!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MK-nın divarlarında SSRİ-ni lənətləyən şüarları yazan JURNALİST: “Yaşlı kişi dəmir qutuda rəng gətirdi və...” - FOTOLAR

!Reklam – Yazi

“Həm də arxamdan bərk-bərk tutmuşdular ki, səmadakı helikopetrlərdən mənə atəş açılsa, yerə yıxılmayım”.1990-cı il qanlı yanvar olaylarından sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin divarlarına böyük əks-səda doğuran antisovet şüarların bir qismini yazan jurnalist Səlim Balayev həmin təşəbbüsün necə meydana gəldiyinə dair xatirələrini Yenicag.az-la bölüşüb:

“1990-cı il yanvarın 20-də, saat təqribən 11-12-də bütün Bakı Mərkəzi Komitənin (indiki Prezident Administrasiyası-red.) qarşısına axın etmişdi. İzdihamlı mitinq gedirdi. Biz o zaman tələbə olaraq 1988-ci il Meydan hadisələrindən başlayan Xalq hərəkatının fəal iştirakçıları idik. Biz həmin gün MK binasının pilləkənləri üzərində qurulan tribunanın mühafizəsinə cəlb olunmuşduq.

Artıq çıxışlar edilirdi. Bakıya qoşun yeridərək dinc xalqa qarşı qətliam törətdiyi üçün SSRİ rəhbərliyinin ünvanına ən sərt formada ittihamlar səsləndirilirdi. Mitinqə qoşulanların sayı durmadan artırdı, İstiqlaliyyət və Niyazi küçələri ta “Azneft” meydanınadək insan seli ilə dolmuşdu. Filarmoniyanın qarşısında yol boyu rus tankları düzülmüşdü. MK-nın səması üzərindən hərbi helikopterlər uçur, meydana səpilən vərəqələrdə fövqəladə vəziyyət rejiminə əməl olunması, insanların dağılışması tələb edilirdi.

SSRİ rəhbərliyinə elə böyük nifrət yaranmışdı ki, insanlar birbaşa tribunada Kommunist Partiyasının üzvlük biletini kütləvi şəkildə yandırırdılar, partiya üzvlüyündə qalmağı kimsə özünə sığışdırmırdı… Necə oldusa, mitinqin ən qızğın yerində MK ilə yanaşı olan yaşayış binasının sakinlərindən olan yaşlı bir kişi qırmızı rəngli 3 kiloqramlıq qutunu tribunaya gətirdi ki, divarlara Bakı qətliamına etiraz sözləri yazaq.

Soruşdular ki, kimin yazmaq bacarığı var. O zaman rəhmətlik Azər Qasımzadənin eyniadlı partiyasının orqanı olan “Dirçəliş” qəzeti ilə əməkdaşlıq edirdim. Xəttim pis deyildi. Fırçanı götürüb yazmağa başladım. Doğrudur, nə yazacağımı arxadan deyirdilər: “Горбачов – ты палач!” (“Qorbaçov, sən cəlladsan”), “Советская армия – фашистская армия!” (“Sovet ordusu – faşist ordusudur”), “Долой – КПСС!” (“Rədd olsun Sov.İKP!”)

Həm də arxamdan bərk-bərk tutmuşdular ki, səmadakı helikopetrlərdən mənə atəş açılsa, yerə yıxılmayım. Divarın üst hissəsini başdan-başa yazdım. Qonur rəngli mərmər üzərində qırmızı boya ilə həkk edilən yazılar uzaqdan da aydın oxunurdu…

Axşam komendant saatı başladı, əksəriyyət evinə yollandı. Yanvarın 21-də yenidən şəhər sakinləri Mərkəzi Komitənin qarşısına toplandılar. (Şəhidlərimiz hələ dəfn edilməmişdi. Xalq Cəbhəsi rəhbərliyi hakimiyyətlə onların dəfn edilməsi məsələsini müzakirə edirdi. Dəfn mərasimi hələ yanvarın 22-də olacaqdı).

MK-nın qarşısına gələndə gördük ki, rus əsgərləri həmin yazıları siliblər. Qəzəb daha da artdı. Bu dəfə eyni adam yenə rəng qutusu gətirdi – bu dəfə ağ rəng idi. Həmin sözləri təkrar olduğu kimi silinən hərflərin üzərindən yazdım. Artıq günorta saatları idi. Bir də baxdıq ki, tribunaya peşəkar rəssamlar gəlib. Divar boyu ikinci cərgədən həmin sözlər və şəkillər yazılmağa başladı – Kremlin və Qorbaçovun rəsmi beləcə həkk edildi MK-nın divarlarına. Deyəsən, artıq yuxarılarla da razılığa gəlinmişdi ki, rus əsgərləri o yazılara iki gün toxunmadılar. Şəhidlərimiz dəfn edilən günə qədər onlar insanlarla təmaslardan çəkinirdilər”.

A.Zeynalov

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv