!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva ilə Kiyevin idarəsindən çıxan SAVAŞ: Rusiya-Ukrayna müharibəsi hansı şərtlər daxilində yekunlaşa bilər? - MÜSAHİBƏ

!Reklam – Yazi

Politoloq Yusif Bağırzadə Rusiya Ukrayna müharibəsi və hazırkı vəziyyətlə bağlı Yenicag.az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Yusif bəy, Rusiya-Ukrayna cəbhəsində gərginlik səngimək bilmir. Tərəflərdən heç biri konkret üstünlük əldə edə bilməsələr də, dayanmağı da düşünmürlər. Sizcə, belə vəziyyət nə vaxta qədər davam edəcək?

– Belə bir məsəl var, deyir, qalib gələ bilmirsənsə, heç olmasa, məğlub olma. Rusiya-Ukrayna cəbhəsində də vəziyyət məhz bu şəkildədir. Müharibə başlayarkən qarşısına qoyduğu hədəflərin, demək olar ki, heç birinə nail ola bilməyən Rusiya indi faktiki olaraq məğlub olmamaq üçün vuruşur. Rusiya bu savaşı “operativ hərbi əməliyyat” adlandırmışdı və ən uzağı bir həftəyə paytaxt Kiyevi nəzarət altına alacağını bəyan etmişdi. Səbəb olaraq isə NATO-nun şərqə doğru genişlənməsinin qarşısının alınması, Ukraynanın NATO üzvlüyünü əngəlləmək idi. Amma nəticədə nə oldu? Müharibəni bir həftəyə bitirəcəyini düşünən Rusiya on beş aydan artıqdır Ukrayna bataqlığında ilişib qalıb, iki yüz mindən artıq əsgər itirib, ölkə indiyə qədər misli görünməmiş sanksiyalar altında əzilir. Üstəgəl, NATO-nun genişlənməsinin qarşısının alınması ilə bağlı planlar da puç olub. Finlandiyanın NATO üzvlüyü ilə Rusiyanın NATO ilə sərhədləri indiyə qədər olduğundan iki dəfə artıq böyüyüb. İndi Finlandiyadan, məsələn, Sankt-Peterburqa qədər olan məsafə Ukraynadan olan məsafədən daha yaxındır.

Vəziyyətin nə vaxta qədər belə davam edəcəyinə gəldikdə isə bunu dəqiq proqnozlaşdırmaq çətindir. Müharibənin bitməsi üçün konkret şərtlər olmalıdır. Başqa sözlə desək, tərəflərdən hər hansı biri məğlub olduğunu bəyan edib geri çəkilməlidir. Hər iki ölkənin müharibənin bitməsi üçün bəyan etdiyi şərtlər ortadadır. Rusiya bəyan edir ki, müharibənin dayanması üçün Qərb Ukraynaya silah tədarükünü dayandırmalı, rəsmi Kiyev NATO və Avropa İttifaqına üzv olmaqdan imtina etməli və bununla bağlı öhdəlik götürməli, Ukrayna yeni ərazi reallıqlarını tanımalı, yəni işğal altında olan və “referendum” yolu ilə Rusiyaya birləşdirilən ərazilərdən imtina etməli, eləcə də rus dili Ukraynada dövlət dili statusu almalıdır. Ukrayna tərəfinin də öz şərtləri var. Bunlar Rusiya qoşunlarının Ukrayna ərazisindən dərhal çıxarılması, keçmiş SSRİ ölkələrinin suverenliyinin tanınması, müharibə cinayətkarlarının ekstradisiyası və Rusiya tərəfindən qanunla rəsmiləşdirilmiş təzminat ödənişlərindən ibarətdir. Göründüyü kimi, hər iki tərəfin də şərtləri elədir ki, indiki halda sülhdən danışmaq imkansızdır.

– Dediniz ki, tərəflərdən biri geri çəkilməyənə qədər müharibə davam edəcək. Bunun üçün nə baş verməlidir? Məsələn, Rusiya hansı halda geri addım ata bilər?

– Rus şovinizmini və bu ölkənin başında Putin kimi idarəolunmaz birinin olmasını nəzərə alaraq deyə bilərik ki, Rusiyanın geri çəkilməsi üçün onun tamamilə məğlub olması və ya müharibəni davam etdirmək gücünün olmadığını dərk edərək vasitəçi dövlətlərə müraciət etməsi lazımdır. Bunun yolu bir tərəfdən Ukraynanın davamlı olaraq silahlandırılmasından və eyni zamanda, Rusiyanın iqtisadi cəhətdən tamamilə çökməsini təmin edə bilməkdən keçir.

– Ukrayna davamlı olaraq silahlandırılır. İqtisadi cəhətdən çökməyə gəldikdə isə Rusiyaya qarşı artıq 10 sanksiya paketi tətbiq edilib. Amma hələ ki real nəticə yoxdur.

– Haqlısınız. Amma nəzərə almaq lazımdır ki, Ukraynanın davamlı şəkildə silahlandırılmasında problemlər var. Məsələn, ABŞ və Qərb Ukraynaya lazım olan hərbi texnikanı çatdırmaqda xəsislik edir və proses olduqca ləng gedir. Uzaqmənzilli silahların verilməsindən isə bəzi hallarda ümumiyyətlə, imtina edilir. Mən davamlı şəkildə silahlandırmağın vacibliyini deyəndə məhz daha mükəmməl və Rusiya raket və dronlarının qarşısını ala biləcək sistemləri, uzaqmənzilli silahları nəzərdə tuturam. Bu silahlar gəldikcə Ukrayna daha da güclənəcək. Baxın “Patriot” sistemlərinin Ukrayna təhvil verilməsindən sonra Rusiya özünün ən güclü “Kinjal” raket sistemlərini işə salmaq məcburiyyətində qaldı. Bu olduqca bahalı texnikadır və “Patriot”lar tərəfindən zərərsizləşdirilən hər belə bir sistem Rusiyaya yerini doldura bilməyəcək qədər ziyan vurur.

Sanksiyalara gəldikdə isə burada da vəziyyət istənilən şəkildə deyil. Düzdür tətbiq olunan sanksiyalar Rusiyanın iqtisadiyyatına olduqca böyük ziyan vurur, amma nəzərə almaq lazımdır ki, Rusiyanın gəlir mənbəyinin böyük hissəsini neft və qaz satışından əldə olunan vəsait təşkil edir. Qərb ölkələrinin Rusiya qazından asılılığı isə davam edir. Hətta Rusiya neftindən belə tam olaraq imtina edilməyib. Əgər Qərb Rusiya neftindən tamamilə imtina etsə, qaz problemini həll edə bilsə, eləcə də nəzərdə tutulan on birinci sanksiya paketini qəbul edə bilsə, o zaman Rusiyanın başı çox böyük dərddə olacaq. Rusiyada onsuz da sənayə sahələrinin bir qismi fəaliyyətini dayandırıb. Dediyim addımlar atılacağı halda, hərbi sənaye kompleksinin bir çox müəssisəsi də fəaliyyətini dayandıracaq. Belə olsa, Rusiya ən çoxu altı ay ayaqda qala bilər.

– Bəs elə isə problem nədədir? Lazımi silahların verilməsi, neftdən imtina, yeni sanksiyanın tətbiqi niyə gecikdirilir?

– Rusiya-Ukrayna savaşı ucbatından milli maraqları zərbə altında qalan dövlətlərin və iflas təhlükəsi ilə üzləşən nəhəng şirkətlərin sayı hər nə qədər çox olsa da, bu savaşdan faydalanan ölkələr, eləcə də müharibə fəlakətləri sayəsində çoxlu gəlir əldə edən şirkətlər, daha da varlanan biznes dairələrinin də sayı kifayət qədərdir. Hətta beynəlxalq sanksiyalara məruz qalan Rusiyada da belə Ukrayna savaşı başladıqdan sonra milyarderlərin sayı azalmaq əvəzinə, daha da artıb. Bu sıraya daxil olan dövlətlər və biznes dairələri Ukrayna savaşının davam etməsində maraqlıdır.

Digər tərəfdən, artıq bir neçə aydır üzərində işlənilən və özündə ixraca nəzarəti, investisiyaların yoxlanılması mexanizmlərini, pilotsuz uçuş aparatlarının istehsalı üçün müvafiq texnologiyalarla bağlı məsələləri ehtiva edən on birinci sanksiya paketinin qəbulunda da problemlər var. Bu paket ABŞ və Avropa İttifaqı arasında razılaşdırılmasına baxmayaraq, qəbul oluna bilmir. Çünki Macarıstan uzun müddət idi həmin sanksiyalar paketinin qəbuluna veto qoyurdu. İndi isə Yunanıstan da Macrıstana qoşulub. Afina Kiyevin sanksiyalar tətbiq etdiyi yunan şirkətlərinə qarşı sanksiyaların götürülməsini tələb edir. Başqa sözlə, indi Macarıstan və Yunanıstan sanksiyalara əməl etmək zərurəti üzündən iqtisadiyyatlarını itkilərdən qorumaq üçün birgə siyasi rıçaqlardan istifadə edir. Çünki əvvəlki on sanksiya Rusiya iqtisadiyyatını sarsıtmağa yönəlmişdisə, indi növbəti sanksiya ilə Avropa İttifaqı həm də ayrı-ayrı dövlətlərin əvvəlki sanksiyalardan yan keçmək imkanlarını əngəlləmək istəyir. Yəni yeni sanksiya paketi Moskvaya ticarət embarqosundan yayınmağa kömək edən Avropa İttifaqına üzv ölkələri də hədəfə ala bilər. Ona görə də Avropa İttifaqı daxilində bu məsələdə fikir ayrılığı və çatlar meydana gəlib. Avropanın bir qism ölkələri Moskvaya qarşı müstəqil siyasət yeritmək imkanlarını qoruyub saxlamağa çalışır. Məsələn, Serbiya Avropa İttifaqı üzvlüyünə namizəd ölkə olmasına baxmayaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edir. Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin müstəqil siyasət yeritməsindən və Avropada “tarixin ən ağır təzyiqlərinə baxmayaraq”, Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyindən qürur duyduğunu bildirib. Vuçiç deyir ki, biz Rusiyanın əyaləti deyilik, amma ABŞ və Avropanın müstəmləkəsi də olmayacağıq.

Gördüyünüz kimi, həm Rusiyaya, həm də Ukraynaya münasibətdə fikir ayrılıqları var. Bu kimi fikir ayrılıqları olduğu müddətdə isə, təbii ki, həlledici addımları atmaq çətin olur.

– Rusiya da məhz bundan istifadə edərək hələ ki ayaqda qala bilir.

– Bəli, elədir. Rusiya bundan məharətlə istifadə edir. Baxın Rusiya Donbasın timsalında Ukraynanın bir hissəsini ələ keçirib, ilhaq etdiyi Krım yarımadasına quru yolunu təmin edib. Kreml belə vəziyyətdə və indiki şərtlər altında Ukraynada savaşın dayanmağına nail olarsa, bu, Rusiya üçün planlaşdırılmış tam hərbi zəfər olmasa da, hər halda, uduşlu situasiyadır. Avropa Birliyi daxilində Ukrayna savaşına münasibətdə müşahidə olunan çatlar, Rusiyanın bu variantı reallaşdırmasına əlavə dəstək rolunu oynaya bilər.

Ancaq Rusiyanın Ukrayna savaşında ələ keçirdiyi “qənimətləri” də götürüb kənara çəkilməsinə əngəl törədə biləcək önəmli faktorlar da mövcuddur. Belə ki, Ukrayna savaşının sona çatacağı vaxtı indi nə Rusiya, nə Avropa Birliyi, nə də Ukrayna müəyyən edir. Bunun baş verməsi üçün, ilk növbədə, ABŞ və Böyük Britaniya savaşın dayandırılmasına razılıq verməlidir. ABŞ və Böyük Britaniyanın isə indiki həlledici məqamda Rusiyaya belə bir şans tanıyacağı qətiyyən inandırıcı görünmür.

Söhbətləşdi: Səxavət Məmməd

www.yenicag.az

9665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv