Milli Məclisdə 6 vakansiya – Təkrar seçkilər keçiriləcəkmi?

Milli Məclisin dörd deputatının hökumətin yeni tərkibinə daxil edilməsi parlamentdəki vakant yerlərin sayını artırıb.

Yenicag.az xəbər ki, 4 deputatın nazir və komitə sədri təyin olunmasından sonra Milli Məclis üzvlərinin sayı faktiki olaraq, 125-dən 119-a düşüb.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən, millət vəkilləri – Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunublar.

Bunlardan başqa, qanunvericiliyə uyğun olaraq, 2017-ci ildə ölkənin 1-ci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva millət vəkili kimi fəaliyyətini dayandırıb. Deputat Astan Şahverdiyev isə aprelin 15-də vəfat edib.

Ölkədə son illərdə bir neçə deputat fəaliyyətinini dayandırsa da, onların seçildikləri dairələrdə təkrar seçkilərin keçirilməsinə ehtiyac görülməyib.

Bu barədə fikir bildirən hakimiyyət təmsilçiləri belə bir arqumentə istinad ediblər ki, Milli Məclisdə bir neçə deputat yerinin boşalması qanunverici orqanın ümumi fəaliyyətinə təsir göstərmir. Lakin bu dəfə 6 deputat kürsüsünün boşalması həmin dairələrdə təkrar seçkilərin keçirilməsini aktuallaşdırıb.

Təkrar seçkilərin keçirilməsi ehtimalını Yenicag.az-a dəyərləndirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə bu məsələnin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll ediləcəyini deyib:

“Milli Məclisdə təkrar seçkilərin təşkil olunması məsələsi qanunvericilik əsasında tənzimlənir. Ancaq indiki şəraitdə təkrar seçkilərin keçirilib-keçirilməməsi və ya nə vaxt keçiriləcəyi haqda fikir bildirməyə çətinlik çəkirəm”.

A.Zeynalov