!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı növbəti dinləmə keçirildi

!Reklam – Yazi

Dekabrın 6-da Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə keçirilib.

Yenicag.az xəbər verir ki, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev tədbirin Qərbi Azərbaycana qayıdışla bağlı Milli Məclisdə keçirilən ictimai dinləmələrin davamı olduğunu bildirib. Komitə sədri Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirləri zamanı qazandığı qələbələrin ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməklə yanaşı, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün yaratdığı imkanlardan danışıb.

Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycan mövzusuna, Ermənistandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının tanınmasına necə həssas yanaşmasından söz açan Milli Məclis sədrinin müavini Ulu Öndərin 1997-ci ildə soydaşlarımızın Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiya edilməsinə siyasi-hüquqi qiymətin verilməsi haqqında Fərman imzaladığını xatırladıb.

Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpasının, Qərbi Azərbaycana qayıdış məsələsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayan Adil Əliyev bu istiqamətdə gənclərin rolundan danışıb, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının bərpası, onların dinc şəkildə öz tarixi torpaqlarına qayıtması işində gənclərin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüb.

Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının (QAİ-nin) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov qeyd edib ki, Qərbi Azərbaycana qayıdışla bağlı bundan əvvəl Milli Məclisdə 4 dəfə geniş ictimai dinləmə keçirilib. O, İcmanın yaradılması tarixindən söz açaraq Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında söylədiyi nitqi ilə soydaşlarımızın hüquqlarının bərpasında yeni bir mərhələyə – Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi mərhələsinə start verildiyini bildirib.

Əziz Ələkbərov İcmanın Qərbi Azərbaycan ərazisində tarixi abidələrimizin, mədəni irsimizin tanıdılması, təbliğ olunması, Qərbi azərbaycanlıların qayıdış tələbinin beynəlxalq müstəviyə çıxarılması ilə bağlı gördüyü işlər barədə məlumat verib, bu prosesdə bütün azərbaycanlıların, o cümlədən gənclərimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Qərbi Azərbaycan İcmasının hazırladığı 7 sənədin BMT-nin rəsmi sənədi kimi yayıldığını diqqətə çatdıran Ə.Ələkbərov əsas məqsədin qərbi azərbaycanlıların öz ata-baba yurdlarına dinc yolla və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi olduğunu deyib.

Gənclər siyasətində Qərbi Azərbaycan torpaqlarına qayıdışın geniş şəkildə təbliğ olunması ilə bağlı fikirlərini bölüşən gənclər və idman nazirinin müavini İndira Hacıyeva bu istiqamətdə təmsil etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən danışıb.

Dinləmədə digər çıxış edənlər azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması ilə bağlı həqiqətlərin, orada qalan mədəni irsimizin, tariximizin öyrənilməsi işində və Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və digər məsələlər barədə fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər. Əminliklə qeyd ediblər ki, dövlətimizin başçısının rəhbərliyi ilə Qərbi azərbaycanlıların hüquqları tezliklə bərpa ediləcək və onlar dinc şəkildə öz tarixi torpaqlarına qayıdacaqlar. Soydaşlarımızın Qərbi Azərbaycanda təhlükəsiz şəkildə yaşaması ilə tarixi ədalət bərpa ediləcək, beynəlxalq hüquq bərqərar olunacaq.

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv