!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdə Makrona yeni ad qoyuldu

!Reklam – Yazi

Sahibə Qafarova bildirib ki, parlamentin komitə iclasları Qarabağın hər bir guşəsində keçiriləcək, o cümlədən də Ağdamda
Oktyabrın 18-də Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova öncə Gəncə terrorunun ildönümü ilə əlaqədar parlamentdə çıxış edərək, başsağlığı verdi. “Gəncə terrorunun ildönümü ilə əlaqədar Gəncədə anım mərasimi və bir neçə beynəlxalq konfrans keçirilib. Milli Məclisin deputatları da iştirak ediblər. Gəncə terroru zamanı həyatını itirənlərə allahdan rəhmət, ailələrinə səbir diləyirik”, – spiker bildirdi.   

Daha sonra spiker 18 oktyabr tarixi ilə bağlı digər önəmli məsələdən bəhs etdi: “Bildiyiniz kimi, bu gün Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcını qoymuş Müstəqilliyin bərpası günüdür. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması, təqribən 70 il sonra, 1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycan xalqının dövlətçilik potensialının yeni şəraitdə real şəkil alması və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi idi. Lakin xalqımız əsrin əvvəllərində qurduğu dövlətini cəmi 23 ay yaşada bilmişdisə, əsrin sonlarına yaxın müstəqil dövlətini Ulu Öndər, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində qoruyub saxlaya bilmişdir”. Bayram təbriklərini çatdıran S.Qafarova, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlamağı təklif etdi, deputatlar təklifə alqışlarla dəstək verdilər.

İstiqlalçı millət vəkili Vahid Əhmədov 18 Oktyabr Müstəqilliyin Bərpa Günü ilə bağlı çıxış edərək dedi ki, 31 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. Bu illərdə Azərbaycanın ən böyük uğuru 30 il işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi olub. Burada Azərbaycan Prezidentinin uğurlu siyasəti, xalqımızın birliyi, ordumuzun qüdrəti öz sözünü deyib. V.Əhmədov dedi ki, 20 ildən sonra Azərbaycanın öz torpaqlarını düşmənlərdən təmizləməsində xüsusi rol oynayan milli birliyimizin qorunması çox vacibdir. Deputat dedi ki, İranda, Rusiyada, Ukraynada baş verən hadisələr bizim milli birliyimizi qoruyub-saxlamağımızı zəruri edir: “Mən millətimi bu yolda Azərbaycan Prezidentini dəstəkləməyə, bir yumruq kimi birləşməyə çağırıram”.

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında iştirak edən nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov sessiya barədə həmkarlarını məlumatlandırdı. Qeyd edib ki, ermənilər AŞ PA-da öz çirkin əməllərini davam etdirməyə çalışıblar: “Ermənilər çalışdılar ki, son hadisələrlə bağlı sənəd qəbul edilsin, xüsusi nümayəndə ayrılsın, baş verən hadisələri məruzə etsin. Məqsədlərinə nail ola bilmədilər. Mən bütün iqtidar, müxalifət və bitərəf deputatlarımıza səslənirəm ki, ermənilərə heç vaxt yol verməyək. Azərbaycanın yürütdüyü siyasət güclü olduğuna görə, bütün bunların qarşısında dayana biləcək. Biz isə bu siyasətin ətrafında birləşməliyik”.

Deputat Aqil Abbas parlamentin komitə iclaslarının Şuşada keçirilməsini təqdir etdi. Eyni zamanda, ölkə prezidentinin Ağdama səfəri, təməlqoyma mərasimləri və həyata keçirilən işlərdən bəhs etdi. Bildirdi ki, Ağdam tikilir, böyük işlər görülür, hətta dəmir yolu da fəaliyyət göstərməyə başlayıb. “Hesab edirəm ki, komitə iclaslarını Ağdamda da keçirtmək olar. Xahiş edirəm bu təklifi nəzərə alasınız”.

Spiker Sahibə Qafarova təklifə görə təşəkkürünü bildirdi və dedi ki, Milli Məclisin komitə iclasları Qarabağın hər bir guşəsində keçiriləcək, o cümlədən də Ağdamda.

Deputat Tahir Kərimli Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən bəhs edərək təklif verdi ki, bu, əlamətdar gün münasibətilə hər bir vətəndaşa 100 manat məbləğində pul verilsin. Deputat mənbəni də göstərdi: “Neft Fondunda kifayət qədər pul var. Mənə elə gəlir bu qədər pul fond üçün çox deyil. Digər bir təklifim isə Azərbaycanda doğulan uşaqlara maddi köməklə bağlıdır. Xarici ölkələrdə olduğu kimi, hər bir uşağın adına hesab açılsın və ora vəsait qoyulsun. Bir çox neft-qaz ölkələrində bu təcrübə var”. T.Kərimli dedi ki, ölkəmizdə 2 milyon 200 min ailə var: “Hər bir ailəyə 200 dollar pul verilsin. Bu, Neft Fondu üçün böyük məbləğ deyil. Neft Fondundakı pulu xalqımız üçün xərcləmək lazımdır. Hökumətimiz xalqın gözündə nüfuzunu çox artırmış olardı. Finlandiyada ali təhsil pulsuzdur. Təklif edirəm ki, bütün dövlət ali təhsil məktəblərində təhsil pulsuz olsun. Azərbaycan öz vətəndaşlarına təhsili pulsuz versin”.

Vitse-spiker Fəzail İbrahimli “Azərbaycan” qəzetində dərc olunmuş yazıların plagiat olması ilə bağlı iddialara, yazılan tənqidlərə reaksiya verdi. Bildirdi ki, ölkə başçısının fəaliyyətini işıqlandıran şəxslərə qarşı bu cür ittihamların arxasında hansı məqsədlərin dayandığı məlum deyil: “Azərbaycanın uğurları, görülən işlər fonunda “Azərbaycan” qəzetinə qarşı bu cür səlib yürüşü təşkil edilir. Ölkəmizin Vətən müharibəsində qazandığı qələbəyə, beynəlxalq aləmdə uğurlarına bəzi şəxslərin bu cür məqsədli addımları kölgə salır”.

Vitse-spiker bildirdi ki,  yazıda cənab prezidentin 19 illik nailiyyəti, Azərbaycanın 19 illik uğurları, Ermənistanın məğlubiyyətindən bəhs edən adamlar hədəf götürülüb.

Vitse-spiker Üzeyir bəy Hacıbəyli ilə bağlı olan bir əhvalatı xatırladaraq, “Soxmayın burnunuzu belə yazılara, Azərbaycanda hər kəs bir-birini tanıyır. Kimin nə məssəbə qulluq etdiyini, kimin hansı ölçüdə ayaqqabı geyinməsini də hər kəs bilir”, söylədi. F.İbrahimli belə təftişçilərə qarşı ölçü götürülməsini də zəruri saydı: “Cənab prezidentin fəaliyyətini işıqlandıran adamların üzərinə gəmək…Bilmirəm kimlərdir buna cəsarət edənlər? Mətbuat Şurası bu işlə məşğul olmalıdır. Azərbaycanda qanun-qayda var və qanun-qayda daxilində biz hərəkət etməliyik”.

Deputat Fəzail Ağamalı Ermənistanın mövcud olduğu tarixi Azərbaycan torpaqları ilə bağlı çağırış etdi. Bildirdi ki, 1920-ci ildə Fransada, Versal Sülh Konfransında Azərbaycanın Cümhuriyyətinin xəritəsi təsvir olunmaqla Azərbaycanın dövlət müstəqilliyi tanınıb. F.Ağamalı təəssüflə bir məqamı qeyd etdi: “Bəzən ayrı-ayrı mətbuat səhifəsində rastlaşırıq ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmalı deyil. Ombudsman da, hər kəs də birmənalı olaraq Cümhuriyyətin varisi kimi Azərbaycanın indiki Ermənistan tərəfindən zəbt olunan 28 min kv.km-lik ərazilər bütün platformalarda gündəmə gətirilməldir. Xahiş edirəm, bizim millət vəkillərimiz də “Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur”-deməkdən çəkinsinlər. Eyni zamanda bu gün bizə əzələ nümayiş etdirən İranın ərazinin böyük hissəsi tarixi Azərbaycan ərazilərdir. Bunu nə İran rəhbərliyi, nə də Makron kimi təlxək unutmasın”.

Komitə sədri Zahid Oruc bildirdi ki, Vətən müharibəsindəki qələbəmizin ikinci ildönümündə ölkəmizə qarşı beynəlxalq hücumlar daha intensiv, mütəşəkkil və sistemli xarakter alıb: “Səbəb əlbəttə, bəllidir-hərbi Zəfərimiz yalnız Ermənistan üzərində qazanılsaydı, indiki qədər əzəmətli olmazdı. Təkcə dünən İrəvana gələn Avropa Birliyinin 40 nəfərlik mülki formalı hərbi general və məxfi xidmət təmsilçisi, İsveçrə və Amerika parlamentariləri Azərbaycan əleyhinə aktlar tərtib edirlər. Lakin Prezident İlham Əliyevin sülh savaşı davam edir. Son 2 əsrdə ilk dəfədir ki, imperiyaların diktəsi olmadan, Zəfərimizi rəsmiləşdirə bilərik. Amma 12-14 sentyabr hərbi toqquşması baş verməsəydi, razılaşma olmayacaqdır”. Deputatın sözlərinə görə, nə qədər ki, Xankəndi ilə İrəvanın arasında yeni çəkilən 32 km-lik yola nəzarəti ordumuz etməyəcək, onda Azərbaycanın da Naxçıvanla 42 km-lik quru əlaqəsini güc yolu ilə açmağa hüququ olacaq: “Nəhayət, nə qədər ki, “Qarabağ məsələsi həll olunmayıb” deyiləcək, onda dövlətimizin də 2-ci Qarabağı Ermənistanın ərazisində yaradıb müharibəni düşmən coğrafiyasına keçirməsi qaçılmaz olacaq. Əgər bu ssenariləri istəmirlərsə, “Sülh müqaviləsi”ni başqa paytaxtlarda deyil, Zəngəzurda imzalamaq olar!”

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər müzakirəyə çıxarıldı. Qanun layihəsini Birinci vitse-spiker Əli Hüseynli təqdim etdi. Layihəyə əsasən, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinə (ombusdman) insan hüquqlarının pozulması ilə əlaqədar şikayət edilməsinin əhatə dairəsi genişlənir. Belə ki, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək.

Deputat Qüdrət Həsənquliyev layihə ilə bağlı danışarkən bəzi məqamlara münasibət açıqladı: “Layihə çox mütərəqqidir və mütərəqqi dəyişikliklər nəzərdə tutulub. Amma biz komitə iclasında qaldırdıq, Əli Hüseynli dedi ki, qanunvericilik təşəbbüsünün subyekti ilə o məsələləri müzakirə edəcək. Biz, konstitusiyaya sonuncu 3-cü dəyişiklikdən sonra yaş məhdudiyyətini aradan qaldırmışıq. Amma Ombudsman haqqında qanunda hələ də o məhdudiyyətlər nəzərdə tutulur ki, ombudsman 30 yaşdan yuxarı olmalıdır. Ombudsman iki dəfə seçilməlidir. Amma biz Prezidentlə də, baş prokurorla bağlı da məhdudiyyəti aradan qaldırmışıq. Yanaşma eyni olmalıdır. Yəni hər hansı vəzifəli şəxsi seçən xalqdırsa, xalq müəyyən eləməlidir ki, həmin şəxs vəzifədə, hakimiyyətdə nə qədər qala bilər. Yaxud onu Prezident, Milli Məclis təsdiq edirsə, yenə də Prezident və Milli Məclis müəyyən edə bilər ki, ona neçə müddət etibar etmək olar. Yəni yanaşma eyni olmalıdır. Hesab edirəm ki, bu məsələni hörmətli Əli müəllim müvafiq dövlət orqanları qarşısında qaldıracaq və bu öz həllini tapmalıdır”.

Milli Məclisdə Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu. Komitə sədri Ziyafət Əsgərov əlavə və dəyişikliklər barədə məlumat verdi. Komitə sədri Siyavuş Novruzov çıxışda bildirdi ki, Azərbaycan Ordusu nəinki Cənubi Qafqazda, eləcə də dünyadakı qabaqcıl ordular sırasındadır: “Belə ki, mütəmadi şəkildə ordumuz üçün yeni hərbi texnikalar alınır. Ordumuzda daim keyfiyyətli təlimlər keçirilir ki, bu da NATO standartlarına uyğundur. Hətta texnikalarımız da həmin standartlara uyğundur”. S.Novruzov onu da dedi ki, bəzən hərbi sahədə texnikalardan düzgün istifadə edilməməsi nəticəsində onların sıradan çıxması ölkəmizə ziyan vura bilər: “Bilirik ki, orduda qulluq ikili sistem əsasında həyata keçirilir. Çağırışla hərbi xidmətdə qulluq keçənləri texnikalardan istifadə ilə bağlı təlimlərə cəlb etmək tezdir. Yalnız o halda bu icra edilə bilər ki, onlar öz fəaliyyətini gələcəkdə bu sahədə davam etdirmək istəyərlər. Bu zaman texnikalardan düzgün istifadə həmin avadanlıqların zərər çəkməməsinə gətirib çıxara bilər”. Bu mənada komitə sədri qanunun hərbi çağırışçılara deyil, müddətdən artıq xidmət keçənlərə tətbiqini düzgün saydı.

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv