Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi – FOTOLAR

İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclası açan parlamentin Sədri Sahibə Qafarova deputat, ölkəmizdə iqtisad elminin inkişafında böyük xidmətləri olan akademik Ziyad Səmədzadənin 80 yaşının tamam olduğunu söyləyib, onu təbrik edərək fəaliyyətində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin Ziyad Səmədzadəni birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyini xatırladıb. Əlavə edib ki, bu, təkcə Ziyad Səmədzadə üçün deyil, həm də bütövlükdə Milli Məclis üçün sevindirici hadisədir.

Deputat Ziyad Səmədzadə ona göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. O, ölkəmizdə iqtisad elminin daha da inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.

Sonra iclasın gündəliyində duran birinci məsələ – Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təqdim edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə deyib ki, bu dəyişikliklər Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədardır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, həmçinin bu sahədə müasir informasiya vasitələrinin tətbiqini nəzərdə tutur. Dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət rüsumu haqqında” Qanuna (üçüncü oxunuş) təklif olunan dəyişikliklər barədə məlumat verib. Qeyd edib ki, sənəd “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihədə tibb müəssisələrinin akkreditasiyası ilə bağlı dövlət rüsumlarının məbləği müəyyən edilib. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” (ikinci oxunuş) Qanunda dəyişiklik edilməsi barədə məlumat verərək deyib ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılmasını, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılmasını, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsini və məlumatların alınmasını, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsini nəzərdə tutur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır. Layihə ikinci oxunuşda təsdiq edilib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi təqdim edərək bildirib ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılıb və bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, habelə xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər haqqında (ikinci oxunuş) məlumat verib. O deyib ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haqqında” Qanuna əsasən telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək cərimələrin məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir. Layihə ikinci oxunuşda qəbul olunub.

Sonra Kamal Cəfərov Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişiklikləri (ikinci oxunuş) şərh edərək deyib ki, dəyişikliklər Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədilə aparılır. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi (ikinci oxunuş) təqdim edib. Qeyd edib ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulmuşdur. Birinci oxunuşdan sonra layihəyə təkliflər daxil olmamışdır. Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Gündəliyin növbəti dörd məsələsi bir zərfdə daxil olduğuna görə, Tahir Mirkişili Vergi Məcəlləsinə, “Notariat haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə (birinci oxunuş) məlumat verib. Qeyd edib ki, bu dəyişikliklər elektron icra, elektron notariat və elektron məhkəmə informasiya sistemlərinin genişləndirilməsi və bu sistemlər arasında məlumat mübadiləsinin labüdlüyü ilə bağlıdır. Sonra hər dörd qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Daha sonra Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib ki, gündəliyə birinci oxunuşda daxil edilmiş növbəti 3 məsələ parlamentə bir zərfdə təqdim olunub. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər həm uyğunlaşdırma, həm də rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi, həmçinin “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılması məqsədini daşıyır. Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. O deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu son illərdə çox böyük inkişaf yolu keçib. Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ordumuzun maddi-texniki təchizatı gücləndirilib, döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və qarşısında duran istənilən vəzifəni icra etməyə qadirdir. Biz 2016-cı ilin şanlı Aprel zəfərində bunun bir daha şahidi olduq. Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı olaraq qürur duyur.

Bununla da Milli Məclisin iclası başa çatıb.