərarvermə, idarəetmə orqanlarında bərabər paya daxil etmək” üçün media təşkilatlarını müsbət fəaliyyət proqramları tərtib etməyə çağırmışdır .

Аmma təəssüflə qeyd edilməlidir ki, KİV-də bəzən hər iki istiqamət üzrə gözləntilərin əksi baş verir. KİV işçiləri, xəbər istehsalçıları bəzən bilməyərəkdən, fərqinə varmadan, bəzən də bilərəkdən, reytinq qazanmaq xatirinə gender stereotiplərin dərinləşməsinə xidmət edən informasiyalar yayırlar; məzmun yaradıcılığında gender balansının pozulmasına gətirib çıxaran təhriflərə yol verirlər.

Bu baxımdan, jurnalistlərin gender mövzusunda savadlılığının artırılması tövsiyə edilir.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanmışdır.

Nəsimi Ələsgərli

www.yenicag.az

924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv