!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meydan Hərəkatı – 35: “Dedim ki, “İsmailiyyə” binasını dövlətçilik muzeyinə çevirək”

!Reklam – Yazi

“Həmin faziləsiz mitinqlərin idarə olunmasında əziyyəti keçən hər kəsə təşəkkür düşür”.

Bu fikirləri çağdaş Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri olan Meydan Hərəkatının 35-ci ildönümü ilə bağlı bəzi məqamlara toxunan 1988-ci il 17 noyabr – 5 dekabr fasiləsiz mitinqlərin təşkilatçılarından və rəhbərlərindən biri olan Ənvər Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 17 noyabrda qeyd olunan Milli Dirçəliş Gününün qeyri-iş günü olmaması təəssüf doğurur:

“Meydan Hərəkatı milli-azadlıq hərəkatımızın ilkin mərhələsi olaraq, çox böyük tarixi əhəmiyyətə malikdir. Bu hərəkat keçmiş Sovetlərin təməlini sarsıtmaqla, Azərbaycanın müstəqilliyinin bərpa olunmasını yol açdı.

Bəzən belə fikirlərlə qarşılaşırıq ki, SSRİ onsuz da dağılacaqdı, mübarizə aparmamaq da olardı və sair. Bu iddialarla qətiyyən razı deyiləm. Mübarizəsiz heç nəyə nail olmaq mümkün deyil.

Digər tərəfdən, Meydan Hərəkatına münasibətdə bu gün də müxtəlif ziddiyyətli yanaşmalar mövcuddur. Bunu təbii qarşılayıram. Çünki hələ o vaxt da müxtəlif maraqlar, düşüncələr vardı, prosesin necə davam etdirilməsində yekdil mövqe yox idi. Ona görə də bu mübahisələr 35 il sonra da davam edir.

Təəssüf doğuran məqamlardan biri də budur ki, 17 noyabr Milli Dirçəliş Günü qeyri-iş günü deyil. Bunu doğru saymıram. Ümumiyyətlə, tariximizin şanlı səhifələrinə münasibətdə hələ də yetkinllik göstərə bilməməyimiz ürəkağrıdıcıdır.

O vaxt deyirdim ki, Cümhuriyyət parlamentinin fəaliyyət göstərdiyi “İsmailiyyə” binasını dövlətçilik muzeyinə çevirək. Ancaq o təklif havada qaldı. Əslində, həmin muzeyin yaradılması dövlətçilik tariximizin tanıdılması və təbliğində mühüm rol oynaya bilər.

Xatırlayıram, Xəlil Rza rəhmətlik deyirdi ki, tariximizi əks etdirən çox az şeyi üzə çıxarırıq. Yana-yana danışırdı ki, Ənvər, mən bir əcnəbiyə möhtəşəm tariximizi şeirlərimlə göstərə bilmərəm, fakt və o faktı təsdiqləyən nümunələr olmalıdır.

Amma bütün hallarda tarixi dəyişmək imkansızdır. Meydan Hərəkatının əhəmiyyətini də heç kim azalda bilməz. Həmin faziləsiz mitinqlərin idarə olunmasında əziyyəti keçən hər kəsə təşəkkür düşür. Xalqımızı bu böyük gün münasibətilə təbrik edirəm”.

A.Zeynalov

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv