!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın “GÖZDƏN ASDIĞI PƏRDƏ”: “Proqnozun niyə doğrulmadığını izah edə bilmirlər” - ŞƏRH

!Reklam – Yazi

“Axı 2021-ci ildə hər hansı bir fors-major hadisə baş verməyib ki, real inflyasiya rəsmi proqnozdan iki dəfə yüksəkdir”.

Bu fikirləri Mərkəzi Bankın uçot dərəcələrini 7 faizdən 7,25-ə qaldırmasının müşahidə olunan inflyasiyanın qarşısının alınmasında nə qədər effektli olacağını şərh edən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın bu kimi qərarlarında məntiq tapmaq çətindir:

“Bildiyiniz kimi, Mərkəzi Bank hər ilin sonunda öz fəaliyyətinin əsas istiqamətləri haqda məlumatlar yayımlayır. İndi uçot dərəcələrinin qaldırılması da həyata keçirilən fəaliyyətin, mən deyərdim ki, formal bir tərəfidir.

Ona görə formaldır ki, Mərkəzi Bank 2021-ci ildə inflyasiyanın 6 faiz olacağını proqnozlaşdırırdı. Amma bu gün inflyasiya haradasa 12 faiz civarındadır. Buna baxmayaraq, Mərkəzi Bankın rəhbərliyi verilən o proqnozun niyə doğrulmadığını izah edə bilmir, buna hər hansı səbəb göstərmir.

Yaxşı, ötən il pandemiyanı və 44 günlük müharibəni nəzərə alaraq, 2020-ci ilin göstəricilərini normal qarşılaya bilərik. Bəs 2021-ci il? Axı bu il hər hansı bir fors-major hadisə baş verməyib ki, real inflyasiya rəsmi proqnozdan iki dəfə yüksəkdir. Ona görə də, Mərkəzi Bankın uçot dərəcələrini artırması “gözdən pərdə asmağa” yönəlik formal addım kimi qarşılanır.

Mərkəzi Bankın saytına baxsaz görərsiniz ki, 2016-cı ildə uçot dərəcələri 15 faiz təşkil edib. Bununla belə, o dövrdə inflyasiya yox idi axı… Yəni Mərkəzi Bankın bu kimi qərarlarında məntiq tapmaq çətindir.

Onu da qeyd edim ki, uçot dərəcəsi, əslində, Mərkəzi Bankın özəl banklara verdiyi kreditlərinin faiz həddidir. Çox təəssüf ki, Azərbaycandakı bankların heç də hamısı Mərkəzi Bankdan həmin dərəcə əsasında kredit götürə bilmir. Bundan yalnız bəzi banklar faydalana bilir.

Başqa sözlə desək, təsəvvür edin ki, bir nəfər bazara kiloqramı bir qəpikdən məhsul çıxarır, lakin o məhsulu hər kəsə yox, yalnız öz qohumlarına, dostlarına satır. Bizdə də bu vəziyyətdir”.

A.Zeynalov

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv