!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mən gəncəm və istəklərim var - Aqil Bəkir yazır

!Reklam – Yazi

Fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu günün özəlliyindən yola çıxaraq bir neçə söz demək istəyim də gənclərin hazırkı durumundan qaynaqlanır.

Gənclərlə bağlı siyasətin nəticəliliyi barəsində çox yazılıb, deyilib və güman ki, elə bu gün də yazılacaq, çıxışlar ediləcək və ölkəmizin gələcəyinin gənclərin üzərində olduğu bir daha vurğulanacaq. Ancaq bu o demək deyil ki, hər şey çox gözəldir və bu sahədə heç bir problem yoxdur, həmçinin ola da bilməz.

Təhsil

Tam əminliklə deyə bilərik ki, bu gün ölkənin düşünən beyinlərini məşğul edən problemlərdən ümdəsi təhsillə bağlıdır. Təhsilin əlçatanlığı təmin edilsə də, onun “verilməsi”ndə bir sıra əngəllər meydana çıxır. Keçən ay boyunca məktəblərdə yaşanan hadisələr də bu fikrimizi təsdiqləyir. Ancaq təhsil həyatını davam etdirənlərin universitetlərdə hansı biliklərlə təmin edildiyi də sual altındadır. İxtisas fənlərinə ayrılan saatların azlığı, əzbərçilik sisteminin mövcudluğu, qısıtlı məlumatla keçirilən (həm də keçilən) imtahanlar və sonda məhdud ixtisaslaşma gəncləri zərbə altında qoyur. Düşünün, hansısa bir ixtisasa yiyələnirsiniz, diplomunuz var, ancaq o ixtisas üzrə biliyiniz yetərli deyil, çünki dərs və saat bölgüsü başdan-ayağa məntiqsizdir.

İşsiz gənclik

Ala-yarımçıq təhsildən sonra iş həyatına atılmaq istəyən gənclərimizin önünə də yığınla problemlər çıxır. Müstəqil həyatında ilk addımlarını atmağa çalışanlardan iş təcrübəsi, dil bilgisi istənir, aşağı maaşlı işlərə cəlb edilirlər. Gənclərin əməyinin istismarı da elə buradan başlanır.

Təəssüflər olsun ki, ali təhsil ocaqlarında gənclərin ixtisaslaşması və yetərincə təcrübə qazanmaları üçün ya kifayət qədər, ya da heç cəhd göstərilmir, layihə irəli sürülmür. Belə olan halda, itirilmiş illərin bərpası yenə gənclərin üzərinə düşür və onların qazandıqları yeganə şey ömürdən, təcrübədən gedən illər olur.

Bu yazını “klaviaturaya alarkən” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi gənclərin məşğulluğu ilə bağlı ötən ilki rəqəmləri açıqlayıb. Agentiliyin məlumatına görə, 2021-ci ildə 20 min 363 gənc işlə təmin edilib, 4 min 288 gənc isə özünüməşğulluq proqramına cəlb olunub.

Açığı, təəccübləndim. Agentlik adbaad bu gənclərin siyahısını paylaşsa, çox gözəl olar. Çünki son iki ili pandemiyada keçmiş və güvənsizlik duyğusu inkişaf etmiş biri olaraq rəqəmləri şübhəli qarşıladım.

Paytaxtda mərkəzləşmə

Ümumi mənzərə ondan ibarətdir ki, gənclərlə bağlı siyasətin əsas mərkəzi paytaxt Bakıdır. Bölgələrdə isə gənclərin faaliyyət sahəsi o qədər də geniş deyil. Məsələn, “Gənclər evi”nin bölgələrdə gördüyü işlərlə bağlı dəqiq informasiya yox dərəcəsindədir. Təbii, əgər “Gənclər evi” çayxanalardırsa, o zaman bu müşahidəmiz də yanlışdır. Asudə vaxtların səmərəli istifadə edilməsi üçün hansı işlərin həyata keçirildiyini soruşsaq, yəqin ki, kağız üzərində çoxlu müddəalar sıralanacaq. Lakin gerçəklik başqadır.

Gənclərdə oxu vərdişlərinin inkişaf etdirilməsi, sosialyönümlü fəaliyyətin stimullaşdırılması, onların təcrübələrə cəlbi, peşə hazırlığının keçirilməsi kimi məsələlər ətrafında isə danışmaq yersizdir.

Son söz

İnkişafın əsasını yenilənən nəsil təşkil edir. Partiyalaşdırılmış gəncliyi isə yenilənən nəsildən kənarda tuturam. Çünki hakimiyyətdə sabitliyin təməlində gənclər siyasəti durur. Bu sabitliyi davamlı etmək isə müəyyən qrupun hazırlanmasından keçir. Arzumuz isə ondan ibarətdir ki, bir gün bu “yetişdirmə” bütün gəncliyi əhatə edəcək.

Günümüz mübarək, gənclər!

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv