Bu gün Azərbaycan Respublikası Milli Məclisin sabiq vitse-spikeri, Respublika Prokurorunun müavini işləmiş mərhum Zakir Zeynalovun vəfatından 18 il keçir.
Yenicag.az Enter.News-a istinadən Zakir Zeynalov haqqında ən maraqlı məqamları təqdim edir.
Əslində Zakir Zeynalov kim idi?
Zakir Əlixan oğlu Zeynalov 1939-cu ilin mart ayının 21-də Tovuz rayonunda anadan olub. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1962-ci ildə ali təhsilini fərqlənmə ilə başa vurub. 1962-1964-cü illərdə Qazax və Naxçıvan Muxtar Respublikasının Şərur rayon prokurorluqlarında müstəntiq işləyib. Zakir Zeynalov 1964-1967-ci illərdə Rusiya Elmlər Akademiyası Dövlət və Hüquq İstitutunun aspiranturasında oxuyub.
Cinayət və Cəza
Zakir Zeynalov Hüquq elmləri doktorudur. O, 1967-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib.
Zakir Zeynalov 1970-1972-ci illərdə respublika prokurorluğunun Ümumi nəzarət idarəsinin prokuroru, 1972-1976-cı illərdə Zaqatala rayon prokuroru, 1976-1977-ci illərdə respublika prokurorluğunun Ümumi nəzarət idarəsinin rəisi vəzifəsində çalışıb.
Bundan başqa Zakir Zeynalov 1977-1981-ci illərdə Respublika prokurorluğu İstintaq idarəsinin rəisi və respublika prokurorunun müavini vəzifəsində işləyib.
O, 1981-1989-cu illərdə Bakı şəhərinin Sabunçu rayonunda, 1989-1992-ci illərdə Sumqayıt şəhərində prokuror, 1992-1993-cü illərdə Laçın rayonunda prokuror köməkçisi, 1993-1995-ci illərdə isə Gəncə şəhərində prokuror işləyib.
Millətin vəkili
Zakir Zeynalov 1995-ci ildə Respublika prokurorluğu Daxili İşlər Orqanlarında Qanunların icrasına nəzarət idarəsinin rəisi işləmiş, deputatlığa namizədliyi ilə əlaqədar, qanuna müvafiq surətdə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur.
1995-ci ildə 87 saylı Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri olmuşdur.
2000-ci ildə ikinci dəfə 87 saylı Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat və Milli Məclisin vitse-spikeri seçilmiş, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri kimi fəaliyyətini davam etdirmişdir.
Zakir Zeynalov Azərbaycan Respublikasının Konstitusiyasının və bir sıra qanunların hazırlanmasında yaxından iştirak etmişdir.
1995-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin şəxsi vəkili olmuşdur.
Həyatın son akkordları
Milli Məclisin Hüquq siyasəti daimi komissiyasının sədri olan Zakir Zeynalov nüfuzlu və hörmətli millət vəkillərindən sayılıb. Zakir Zeynalov 6 dekabr 2000-ci il tarixində saat 11:30 radələrində özünü pis hiss edib, dərhal həkim briqadası çağrılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Zakir Zeynalov Azərbaycan Respublikası Milli Məclisin vitse-spikeri idi və biz onu bu postda cəmi üç iclas görə bildik. 24 noyabr 2000-ci il tarixində Milli Məclisin vitse-spikeri seçilən Zakir Zeynalov 12 gün sonra, 6 dekabr 2000-ci ildə həyatla vidalaşmalı oldu.
Zakir Zeynalovla vida mərasimində Azərbaycan Respublikasının sabiq prezidenti, ulu öndər Heydər Əliyev, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş Nazir Artur Rasi Zadə, Milli Məclisin sədri Murtuz Ələsgərov və bütün nazirlər kabineti, diplomatik korpusun nümayəndələri ən yüksək səviyyədə iştirak ediblər və mərhumun ailəsinə başsağlığı veriblər.
Mərhum Zakir Zeynalov həmçinin sənətə, ədəbiyyata, musiqiyə böyük dəyər verib. Bir çox şeirlərin və mahnıların müəllifidir. Bəzi bəstələri tanınmış sənətçilər tərəfindən ifa olunur.
Atalar və oğullar
Mərhum Zakir Zeynalovun üç övladı var.
Böyük qızı Qəmər Zeynalova tibb sahəsində fəaliyyət göstərir. Əldə etdiyimiz məlumatlara görə, qızı Qəmər Zeynalova həkimdir.
Böyük oğlu Adil Zeynalov Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. 2018-ci ilin fevral ayında mərhum Zakir Zeynalovun böyük oğlu Adil Zeynalov İstanbulda dünyasını dəyişib.
O, 4 il idi ki, əziyyət çəkdiyi ağır xəstəlikdən vəfat edib. Adil Zeynalovun nəşi Türkiyədən Azərbaycana gətirilib. Qeyd edək ki, Adil Zeynalova 2014-cü ildən “Mila Displastik sindrom” diaqnozu qoyulmuşdu. O, Türkiyənin İstanbul şəhərindəki “Florence Nightingale” xəstəxanasında müalicə alırdı.
Kiçik oğlu Nazim Zeynalov 20 ildir ki, prokurorluq orqanlarında çalışır. Hal-hazırda isə Nazim Zeynalov Zəngilan rayon prokurorunun böyük köməkçisi vəzifəsində çalışır.
Nazim Zeynalov həmçinin Azərbaycan Respublikası Prezidentindən bəhs edan “Xalqın inam va etimad ünvanı” kitabının da müəllifidir. Nazim Zeynalov onlarla məşhur mahnının sözlərinin müəllifidir. Onun sözlərinə bəstələnmiş “Odlar yurdum Azərbaycan” mahnısı dövlət tədbirlərində oxunur.