!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MİDA-nın mənzilləri 4-5 saniyəyə satıldı: "Bu işi müəyyən qonorar müqabilində görürlər" - MÜƏMMA

!Reklam – Yazi

Bu gün Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. Yasamal rayonunda ikinci dəfə mənzillərin satışına bu gün saat 11:00-da start verilib. Lakin onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur. Belə ki, satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir.

Mövzu ilə bağlı “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında qeyd edib ki, güzəştli mənzillərin onlayn satışının artırılması ev sahibi ola bilməyən vətəndaşların evsizlik problemini daha tez aradan qaldıra bilər:

“Azərbaycan hökumətinin yürütdüyü siyasətdə sosial layihələr vasitəsilə vətəndaşların mənzil təminatının ödənməsi xüsusi yer tutur. Aztəminatlı ailələrin mənzil probleminin həll olunması istiqamətində İpoteka və Kredit Zəmanət Fondu və Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən müəyyən layihələr həyata keçirilir. Bu layihələrdən biri də güzəştli mənzillərin onlayn satışının təmin edilməsidir. Bu prosesdə iştirakçıların sayı çox olsa da, mənzillərin sayı məhduddur. Bu fonda müəyyən narazılıqların yaranması başadüşüləndir. Əgər alqı-satqı məsələsində iddiaçıların sayı çoxdursa və onların bir qismi prosesdən kənarda qalırsa, narazılıqların olması təbii haldır. Fikrimcə, bu problemin qarşısını almaq üçün güzəştli mənzillərin satışının artırılmasına ehtiyac var.

Bununla yanaşı, proseslə bağlı ictimai nəzarətin təmin olunması üçün şura yaradıla bilər. Bu şura MİDA və ya digər müvafiq qurumların nəzdində fəaliyyət göstərə bilər. Nəticədə vətəndaşların inamı daha da güclənər və ortaya çıxan problemlər həll olunar. Ümumilikdə, vətəndaşların mənzillə təmin olunması müsbət haldır”.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı isə öz növbəsində vurğulayıb ki, güzəştli mənzillərin cəmi 4-5 saniyə ərzində satılması təəccüb doğurur:

“Xüsusi şəxslər var ki, bu işi müəyyən qonorar müqabilində görürlər. Tutaq ki, birotaqlı mənzili 3 min manata, ikiotaqlı mənzili 5 min manat, üç və daha çox otaqlı mənzili 7 min manata sayt vasitəsilə rəsmiləşdirirlər. Əgər vətəndaşın MİDA-nın satışa çıxartdığı evlərdən almaq şansı çox aşağıdırsa, həmin hakerlərin şansı 70-80 faiz aralığındadır. Hətta bəziləri 100 faizlik təminat verir. Bu prosesi texnologiyanı yaxşı bilən şəxslər daha rahat idarə edə bilirlər. Əldə etdiyim məlumata görə, güzəştli mənzillərin alışında maklerlər xüsusi canfəşanlıq edirlər. Belə ki, maklerlər hakerlərə birdəfəlik 15-20 mənzilin pulunu ödəyirlər və daha sonra evləri istədikləri qiymətə satırlar. Bu məsələdə şəffaflığın qorunması üçün mənzillərin kimlər tərəfindən alınmasının siyahısı yerləşdirilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

2418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv