Milli Məclisin payız sessiyasında ilk komitə iclası keçirildi

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Yenicag.az-ın xəbərinə görə, Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyindəki “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunur.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilsin. Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və “Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində də nəzərdə tutulub. Həmçinin “hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilir.

Layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub. Təklif edilən dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Z.Əsgərov bildirib ki, cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin 10 iclası keçirilib, 17 qanun layihəsi plenar iclasa tövsiyə olunub və qəbul edilib. Payız sessiyasında “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub.

Müzakirələrdən sonra “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

COP29