“Məşqçilərin səhvi ucbatından medalsız qaldım” – Rövşən Fətullayev

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycana medal qazandıran idmançılarımızdan biri də ağır atletika üzrə millimizin üzvü Rövşən Fətullayev oldu.

94 kq. çəki dərəcəsində yarışan təmsilçimiz İslamiadanı bürünc medalla başa vurub.

Yeniçağ.Az saytına açıqlama verən Fətullayev üçüncülüyü belə şərh edib:

“Bu yarışı belə təsəvvür etmirdim. 2013-cü ildə məşqçilərin səhvi ucbatından 94 yox, 105 kq. çəki dərəcəsində mübarizə aparmışdım. Nəticədə, yarışı medalsız başa vurmuşdum. 4 il əvvəl çempion olan idmançı bu dəfə İslamiadada mənə məğlub oldu. Siyahıya baxanda rəqiblərimin güclü olduğunu bilirdim. Türkiyəli idmançı dedi ki, “yakacam sizi”. Bunu yarışdan bir gün öncə zarafatla məşq zamanı demişdi. Birincilik uğrunda 13 rəqiblə mübarizə aparırdım. Hamısı seçilmiş idmançılar idi. Qızıl medalı qazanmağı fikirləşirdim. Ancaq ikinci hərəkətə gedəndə özümə çox güc verdim. Nəticədə çiynimdən zədə aldım. Bir il öncə həmin nahiyədən əməliyyat olunmuşdum. Buna baxmayaraq, ağrıkəsiçi vasitəsi ilə yarışa davam etdim. Çünki bu elə bir yarışdır ki, idmançının taleyi həll olunur. Allaha şükürlər olsun ki, güclü idmançılarla mübarizə aparıb, nəticə qazana bildim”.

Yeniçağ.az

COP29