Məşhur “qanuni oğru”nun qardaşı Azərbaycana niyə gəlir? – VİDEO

Çeçen əsilli “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastamirovun böyük qardaşı İdris Qastamirov Azərbaycana gələcək.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Qastamirovun səfəri 12-13 noyabr tarixlərinə təsadüf edəcək. Çeçenistanda sayılıb-seçilən şəxslərdən olan İdris Qastamirov səfər çərçivəsində Gəncə və Lənkəran şəhərlərində olacaq. Onun bir sıra mühüm görüşlər keçirəcəyi bildirilir.

Bu arada “Şeyx Xəmzət”in bir nömrəli düşməni olan “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun Rusiyaya ekstradisiya ediləcəyi dəqiqləşib. Yayılan iddialara görə, Nadir Səlifov İstanbulda saxlanıldıqdan sonra ona dəstək verənlər geri çəkilib.

İdris Qastamirovun səfərinin “Lotu Quli”nin Rusiyaya ekstradisiya ediləcəyi vaxtla üst-üstə düşməsi də yəqin ki, təsadüf deyil. Səfərin “Şeyx Xəmzət”in nüfuz dairəsini genişləndirməyə hesablandığı da istisna deyil.

Qeyd edək ki, “Şeyx Xəmzət” 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur. O, Rövşən Canıyevin qətlində “Lotu Quli”nin əlinin olduğu iddia edərək Nadir Səlifovdan qisas alacağını bəyan edib.

COP29