!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mina xəritələri yenidən gündəmdə: İrəvan bu xəritələri niyə Azərbaycana vermir?

!Reklam – Yazi

“Hesab etmirəm ki, Ermənistan tərəfində vaxtilə işğal olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritəsi olmasın”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Sahil Kərimli deyib.

Müsahibimiz son günlər intensiv şəkildə baş verən mina partlayışları nəticəsində yenidən gündəmə gələn mina xəritələri mövzusuna toxunub.

Xatırladaq ki, Azərbaycan XİN son hadisələrlə bağlı bəyan edib ki, mina hadisələrinin 55%-dən çoxu Ermənistanın təqdim etdiyi xəritələrdən kənarda baş verib.

Siyasi şərhçi diqqətə çatdırıb ki, işğal dövründə Azərbaycan ərazilərinə 1 milyondan çox mina basdırılıb.

“Ola bilər ki, basdırılmış minaların təxminən 20-30%-nin dəqiq xəritələri olmasın. Çünki həmin dövrdə sistemsiz və pərakəndə şəkildə bu proses həyata keçirilə bilər ki, nəticədə minalanmış ərazilərin xəritələri yoxdur. Amma birmənalı şəkildə əminəm ki, minalanmış ərazilərin böyük əksəriyyətinin xəritələri Ermənistan tərəfində var və bu xəritələr bilərəkdən Azərbaycana verilmir”, – deyə o bildirib.

S. Kərimliyə görə, burada bir çox məqsəd var:
“İlk növbədə, vurğulamaq lazımdır ki, Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanması birbaşa olaraq müharibə cinayətidir. Çünki həmin dövrdə Qarabağ və ətraf bölgələr bilərəkdən minalanırdı ki, nə zamansa müharibə başlaya bilər.

Onlar bilirdilər ki, işğal olunmuş ərazilər Azərbaycan torpaqlarıdır, beynəlxalq hüququn da tanıdığı kimi suveren Azərbaycan əraziləridir. Ona görə də ermənilər bu torpaqları kütləvi şəkildə minalayırdılar ki, Azərbaycan nə vaxtsa öz ərazilərini azad edəcək və minalanmış ərazilər bizim üçün böyük problem yaradacaq”.

“Sual oluna bilər ki, İrəvan niyə mina xəritələrini Azərbaycana vermir? Bunun səbəbi məlumdur. İlk növbədə, onlar çalışırlar ki, daha çox mülki şəxs mina partlayışları nəticəsində həlak olsun. Bundan əlavə, hazırda “Böyük Qayıdış” prosesi başlayıb, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri başlayıb, biz sıfırlar şəhərlər və kəndlər tikirik. Təbiidir ki, minalanmış ərazilər bu prosesi bir qədər ləngidir. Məhz İrəvanın da istədiyi budur ki, Azərbaycan dövləti Qarabağ və ətraf bölgələrdə bərpa işlərini sürətlə həyata keçirə bilməsin, bu proses ləngisin, insanların dədə-baba yurdlarına qayıdışının müddəti uzansın. Bütün proses də buna hesablanıb”, – analitik diqqətə çatdırıb.

“O ki qaldı bir müddət əvvəl Bakıya verilmiş mina xəritələrinin düzgün çıxmamasına, təbiidir ki, bu da erməni xislətindən, hiyləsindən və Azərbaycana qarşı olan düşmənçilik hissindən irəli gəlir. Ermənistan tərəfi bilərəkdən bu xəritələri doğru-düzgün təqdim etmir və bununla da öz məkrli və işğalçı mahiyyətini ortaya qoyur”, – deyə siyasi şərhçi fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv