Məhərrəm İncə CHP-dən GEDİR: “Türkiyənin Azərbaycana köməyinə qarşı çıxanlarla…”

2018-ci ildə Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi olmuş Məhərrəm İncə partiyadan istefa verəcək.

Yenicag.az xəbər verir ki, Məhərrəm İncə CHP-dən getmək qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

İqtidardakı AKP ilə yanaşı, liderlərindən biri olduğu CHP-yə qarşı da sərt fikirlər səsləndirən İncə Atatürkün partiyasının təməl prinsiplərindən xeyli uzaqlaşdığını bildirib:

“Kimlərlə yolumu ayırıram? Amerikadan demokratiya dilənənlərlə yolumu ayırıram. Atatürkə həqarət edənləri idarəçiliyə gətirənlərlə yolumu ayırıram. “Mustafa Kamal” deyib “Mustafa Kamal Atatürk” deyə bilməyənlərlə yolumu ayırıram. FETÖ-çuları, Soros-çuları qoruyanlarla yolumu ayırıram. “Nə işimiz var Liviyada?” – deyib Mavi Vətəni dərk edə bilməyənlərlə yolumu ayırıram”.

Odioz siyasətçi daha sonra “Təəssüf ki, Türkiyə Azərbaycana kömək etdi”, – deyənlərlə yolumu ayırıram”, – deyə vurğulayıb.

Məhərəm İncə istefa ərizəsini gün ərzində yazacağını bildirib.

Qeyd edək ki, Məhərərəm İncə Türkiyədə 2018-ci ildə keçirilən prezident seçkilərində 30,67 faiz səs toplayaraq CHP-nin son 41 illik tarixində ən çox səs toplayan namizəd olmuşdu.

O, CHP-dən ayrılacağının ilk siqnalını “Məmləkət Hərəkatı” aksiyasına başlamaqla vermişdi. İncə bu aksiya çərçivəsində Türkiyəni bölgə-bölgə gəzmişdi.