Məşğulluq Mərkəzi vətəndaşı get-gələ salır: Ağdamdan ŞİKAYƏT VAR

Ağdam rayonu Məşğulluq Mərkəzi vətəndaşa çatmalı olan heyvanları vermir, 3 ildir kənd sakini mərkəzin qapısında qalıb.

Bu barərdə Ağdam rayon Alıbəyli kənd sakini Quliyev Bəhruz İmran oğlu Yenicag.az-a danışıb.

Şikayətçinin sözlərinə görə, onun balı yüksək olsa da, Ağdam rayon Məşğulluq Mərkəzi ona heyvan vermir:

“2019-cu ilin aprel ayında heyvandarlıqla məşğul olmaq üçün Ağdam rayon Məşğulluq Mərkəzinə müraciət etmişəm. Yoxladılar, bildirdilər ki, balım yüksəkdir və mənə heyvan düşür. Hətta bir neçə gün əvvəl gedib Ağdam rayon Məşğulluq Mərkəzində balımı yoxlatdırdım, balım yüzdən çox çıxdı. İş verə bilmirlər, heyvan da vermirlər, istixana üçün müraciət etdim, dedilər, o da yoxdur. Onda mən ailəmi necə dolandırım? Ən azı 20 dəfə mərkəzə getmişəm, ancaq heç bir nəticə yoxdur. Sonuncu dəfə gedəndə mərkəzdən mənə dedilər ki, 3 500 nəfərin adını vermişik, amma mənim adım siyahıda var, yoxdur, onu demədilər”.

Bəhruz Quliyevin sözlərinə görə, ona 21 baş qoyun düşür, ancaq həmin heyvanları adamı olanlara verirlər:

“Məndən gec müraciət edib, ancaq iki dəfə alanlar da var. Kimdən qorxurlar, kimdən çəkinirlər, kimin adamı var, ona verirlər, mənim kimi yetimlər də qalıb kənarda.

Məcbur olub mətbuata müraciət etdim. Bu qədər haqsızlıq olmaz”.

Sonda Bəhruz Quliyev ölkə rəhbərliyinə müraciət edərək bildirib ki, yerdəki məmurlar xalqı yaşamağa qoymur. O, probleminin həll olunması üçün aidiyyəti orqanlardan köməklik göstərməsini istəyib.

Səxavət Məmməd

COP29