!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millətin çağırışı, dövlətçiliyimizin xilası və qurtuluşu – İsrayıl İsgəndərov yazır

!Reklam – Yazi

Ötən əsrin 80-90-cı illər bütün yer üzündə böyük dəyişikliklərin getdiyi illərdir. 80-ci illərdə SSRİ məkanında baş verən böyük gərginliklər 1991-ci ildə SSRİ-nin dağılmasına səbəb oldu. Dünyada yeni bir nizam yaranmağa başladı.

Bu hadisələr bütün SSRİ məkanında, xüsusilə Azərbaycanda böyük dağıntıların, qanlı hadisələrin baş verməsinə səbəb oldu. 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakı şəhərində törətdiyi qırğınlar, mənfur qonşumuz olan ermənilərin tarixi şəraitdən istifadə edən qüvvələrin əlində bir vasitə olaraq ölkəmizə qarşı qaldırdıqları əsassız ərazi iddiaları, iqtisadi, siyasi sahələrdə baş verən dağıdıcı proseslər, hakimiyyət uğrunda aparılan mübarizələr ölkəmizdə olduqca xoşagəlməz bir vəziyyət yaratmışdı. Bu vəziyyət torpağımızda gözü olan bir çox dövlətlərin bizim ölkəmizdə öz maraqlarına uyğun oyunlar qurmasına imkan yaratmışdı. Bizim vəziyyətimiz gərginləşdikcə düşmənlərin iştahası daha da artır, öz planlarını həyata keçirmək üçün müxtəlif yollara əl atır, ölkəmizdəki müxtəlif qüvvələrdən istifadə edir, bununla vəziyyəti daha da gərginləşdirirdilər.  Xüsusilə özgə torpaqlarında həmişə gözü olan, qonşu xalqları soyqırımına məruz qoymağı da bacaran ermənilər bu işdə həmişə alət rolu oynamışdır. Buna görə də 1988-ci ildən etibarən Azərbaycanda başlanan azadlıq hərəkatı, ardınca 1991-ci ildə müstəqilliyimizin elanı bizi gözlənilməz bir fakt qarşısında qoydu. İllərdir içimizdə yaşayan, ölkəmizin ən gözəl guşəsində məskunlaşan ermənilər havadarlarının da dəstəyi ilə Azərbaycana qarşı üsyan qaldırdılar, ərazilərimizi işğal etməyə, qətliamlar törətməyə başladılar. Erməni qətliamları, torpaqlarımızın işğalı mühüm bir həqiqətlə bizi tanış etdi. Ölkə olaraq sən güclü olmalısan, sənin xalqa arxalanan güclü liderin, güclü ordun olmalıdır.

Azərbaycan rəsmi şəkildə müstəqilliyini elan etmişdi, Birləşmiş Millətlər Təşkilatına üzv kimi qəbul olunmuşdu, böyük dövlətlər tərəfindən tanınmışdı. Amma bunlar dövlət olmaq üçün hələ yetərli deyildi. Çünki müstəqilliyimiz kövrək idi, ermənilər uzun illər ərzində işğal planına hazırlaşdıqları üçün qəfil şəkildə ciddi problemlə qarşılaşmışdıq. Güclü dövlətlər xarici işğal qarşısında nə edirlər? Vahid mərkəzləşdirilmiş idarəçilik və peşəkar ordu vasitəsilə düşmənin məhv edilməsi üzərində plan qurulur, qısa zamanda işğal, hücum aktları aradan qaldırılır. Amma Azərbaycanda həmin vaxt nə güclü mərkəzi idarəçilik vardı, nə də ki vahid komandanlıq ətrafında birləşən ordu. Amma səriştəsiz rəhbərliyə baxmayaraq ordumuz müəyyən qədər uğur qazanmışdı, amma mərkəzdəki hərc-mərclik, hakimiyyət uğrunda mübarizə ordu içində də anlaşılmazlıqlara səbəb olur, əsgərlərimizin əhval-ruhiyyəsinə böyük təsir göstərirdi. Müxtəlif qruplaşmaların hakimiyyət hərisliyi, dövlət başçısına tabe olmamaq cəhdləri, idarəçilik təcrübəsinin zəifliyi və ən əsası qətiyyətsizlik Azərbaycan xalqının və dövlətinin taleyini sual altına alırdı. Bəs nə edilməli idi? Torpaqlarımızın ard-arda işğal edildiyi, hakimiyyət uğrunda qrupların mübarizəsi, Xocalının timsalında ermənilərin törətdikləri soyqırımı, ölkəmizin qəlbi olan Şuşanın işğalı qarşısında nə edilməli idi?

Bütün bunların fonunda Azərbaycan xalqı yalnız bir çıxış yolu görürdü: uzun illər Azərbaycana rəhbərlik etmiş, daimi milli maraqları qorumuş və mühüm işlər görmüş Heydər Əliyevi idarəçiliyə dəvət etmək, ölkənin taleyini ona tapşırmaq.

Azərbaycan müstəqilliyini elan etdiyi zaman Heydər Əliyev dünyanın ən güclü siyasəsətçilərindən biri, yüksək səviyyəli dövlət xadimi idi. Ona görə də o, uzun illər rəhbərlik etdiyi Azərbaycanın taleyinə biganə qalmadı. Onun 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi özünün və ailəsinin həyata təhlükə yartsada, həqiqətin dünyaya yayılması, Azərbaycan xalqının mübarizəsinin güclənməsi üçün çox vacib idi.

Yenidən Vətən xidmətində

15 iyun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müasir Azərbaycan tarixində ən önəmli mərhələdir. Özü, ailəsi və yaxınları üçün nə qədər təhlükəli olsada, Ulu Öndər öz xarakterinə uyğun olaraq bütün təbiq və təzyiqlərə baxmayaraq Vətəninə xidməti davam etdirmək, müstəqilliyini əldə etmiş Azərbaycan xalqının yanında olmağı seçdi. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyevin Azərbaycana dönüşünü, Bakıya qayıdışını istəməsələrdə o, bir-başa Naxçıvana dönmüş, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdı. 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdi. Maraqlıdır ki, hüquqi varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını da yenidən rəsmi şəkildə məhz Heydər Əliyev gündəmə gətirmişdi. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi.

Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə Azərbaycanda mərkəzi idarəçilik ağır böhran yaşayır, ərazi bütövlüyümüzün itirilməsi faktı genişlənməkdə idi. Artıq həm o zamankı rəhbərlik, həm də Azərbaycan xalqı ölkəni bu bataqlıqdan xilas edəcək tək bir gücün olduğuna əmin idi. Heydər Əliyev Azərbaycana gəlməli, idarəçiliyi qəbul etməli, zəngin təcrübəsi, dövlətçilik şüuru ilə ölkəni xilas etməli idi. Azərbaycanın qurtuluşa və xilaskara ehtiyacı vardı.

Bakıya qayıdış

Nəhayət, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu. Baş verən bu proseslər Azərbaycan Dövlətinin dağıdılmasının qarşısını aldı, Azərbaycanı xilas etdi. Ölkədə böyük quruculuq işlərinin aparılmasına şərait yaratdı. Məhz buna görə də xalqımız  ulu öndərimizin ikinci dəfə hakimiyyətə qayıtdığı 15 iyun tarixini haqlı olaraq ən əziz günlərdən biri hesab edir, onu “Qurtuluş günü” adlandırır

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.

Artıq o, dövlətin ən ali kürsüsündə əyləşmişdi. Azərbaycanın güclənməsi, böhrandan çıxarılması, ən əsası müharibədən əziyyət çəkən xalqın mənafeyi uğrunda addımlarını həyata keçirmək üçün hazırdı. Bu prosesdə Heydər Əliyevin ən ən önəmli silah vardı: Xalqa arxalanmaq. Heydər Əliyev peşəkar dövlət xadimi kimi bilirdi ki, dövlət-millət vəhdəti, etimad bir ölkənin varlığı, bütövlüyü üçün ən önəmli faktordur. Ona görə də o, fəaliyyət boyunca xalqın önündə dayandı, istər canlı görüşlər, istər televiziya çıxışlarında xalqa hesabat verdi, ölkənin taleyi ilə bağlı əhəmiyyətli hadisələri açıq şəkildə müzakirəyə çıxardı. Çünki o dövrdə Heydər Əliyevin qarşısını kəsən, fəaliyyətinə mane olmaq istəyən qüvvələr hələ də vardı. Bir tərəfdən onun etimadını qazanaraq Baş nazir vəzifəsinə qədər yüksəldiyi halda vəzifə borcunu yerinə yetirməyənlər, digər tərəfdən ölkənin və millətin taleyini yenidən xaosa sürükləmək istəyən yerli və xarici qüvvələr. Digər tərəfdən də işğalçılıq fəaliyyətindən əl çəkməyən erməni silahlı dəstələri.

Ulu Öndər bir neçə cəbhədə mübarizə aparmağa məcburdu.

Təsüdüfi deyil ki, 1993-cü ilin 15 iyununda Ulu Öndər Milli Məclisdəki çıxışında belə demişdi: “Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib, bu ağır yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərkən məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. 

Heydər Əliyev dövlət başçısı olduğu dövrdə 15 iyunda verdiyi sözlərin həyata keçirilməsinə nail oldu. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” tezisini rəhbər qəbul edən Heydər Əliyev ölkəni ağır böhrandan çıxarmaq üçün iki mühüm strategiyasını həyata keçirdi: Atəşkəsin imzalanmasına nail oldu, ölkəmizin firavanlığı üçün “Əsrin müqaviləsi”ni imzaladı.

Yüksəliş dövrü

Dövlətimizn  xilaskarı olan  bu böyük insan ilk əvvəl diplomatik əlaqələrin daha düzgün qurulmasına diqqəti artırdı. Amerikanın, Fransanın, İngiltərənin, Almaniyanın, Rusiyanın, Türkiyənin, İsrailin rəhbərliyi ilə sıx əlaqələr yaranmağa başlandı. O, bütün ölkələri əlində xəritə ilə gəzə-gəzə öz ölkəsinin başına açılan oyunlardan danışmağa başladı. 1994-cü ilin may ayında Bişkek şəhərində ermənilərlə atəşkəslə bağlı protokol imzalandı. Bu razılaşma ölkədə nizam-intizam yaratmağa, dərin problemləri ortadan götürməyə imkan verdi. Ölkənin iqtisadiyyatında ciddi canlanma baş verdi, insanlarda sabaha inam hissi artdı. Ölkədə özbaşınalığa son qoyuldu. Hamı hiss etməyə başladı ki, ölkədə böyük quruculuq işləri başlamışdır. Elə həmin ilin sentyabrının 20-də Bakı şəhərində Azərbaycan neftinin birgə hasilatı ilə bağlı  dünyanın 8 nüfuzlu ölkəsindən olan 13 şirkətin təmsilçiliyi ilə “Əsrin müqaviləsi” adlı möhtəşəm sənəd imzalandı. Bu müqavilə həm ölkənin iqtisadi inkişafının, həm də ölkəyə qarşı xarici təsirlərinin azaldılmasının təminatçısı rolunu oynamağa başladı. Artıq həmin ölkələr də Azərbaycanda əmin-amanlıq olmasına maraqlı tərəf kimi çıxış etməyə başladılar

Təbii ki, Heydər Əliyevin bu uğurları xarici müdaxiləçiləri, ölkəmizin müstəqilliyinin itirilməsini istəyən qüvvələri narahat edirdi. Buna görə də onlar xalqın çağırışı ilə hakimiyyətə gəlmiş, xalqın səsi ilə prezidentliyə yüksəlmiş Heydər Əliyevi devirmək istəyirdilər. 1995-ci il martın 13-17-də Ulu Öndərə qarşı çevriliş planı həyata keçirmək istədilər. Yenə də Heydər Əliyevin uzaqgörənliyi və xalqa arxalanması bu xain planın ifşa edilməsinə və aradan qaldırılmasına səbəb oldu.

1995-ci il noyabrın 12-də Heydər Əliyevin sayəsində Azərbaycan dövlətçiliyi tarixində önəmli addım atılmış oldu. Müstəqil dövlətimizin Konstitusiyası qəbul edildi. Dövlətçiliyimizin əsas sütunlarından olan Konstitusiyanın qəbulu Ulu Öndərin tariximizdəki ən mühüm imzalarındandır. Buna görə də o, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Vəfat etdiyi günə qədər Azərbaycan xalqının xidmətində dayanan Ulu Öndərin həyata keçirə bilmədiyi yalnız bir məsələ qalmışdı: İşğal edilmiş torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyümüzün təmini. Əlbəttə ki, böyük güclərin dəstəyi ilə ələ keçirilən torpaqlarımızı azad etmək üçün bir tərəfdən beynəlxalq zəmin hazırlanmalı, digər tərəfdən isə güclü ordu qurulmalı idi. Heydər Əliyev isə hər iki prosesi hakimiyyətə gəldiyi ilk günlərdən etibarən başlatmışdı. Onun varisi olan cənab Ali Baş Komandan İlham Əliyev bu iki yolu uğurla davam etdirərək nəticədə ötən il tarixi zəfəri bizə yaşatdı. 15 iyun 1993-cü ildə Heydər Əliyevlə başlayan Qurtuluş günü 8 noyabr 2020-ci ildə İlham Əliyevin liderliyində həyata keçən Zəfər günü bir-biri ilə sıx bağlı hadisələrdir.

İsrayıl İsgəndərov , Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv