!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minsk Qrupunu bitirən II Qarabağ Savaşı: "Bu qurum artıq öz etibarını itirib"

!Reklam – Yazi

“İndiki mərhələdə ATƏT-in Minsk Qrupunun olub-olmamasının heç bir fərqi yoxdur”.

Bu sözləri Brüsseldə ölkə başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan görüşü analiz edən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, erməni diasporu bu görüşə uzun müddətdir hazırlaşsa da, gözləntiləri özünü doğrultmadı:

“Ermənistanın Zəngəzur dəhlizini açmaq istəmədiyi hər kəsə bəllidir. Son hadisələr və Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışları da bunu sübut edir. Lakin bu da bir reallıqdır ki, Azərbaycan bu məsələdə geri addım atmaq niyyətində deyil. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin açılması istiqamətində Laçın dəhlizi üzərindən Emənistana təzyiq etməsi məntiqli və düzgün addımdır. İlham Əliyevin Aİ Şurası Prezidenti Şarl Mişellə görüşdən öncə NATO Baş katibi ilə mətbuat konfransında ən sərt şəkildə Zəngəzur məsələsini qaldırması rəsmi Bakının bu məsələdə nə dərəcədə qərarlı olduğunu göstərir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Hesab edirəm ki, bəyanat rəsmi Bakının maraqlarına uyğundur. Bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Bu, Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilə bilər. Bəyanatdakı ən mühüm məqam isə 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edilməsidir. Soçi görüşləri və bəyanatlardan irəli gələn öhdəliklərin hamısı rəsmi Bakı üçün məqbuldur.

Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir. Çünki Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil”.

Turan Rzayev qeyd edib ki, sözügedən bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi səbəbi bu qurumun 27 illik fəaliyyətsizliyinin artıq hər kəsə məlum olmasıdır:

“Qurumun 27 il ərzində bacarmadığını Azərbaycan 44 günlük müharibədə bacardı. İkinci Qarabağ müharibəsinin başlamasına bir səbəb də məhz qurumun fəaliyyətsizliyi və qərəzli mövqeyi idi. İndiki mərhələdə ATƏT-in Minsk Qrupunun olub-olmamasının heç bir fərqi yoxdur. Bu qurum Brüssel nəzdində də artıq öz etibarını itirib. Əks təqdirdə Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ATƏT-in Minsk Qrupuna həvalə edilərdi”.

Gülşən Şərif

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv