Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin birgə mətbuat konfransı zamanı alman jurnalistlərindən birinin verdiyi sual göstərdi ki, o harada – Azərbaycanda, yoxsa Əfqanıstanda olduğunu bilmir, amma bizə demokratiya dərsi keçmək istəyir.
Yenicag.az AzərTac-a istinadla jurnalistin sualını olduğu kimi təqdim edir:
“Bu yaxınlarda, müxalifət lideri İlqar Məmmədov azadlığa buraxılıb. Araşdırma aparan bir çox jurnalist, o cümlədən Əfqan Muxtarlı həbsdə qalır. Buna görə, Avropa Şurası sizi tənqid edir. İndicə istinad etdiyiniz kimi, Almaniya və Avropa İttifaqı ilə bu cür sıx iqtisadi əməkdaşlıqla, siz Avropa Şurasında Əfqanıstan kimi özünüz üzərinizə götürdüyünüz öhdəlikdən irəli gələrək, bir daha insan hüquqları standartlarına doğru addımları atmağa başlayacaqsınızmı?”
Almaniya kimi inkişaf etmiş bir ölkənin özünü hamıdan üstün sayan KİV nümayəndəsinin harada olduğunun fərqinə varmaması həm təəccüb doğurur, həm də inanılmaz görünür. Bu, onun qeyri-peşəkarlığının, savadsızlığının göstəricisidir, yoxsa sayğısızlığının? Demək çətindir. Hər halda öz ölkəsinin hökumət başçısının səfərini işıqlandıran bir jurnalistin bu cür kobud səhvi gülünc görünür, Almaniya mediasının üzərinə kölgə salır.
İndiki halda inandırıcı görünən odur ki, bu sual Azərbaycanı sevməyən, onun demokratik inkişafını gözü götürməyən hansısa dairələrin sifarişidir və onlar tərəfindən hazırlanaraq jurnalistə ötürülüb. O da fərqinə varmadan Azərbaycan əvəzinə Əfqanıstan deyib. Bu cür jurnalistlərə məsləhət görərdik ki, səfər etməzdən əvvəl heç olmasa hara getdiklərini öyrənsinlər. Yoxsa Bakıda olduğu kimi, özlərini gülünc vəziyyətə salarlar.
Azərbaycan Prezidenti növbəti dəfə öz yüksək mədəniyyətini nümayiş etdirərək bu səhvi müxbirin üzünə vurmadı. Öz ətraflı cavabı ilə Azərbaycanın demokratik dəyərlərə sadiq ölkə olduğunu, bütün azadlıqların, o cümlədən söz və mətbuat azadlığının təmin edildiyini, fərqli baxışa görə heç kimin təqib olunmadığını, heç kimin cəzalandırılmadığını konkret faktlarla əsaslandırdı.