“Meşələrdə giləmeyvələrin yığılmasında nizamsızlıq var” – YAP-çı deputatdan yeni cərimələrə REAKSİYA

Millət vəkilləri baş nazir Novruz Məmmədovun meşə təsərrüfatına vurulmuş zərərə görə cərimələrin müəyyən edilməsi qərarına fərqli münasibət bildiriblər.

Qeyd edək ki, baş nazirin sözügedən qərarına əsasən, qadağan edilmiş ərazilərdə yabancı (cır) meyvələr (alma, armud, zoğal, alça və s.) üçün 1, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) – 2, itburnu – 2, çaytikanı – 3, digər dərman bitkiləri – 2, şabalıd – 2, fındıq -2, qoz – 3, fıstıq toxumu -1,5, palıd – 1, cökənin yığılmasına görə – 1,5 manat cərimə nəzərdə tutulub.

Bundan başqa, meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır.

Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

Baş nazirin bu qərarının sosial şəbəkələrdə kəskin tənqidi və ironik reaksiyalar doğurduğunu nəzərə alaraq, məsələ ilə bağlı bəzi millət vəkillərinin mövqelərini öyrəndik.

Nazirlər Kabinetinin bəhs edilən qərarının nə dərəcədə zəruri və əsaslı olduğunu Yenicag.az-a şərh edən hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Hüseynovun sözlərinə görə, meşələrdəki giləmeyvələrin yığımındakı nizamsızlıq həmin qərarın qəbulunu şərtləndirib:

“Orada belə hallara rast gəlinir ki, meşələrdə giləmeyvələri yığarkən, bu, bəzən həmin ağacların məhv olmasına gətirib çıxarır. Düzdür, uzun illər kənddə yaşayanlar var, o sahəyə öyrənənlər, oraya diqqətlə yanaşanlar var.

Ancaq bununla belə, həmin giləmeyvələri total şəkildə yığırlar, burada böyük nizamsızlıq var, o ağacların sonradan meyvə gətirib-gətirməyəcəyi bilinmir. Məsələyə bu səmtdən yanaşsaq, mən o qərarı düzgün hesab edirəm”.

Mövzu barəsində Yenicag.az-a danışan millət vəkili Aqil Abbas Nazirlər Kabinetinin məlum qərarına yaxşı baxmadığını deyib:
“Səhv etmirəmsə, 2004-cü ildə müəyyən cərimələrin nəzərdə tutulduğu belə bir qərar olub. Mən buna necə baxa bilərəm? Yaxşı baxmıram. Meşədən əzgil yığmağı qadağan eləmək olar? Bəs meşədəki əzgil necə olacaq?

Minlərlə insan oradan çörək qazanır. Çıxın Qəbələ, İsmayıllı, Quba və başqa yollara… Hər yerdə meşə var. İnsanlar meşədən yığdıqları meyvə, giləmeyvə və sairlə şoraba, mürəbbə və başqa şeylər hazırlayıb, onları satmaqla dolanırlar.

Meşədən yığılan cır alma-armudun hər kilosuna bir manat cərimə nəzərdə tutulursa, adi alma-armudun kilosu otuz qəpiyədir… Yol kənarında maşın-maşın satırlar… Nə bilim e, ilin-günün bu vaxtında belə bir qərarın qəbul olunması… Mən yaxşı baxmıram.

Deyirlər, meşələrə kameralar quraşdıracaqlar. Bu lap gülməli şeydir. O kameralara verilən pula iki meşə salmaq olar”.

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev isə Yenicag.az-a açıqlamasında nə belə bir qərardan, nə də meyvələrdən xəbərinin olmadığını bildirib:

“Mən kiməm? Mən oranın üzvü deyiləm, bir də ki meyvələrdən xəbərim yoxdur. Sonra danışarıq…”.

A.Zeynalov