Məşhur diktorlardan efir özbaşınalığına sərt reaksiya: “Telekanalın adını batırır”

Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçirilib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli şou xarakterli verilişlərdə ədəbi dilin pozulması, jarqon ifadələrdən istifadə edilməsinin baş alıb getdiyni, bu məsələni daim diqqətdə saxlamağın vacib olduğunu bildirib.

Qurum sədri həmçinin, qeyd edib ki, teleradio məkanında çalışan aparıcılar və diktorlar Azərbaycan ədəbi dilini səlis və mükəmməl bilməlidirlər.

Yenicag.az məsələ ilə bağlı tanınmış diktorlara müraciət edib. Saytımıza danışan məşhur diktorlar da MTRŞ sədrinin fikrini dəstəkləyiblər.

Xalq artisti, məşhur diktor Sabir Ələsgərli efir məkanında baş alıb gedən xaosdan danışıb:

“Efirə baxmaq olmur, xaosdur. Aparıcı dili səlis bilmir, ağzına gələni danışır, özünə nəzarəti itirir. Söz deyir, qaqqıldayıb gülür. Sən aparıcısan, özünü sanballı aparmalısan. Əyləncə xarakterli verilişlərin aparıcısı ayrı olmalıdır, ciddi proqramların aparıcısı ayrı. İndi hamısı bir-birinə qarışıb. Vurğuları yerində istifadə etmirlər, əcnəbi sözlər işlədirlər. Məsələn, ondan sonra sözünü onnan sonra kimi söyləməlidir, amma aparıcı deyir ondan sonra. Təcrübəli diktorlarımız var, onları telekanallara dəvət etmək lazımdır. Qoy təcrübələrini gəlib gənc aparıcılarla bölüşsünlər. Aparıcı efirin simasıdır. O telekanalın adını yüksəltməlidir, batırmalı deyil. Amma indiki aparıcıların çoxu telekanalın adını batırır. Bir deyil, iki deyil. Hansının adını çəkəsən?”.

Xalq artisti, diktor Ofeliya Sənani da həmkarını dəstəklədi:

“Bizim vaxtımızda sözü düzgün tələffüz etməyən diktor cəzalandırılırdı və efirdən kənarlaşdırılırdı. Amma indi hər gün ədəbi dilin normaları pozulur. Bunun qarşısı alınmalıdır. Aparıcılar seçilərkən müəyyən kriteriyalar nəzərə alınmalıdır”.

Əməkdar artist, tanınmış diktor Natavan Hacıyeva da sərd danışdı:

“Efir məkanına baxıram, dəhşətə gəlirəm. Vurğuları düz işlətmirlər. Rus, ingilis və digər əcnəbi sözlərdən istifadə edirlər. Aparıcı “Vau” deyib heyrətini bildirir. Oturub verilişə baxıram, “plastinka”, “karobka” sözlərini rus dilində söyləyir. “Plastinka”, “karobka” deyincə, val, qutu de də. Yaxud da vurğuları yerində demirlər, bu da fikri tamamilə dəyişir. Azərbaycan dilini niyə bu kökə salırsan axı? Sənə kim ixtiyar verib? Biz hələ sovet dönəmində işə gedəndə özümüzlə lüğət aparırdıq. Baxıb bilmədiyimizi öyrənirdik. İndikilər efirə çıxıb, istədiyi sözü istədiyi formada səsləndirir. Bunlara dur deyən də yoxdur. Aparıcı müəyyən kriteriyalara malik olmalıdır. Hər jurnalist aparıcı ola bilməz axı. Vacib deyil ki, aparıcılıq edəsən. Hesab edirəm ki, efirdə baş alıb gedən bu xaosun qarşısını almaq üçün mütləq peşəkarlara müraciət olunmalıdır. Efirə çıxmazdan öncə həmin aparıcılar peşəkar diktorların məsləhətlərindən bəhrələnməlidirlər”.

Cəvahir

COP29