!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MN-də maliyyə YEYİNTİSİ: "Rəhbər şəxsin xəbəri olmadan..." - Hərbi ekspert

!Reklam – Yazi

“Rəhbər şəxsin xəbəri olmadan maliyyə yeyintisi etmək mümkünsüzdür. Maliyyə rəislərinin təkbaşına bu qədər oğurluq həyata keçirməsi ağlasığan məsələ deyil”.

Bu fikirləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Müdafiə Nazirliyində keçirdiyi əməliyyat nəticəsində maliyyə yeyintisinin üzə çıxmasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, DTX-nin keçirdiyi əməliyyat çoxdan hazırlanıb və bu gün yetişdiyi üçün həyata keçirilib:

“Düşünürəm ki, araşdırmalar gedirdi, bizim görmədiyimiz məsələlər var idi, konkret məlumatlar toplanılırdı və dəqiqləşdirmələr aparılırdı. Hesab edirəm ki, məlumatlar öz əksini tapandan sonra DTX əməliyyat keçirdi. Maliyyə rəisləri həbs olundu. Eşitdiyimə görə, saxlanılanların sayı daha çox olub, sadəcə olaraq onların izahatları alınıb və müvəqqəti buraxılıblar. Bunun davamı olacaq. Hesab edirəm ki, DTX-nin elan etdiyi rəqəm sonuncu rəqəm deyil. Araşdırdıqca bu maliyyə yeyintisi faktının artacağı gözlənilir”.

Hərbi ekspertin sözlərinə görə, bu əməliyyatdan təkcə maliyyəçilər yox, həmin qurumun rəhbərləri də öz nəsiblərini alacaqlar:

“Mən də Müdafiə Nazirliyində bir qurumun rəhbəri olmuşam. Maliyyəçi imza çəksə də, həmin qurumun, idarənin rəisi mütləq ondan xəbərdar olur. Rəhbər şəxs ya özü də o sənədə imza çəkir, ya da yoxlayır. Rəhbər şəxsin xəbəri olmadan maliyyə yeyintisi etmək mümkünsüzdür. Maliyyə rəislərinin təkbaşına bu qədər oğurluq həyata keçirməsi ağlasığan məsələ deyil. Hesab edirəm ki, Müdafiə Nazirliyinin başqa idarələrində də bu yoxlamalar gedəcək. Qanunsuz hərəkətlər aşkarlanacaq. Maddi Texniki Təminat xidmətləri üzrə də yoxlamalar keçiriləcək.

Yeni qurum yaranıb – Quru Qoşunları komandanlığı. Müharibədən çıxmış dövlətik. Nə qədər desək də, müharibədən çıxan bir dövlətin maliyyə sıxıntıları olur. Belə çətin vəziyyətdə dövlət başçısı işağldan azad edilmiş yerlərdə hərbi hissələrin tikintisinə vəsait ayırıb. Hesab edirəm ki, əsas korrupsiya tikinti sektorunda baş verib. Araşdırdıqca görəcəyik ki, o maliyyə vəsaitlərinin hamısı əsgərlərimizin rifahı üçün ayrılıb, ancaq kimlərinsə cibinə gedib. Bu çox acınacaqlı məsələdir. Təzə yaranmış Quru Qoşunlarının maliyyə rəisinin saxlanılmasının hansı mesaj verdiyini görəcəyik. Quru Qoşunlarına ayrılan maliyyə istiqaməti üzrə xərclənməyib. Ola bilsin ki, başqa sahələr də yoxlanılacaq. Bu, ilkin açıqlama idi. Saxlanılanların və məbləğin sayının artmasını görəcəyik. Hesab edirəm ki, bu təkcə Quru Qoşunları ilə yekunlaşmayacaq. Başqa bölmələr də var. Onlarda da yoxlamalar aparılmalıdır.

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi var. Evlərin ayrılması, evlərin tikilməsi, şəhərciklərin salınması, əsaslı təmirlərin aparılması tenderlərin yoxlanılması, o sahələrə konkret ayrılmış maliyyənin məbləği hesablanacaq. Müdafiə Nazirliyində alqı-satqı var. Bu da ciddi yoxlanılmalıdır. Müdafiə Nazirliyində müfəttişlər var. Onlar bunlara nəzarət etməli idi. Yerlərə ayrılmış maliyyənin düzgün istifadəsinin nəzarətə götürülməsi, yoxlanması müfəttişlərin birbaşa vəzifəsidir. Görünən odur ki, onlar öz vəzifələrinin öhdəsindən gələ bilməyib. Rüşvət almaqla kifayətlənib, oğurluğa göz yumublar.

Müdafiə Nazirliyinin Maddi Texniki Təminat idarəsi var. Onlar çox böyük sahələri əhatə edir. Silahların alınması, təminat vasitələrinin, ərzağın, geyimlərin alınması və sairə. Əgər digər sahələrdə yeyinti üzə çıxıbsa, bu sahə də yoxlanılsa, yeyinti üzə çıxacaq. Bunu bir ehtimal kimi bildirirəm. DTX-nin gördüyü işə müdaxilə etmək istəmirəm. Sadəcə ehtimallarımı səsləndirdim.

Müdafiə Nazirliyinin Mənzil Komissiyası var. Dövlət başçısı tərəfindən evlər ayrılsa da, elə adamlar var ki, 2-3 mənzil alıb, elə adamlar da var ki mənzil ala bilmir. Yəqin ki, bu şikayətlər nəzərə alınıb, o sahə də yoxlanılacaq”.

Yoxlamalar nəticəsində Müdafiə Nazirliyi rəhbərliyində baş tuta biləcək dəyişikliklərə gəldikdə isə Rövşən Məhərrəmov bunları deyib:

“Bu, araşdırmanın gedişatından asılıdır. Hər sahənin öz rəhbəri var. Hesab edirəm ki, dərindən araşdırma aparılacaq və dövlət başçısına məruzə olunacaq. O hansı qərar qəbul edəcək, bunu deyə bilmərəm. Hər şey araşdırmanın nəticəsindən asılıdır”.

Səxavət Məmməd

www.yenicag.az

4182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv