!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhərrəm Zülfüqarlı: “Necə olur, eyni soya mənsub Cavad Xana qəhrəman deyirik, Abbas Mirzəyə isə işğalçı?” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Müəllifi olduğum tələbələrin seminar məşğələsi üçün metodik vəsaitdə bu hadisəni “Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı” adlandırmışam”.

Bu gün 1828-ci il fevralın 10-da Çar Rusiyası ilə Qacar dövləti arasında Şimali Azərbaycanın Rusiya tərəfindən işğalını rəsmiləşdirən Türkmənçay müqaviləsinin imzalanmasından 194 il ötür.

Professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a müsahibəsində bu və digər məsələlərdən danışıb.

– Məhərrəm bəy, bu gün Türkmənçay müqaviləsinin imzalanmasından 194 il ötür. Bununla bağlı gedən müzakirələrdə açıq görünür ki, Türkmənçay müqaviləsinə münasibətdə “Azərbaycanın ikiyə bölünməsi” və “Azərbaycanın işğal edilməsi” kimi fərqli yanaşmalar var…

– Sovet dövrü tarixşünaslığında yazılanların bir çoxu Azərbaycanın müstəqilliyinin bərpasından sonra da uzun illərdir, dərsliklərə salınır və bu yanaşma belə də davam edir. Tarixçilərin də çoxu bu məsələyə köhnə sovet təfəkkürü ilə yanaşırlar. Bu, tamamilə yanlışdır. Çünki sovet dövründə birinci və ikinci Rusiya-İran (Qacar) müharibələrində iki tərəfi götürmüşdülər və onları eyniləşdirirdilər. Daha sonra isə bu kontekstdə Çar Rusiyasını işğalçı deyil, Azərbaycana guya xoşbəxtlik gətirən, Qacarları isə əksinə, işğalçı kimi göstərirdilər. Hətta Moskvanın göstərişi ilə Gülüstan müqaviləsinin 150 illiyi 1963-cü ildə Azərbaycanda təntənə ilə qeyd olunmuşdu, bayram edilmişdi.

– Türkmənçay müqaviləsi ilə nizamlanan və bu gün də dəyişməyən o dövrkü reallıq əslində, necə adlandırılmalıdır?

– Birincisi, bu mövzu belə adlanır: birinci və ikinci Rusiya-İran müharibələri, Azərbaycanın iki yerə bölünməsi, yaxud da birinci və ikinci Rusiya-İran müharibələri, Azərbaycanın iki yerə parçalanması. Bu, çox səhv təqdimatdır. Mən özüm müəllifi olduğum tələbələrin seminar məşğələsi üçün metodik vəsaitdə bu hadisəni “Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı” adlandırmışam. Biz artıq tarixə yeni və obyektiv baxış ortaya qoymalıyıq. Baxın, necə olur ki, biz soydaşlarımız olan Qacarları, yəni öz-özümüzü işğalçı adlandırırıq? İnsan da öz evini işğal edə bilər? Paradoksa diqqət edin, Azərbaycanın görkəmli sərkərdəsi, hər iki müharibədə ordunun komandanı olmuş Şahzadə Abbas Mirzə Qacar kimi şəxsiyyətə işğalçı deyirik, onun soydaşı, müttəfiqi olan Cavad xanı isə qəhrəman adlandırırıq. Bu şəxsiyyətlərin hər ikisi Qacar xanədanına mənsubdur. Çox təəssüf ki, bir çoxları hələ də bu səhv yanaşmaya əsaslanır və yekunda yanlış nəticələrə gəlib çıxılır.

– Bu barədə danışarkən, Rusiya-Qacar müharibələrinin fərqli nəticələnməsini xəyal etməmək də olmur…

– Gəlin bir anlıq fikirləşək, Rusiya-Qacar müharibələrində Rusiya qalib gəlməsəydi, o zaman vəziyyət, bölgədəki düzən necə olacaqdı? Cavab çox sadədir. O halda Azərbaycan dövlətçilik tarixinin ən mühüm dönəmi olan Səfəvi İmperiyası, daha sonra Nadir Şahın qurduğu Əfşarlar Dövləti bərpa ediləcəkdi. Yəni həm Şah İsmayılın, həm də Nadir Şahın missiyasını məhz Qacarlar həyata keçirirdilər. O dövrdə xanlıqlara bölünmüş dövləti bərpa edirdilər. Amma çox təəssüf ki, biz Şah İsmayılın missiyasını müsbət qiymətləndiririk, Nadir Şaha ümumiyyətlə, layiqli qiymətini verə bilmirik, Qacarları isə işğalçı adlandırırıq. Bu, artıq qeyd olunduğu kimi, tamamilə səhv yanaşmadır.

– Türkmənçay müqaviləsinin müasir dövr üçün hüquqi mahiyəti nədir? Aradan az qala iki əsr zaman keçib, o müqaviləni imzalamış dövlətlər də mövcud deyil…

– Azərbaycan Türkmənçay müqaviləsi ilə ikiyə parçalanmayıb, Şimali Azərbaycan Çar Rusiyası tərəfindən işğal edilib. Xatırladım ki, İranda 1925-ci ilə qədər hakimiyyətdə Qacarlar olub. Türkmənçay müqaviləsindən danışanda, ermənilərin Şimali Azərbaycana köçürülməsi məsələsinə daha çox diqqət yetiririk. Xatırladım ki, həmin müqavilənin 15-16-cı maddələri ermənilərin Şimali Azərbaycana və Qafqazın başqa ərazilərinə köçürülməsini ehtiva edir. Müqavilədə isə konkret erməni yox, təbəə sözü işlənib. Təbii ki, müsəlmanlar bu ərazilərə köçərək kafir saydıqları xristianların hakimiyyəti altında yaşamaq istəməzdi. Ona görə də müqavilənin həmin maddələri məhz erməniləri kütləvi şəkildə Şimali Azərbaycana köçürülməsini nəzərdə tuturdu, onlara çox geniş imtiyazlar verilirdi. Hətta yerli əhali arasında narazılığın baş qaldırmaması üçün ermənilərin bu torpaqlarda müvəqqəti yerləşdirildiyi bildirilirdi. Ancaq o zaman torpaqlarımızda “müvəqqəti” məskunlaşdıqları iddia olunan ermənilər bu gün də Azərbaycana qarşı təcavüzkar siyasətlərini davam etdirirlər.

O da qeyd olunmalıdır ki, Türkmənçay müqaviləsi Çar Rusiyasının süqutundan sonra dəyişdirilib. Yəni artıq o müqavilənin yerində 1921-ci ildə imzalanmış Rusiya-İran müqaviləsi mövcuddur. Bu müqavilənin 7-ci maddəsi bizim üçün maraqlı olmalıdır. Çünki o maddədə göstərilirdi ki, əgər İran tərəfdən Sovet Rusiyasına qarşı təxribat və ya təcavüz təhlükəsi olarsa, rus qoşunları təhlükəsizliyin təmin olunması məqsədilə İranın bir hissəsini işğal edə bilər. 1941-ci ilin avqustunda SSRİ məhz həmin maddəyə əsaslanaraq, İranın şimal ərazilərini, yəni Cənubi Azərbaycanı işğal etdi. Bilirsiniz ki, 1941-46-cı illərdə Cənubi Azərbaycanda geniş milli hərəkat vüsət aldı və milli hökumət quruldu. 1946-cı ildə Sovet hökumətinin xəyanəti nəticəsində milli hökumət qan içində boğuldu. Bu, bizim acı taleyimizdir. Ancaq təəssüf ki, Azərbaycan tarixi hələ də sovet ənənələrindən xilas ola bilmir.

– Müstəqilliyimizin bərpasından artıq 30 ildən çox vaxt keçib. Vurğuladığınız “əsarət”dən xilas olmaq üçün nə lazımdır?

– İlk növbədə gənclərimizdə Azərbaycan tarixinə marağı artırmalıyıq. Hər zaman tənqid etmişik, indi də yeri gəlmişkən deyim ki, ali məktəblərdə Azərbaycan tarixinin tədris saatlarının ildən-ilə azaldılması buna imkan vermir. Azərbaycan tarixinin tədrisi əvvəl yüz iyirmi saat idisə, indi cəmi altmış saata endirilib. Onun da otuz saatı mühazirə, otuz saatı isə seminardır. Yəni biz cəmi on beş saata Azərbaycan tarixini gənclərə təbliğ etməliyik. Bu barədə Təhsil Nazirliyinə dəfələrlə müraciət edilsə də, heç bir nəticəsi yoxdur. Ancaq istər orta, istərsə də ali məktəblərdə Azərbaycan tarixinin tədris saatları artırılmalıdır. Ən azı 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizi təbliğ etmək üçün əlavə tədris saatları lazımdır. Amma indiki on beş saat çərçivəsində bu mümkün deyil. Ona görə də bu məsələyə dövlət səviyyəsində baxılmalıdır.

A.Zeynalov

www.yenicag.az

1519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv