Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Mirmahmud Mirəlioğlu, bura Azərbaycandır, Lakonika deyil: KXCP sədri mediadan niyə küsüb?

Reklam: High Technic

11 aprel növbədənkənar prezident seçkilərində iştirak etməmək qərarı verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu media ilə körpüləri “yandırır”.

KXCP sədri Mirmahmud Mirəlioğlu mətbuatdan incikliyini Yenicag.az-a lakonik müsahibəsində dilə gətirib.

– Seçkidə iştirak etməmək qərarından sonra bu dövr üçün hansı planlarınız var?

– Planlarımız müzakirə olunur.

– Partiya daxilində, yoxsa digər təşkilatlarla birlikdə?

– Hərtərəfli.

– Ümumiyyətlə, vəziyyəti necə qiymətləndirirsiz?

– Bununla bağlı mövqeyimiz və münasibətimiz ortadadır, müzakirələr aparılıb, açıqlamalar verilib.

– Müzakirələriniz əsasən, hansı istiqamətdə aparılır?

– Bütün istiqamətlərdə.

– Cavablarınız çox lakonikdir…

– Azərbaycan mediası bizim dediklərimizi olduğu kimi yazmadığına görə lakonik cavabdan o tərəfə bir söz demək doğru deyil.

– Gəlin, ümumiləşdirməyək. Bu iradınızda bizə aid heç nə yoxdur.

– Dediklərimi hamıya şamil etməsəm də, məhz bu cür danışmağı doğru sayıram.

– Seçkiyə qatılmayan partiyaların planları haradasa maraqlı olduğu üçün bu sualları verirəm…

– Cəmiyyət bizim planlarımızın və mövqeyimizin fərqindədir. Bayaq da dedim, mövqeyimiz ortadadır.

– Yaxşı, dediyiniz müzakirələrdən sonra qərarınız nə vaxt qəbul olunacaq?

– Bunu indidən demək mümkün deyil.

– Yəni müzakirələrin nə vaxt yekunlaşacağı bilinmir?

– Onu bizim sual-cavabımızla müəyyənləşdirmək olmur.

Yenicag.az olaraq, istənilən müsahibimizin fikirlərini maksimal dəqiqliklə yayımlamağa çalışırıq. Buna görə də hələ ki bizə bir irad bildirən olmayıb.

O baxımdan, Mirəlioğlunun mediadan inciməsində pay sahibi olduğumuzu düşünmürük. Belə çıxır ki, KXCP sədri məsələyə fərqli baxır və bizi də fikirlərini təhrif etmiş media orqanlarının sırasında görür.

Ümumiyyətlə, iddialı siyasətçinin media ilə münasibətləri düzgün tənzimləyə bilməməsi çox ciddi qüsurdur. Azərbaycan kimi ölkələrdə isə bu qüsurun mənfi təsiri daha böyük olur.

Çünki siyasi fəallığın minimumdan da aşağı səviyyədə olduğu ölkədə özündən deyən partiyaların mövcudluğunu göstərən yeganə müstəvi mediadır.

Özünü o müstəvidən kənarlaşdıran siyasətçiyə isə deyiləsi söz qalmır…

A. Zeynalov

www.yenicag.az

2128
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM