!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın "vasitəçilik" TƏLAŞI: "ABŞ elə bir güclü gediş edib ki, bunun qarşılığında Rusiyanın..."

!Reklam – Yazi

“ABŞ Rusiyadan fərqli olaraq, Azərbaycanın mövqeyinə daha yaxın olan sülh müqaviləsi variantını təklif edir”

Bu fikirləri Azərbaycanla Ermənistan arasında nizamlama prosesində ABŞ və Rusiyanın iştirakını dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ bu çərçivədə elə bir güclü gediş edib ki, bunun qarşılığında Rusiyanın adekvat cavab həmləsinə imkanı olmayacaq:

“Açıq şəkildə deyə bilərik ki, mövcud şəraitdə ortamı gərginləşdirən Rusiyadır. Bu fonda nizamlama prosesinə daha ciddi və səmimi yanaşan tərəf isə ABŞ-dir. Yəni Rusiya Cənubi Qafqaz regionunda imperialist ədasından əl çəkmək istəmir. Zənnimcə, hazırda ABŞ elə bir güclü gediş edib ki, bunun qarşılığında Rusiyanın adekvat cavab həmləsinə imkanı olmayacaq. Olsa da, bu cavab formal xarakter daşıyacaq.

Belə düşünürəm ki, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri sülh müqaviləsinin konseptual çərçivəsini razılaşdıra bilər. Hətta o da istisna deyil ki, ən prinsipial məsələlər üzrə də konsensus əldə edilsin. Bundan sonra sülh müqaviləsinin tam razılaşdırılması və imzalanması üçün ABŞ Azərbaycan ilə Ermənistan liderlərinin görüşünü də öz ərazisində təşkil etmək niyyətindədir.

Ona görə də Rusiya indidən təlaşdadır. Göründüyü qədər, Rusiya nə istədiyini özü də bilmir. Rusiya rəsmiləri hər imkanda bildirirlər ki, sülh müqaviləsi üçtərəfli anlaşmaların əsasında hazırlanmalıdır. Yaxşı, Rusiya üçtərəfli razılaşmalarda üzərinə götürdüyü hansı öhdəliyə əməl edib ki, indi bu iddiaya düşüb? Ermənilərin terrorçu dəstələri hələ də Qarabağda qalır, Zəngəzur dəhlizi açılmayıb, bunlar azmış kimi, Moskva Laçın yolunda qoyulan nəzarət-buraxılış məntəqəsinə utanmadan etiraz edir.

Dünya artıq Azərbaycanı Cənubi Qafqazın əsas dövləti hesab edir. ABŞ isə Rusiyadan fərqli olaraq, Azərbaycanın mövqeyinə daha yaxın olan sülh müqaviləsi variantını təklif edir. Rusiya nə qədər çalışsa da, bu prosesi pozmaq cəhdləri nəticə verməyəcək”.

A.Zeynalov

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv