“Məmurlar nəinki utanmırlar, hətta ağ yalan danışmaqdan da çəkinmirlər” – Tanınmış psixoloqun şərhi

“Onlar nəinki utanmırlar, hətta bəzən ağ yalan danışmaqdan da çəkinmirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yarıtmaz fəaliyyətinə görə Azərbaycanda ciddi problemlərə səbəb olan yüksək çinli məmurların utanc hissinə malik olub-olmamalarına aydınlıq gətirən psixoloq Azad İsazadə deyib.

Xəbər verildiyi kimi, prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi Mingəçevir İES-də baş vermiş qəzaya görə sərt şəkildə tənqid edib. Dövlət başsısı “Azərenerji” rəhbərinin belə fəaliyyətə görə utanmalı olduğunu deyib:

“Siz sadəcə olaraq xalq qarşısında utanmalısınız. İnsanlara isti havada əziyyət verdiniz. Qəzaya səbəb kimi deyirsiniz ki, havalar isti keçib, istehlak artıb. Bu, məni qane edə bilməz”.

Prezidentin bu sözləri Azərbaycandakı problemli məmurların utanmaq qabiliyyətlərinin olub-olmaması məsələsini aktuallaşdırıb.

Bu barədə Yenicag.az-a danışan psixoloq Azad İsazadə ölkə məmurlarının öz bərbad fəaliyyətlərinə görə nəinki utanmadıqlarını, hətta ağ yalan söyləməkdən belə çəkinmədiklərini deyib:

“Utanmaq, peşman olmaq, ya da pərt olmaq incə və emosional haldır. Bu halın özünə görə dərəcələri də var: çox utanmaq, az utanmaq və sair. Yəni bu, çox mürəkkəb, həm də mərhələli bir hal sayılır.

Məmurların utanmağı barədə nə demək olar? Yəqin ki, məmur utanmaqdan çox ona iş tapşıran dövlətdən qorxmalıdır və məsuliyyətini dərk etməlidir. Bilməlidir ki, üzərinə düşən vəzifəni yerinə yetirməsə, buna görə cəzalandırılacaq.

Bəli, enerji böhranında əsas günahkar kimi göstərilən Etibar Pirverdiyev adam arasına çıxsa, utanmalıdır. Ancaq təəssüf ki, ölkədə məmurların çoxu xalqın içinə çıxmırlar və ondan utanmırlar.

Digər tərəfdən, Pirverdiyevin, yaxud da başqa bir məmurun utanıb-utanmaması heç nəyi dəyişmir. Əsas olan budur ki, belə hadisələr bir də təkrarlanmasın.

Bizdə məmurların utandığını şəxsən mən görməmişəm. Onlar nəinki utanmırlar, hətta bəzən ağ yalan danışmaqdan da çəkinmirlər. Mən indiyə kimi utanan məmur görməmişəm”.

A.Zeynalov

COP29