!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvaya DRON HÜCUMLARI: Rusiyanın imicinə CİDDİ ZƏRBƏ və HEGEMONLUĞUN SONU

!Reklam – Yazi

Son həftələr Ukraynanın Rusiyaya qarşı dron hücumları nəzərəçarpacaq dərəcədə artıb, Ukrayna prezidenti Vladimir Zelenski hələ iyulun sonunda bildirmişdi ki, “müharibə Rusiya ərazisində aparılacaq”. Görünür Ukrayna prezidenti bu mesajı verərkən məhz Rusiyanın dronlarla vurulacağına işarə edirmiş.

Yenicag.az xəbər verir ki, Kiyev dron hucumlarına ara vermir. Demək olar ki, hər gün Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfindən Rusiya ərazisinə dron hucumu olması ilə bağlı məlumatlar yayır. Doğrudur, Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ərazisinə təşkil olunan dron hücumları müharibənin sona çatması üçün həlledici rola malik deyil. Amma Kiyev bu addımı atmaqla Moskvanın ambisiyalarının üstündən xətt çəkməklə yanaşı, həm də daxildəki gərginliyi artırmağa hədəfləyir.

Kiyevin Moskvaya qarşı düzənlədiyi PUA hücumlarını ilk növbədə Kremlin nüfuzuna vurulan taktiki addım kimi qiymətləndirmək olar. Belə ki, Ukrayna PUA-ların Moskva səmalarında uçması bu ölkə haqqında dünyada, o cümlədən keçmiş sovet ölkələrində formalaşan “qüdrətli dövlət” imicinə ciddi zərbə vurur. Digər yandan Rusiya-Ukrayna müharibəsi, savaş öncəsi birinci haqqında formalaşan mifi darmadağın edir. Eyni zamanda, bu müharibə Rusiyanın post-sovet məkanında hegemonluq mənzərəsini ayaqlar altına sürüşdürür. Ukrayna müharibəsi hər ötən gün Rusiya hegemoniyasını addım-addım məhv edir və sıradan çıxarır.

Rusiyanın düşdüyü durumdan ilhamlanan digər postsovet respublikaları artıq, uzun illərdir Moskva ilə uzlaşdırdıqları siyasətə yenidən baxmaq və korrektə etmək istəyini belə gizlətmirlər. Xüsusən də hər zaman Moskvanın tumarını başında hiss edən Ermənistan artıq Kremldən İrəvana haray olmayacağını dilə gətirməklə, sürətlə Rusiyadan uzaqlaşmaq siyasəti yürüdür. Bu isə o deməkdir ki, dünyada təklənən Rusiya varlığını sürdüyü regionda əriyir. Hadisələrin bu cür gedişatı deməyə əsas verir ki, Moskva istəməsə də belə, MDB dövlətləri üzərində iki əsrdir həyata keçirdiyi hegemoniya siyasəti ilə vidalaşmaq məcburiyyətində olacaq.

Dronların tez-tez Moskva səmalarında görünməsi paralel olaraq Putinə qarşı daxili gərginliyi artıra bilər. Bəllidir ki, Ukrayna müharibəsi başladığı gündən rusiyalı oliqarxlar öz dövlətləri kimi dünyadan təcrid olunmaqla, həm də milyardlarla sərmayələr itirdilər. Rus milyarderlərin böyük məbləğdə pul itirməsi onlar üçün ciddi fəlakət sayılacaq. Bu müddət ərzində Putinə qarşı səslərini çıxara bilmədilər. Bu qədər kapital itirmələrinə baxmayaraq oliqarxların rus liderə qarşı çıxmamaları, heç də onların Rusiya dövlətçiliyinə bağlılıqları ilə yaxud da, Putinə olan sonsuz sədaqətli olmalarına bağlı deyil. Onlar üçün sərvət Rusiya dövlətindən və Putindən daha önəmlidir. Sadəcə olaraq rus milyarderlərin demək olar ki, əksəriyyəti məhz Putinin himayəsi altında böyük sərmayələr əldə etdiklərindən, Putindən həm qorxurlar, həm də gözükölgəli olduqlarından “bunker baba”ya qarşı səslərini çıxara bilmirlər.

İndi isə vəziyyət fərqlidir. Ukraynanın Rusiya ərazisinə göndərdiyi dronların sayəsində rusiyalı milyarderlərin özlərinin və ailə üzvlərinin canları təhlükə altına düşə bilər. Belə olduğu halda isə rus olliqarxların bir araya gələrək Putindən, “sayəndə sərvətimiz məhv oldu dinmədik, indi isə həyatımızı PUA-ların hədəfində, xilas et!” kimi fikirlər irəli sürmələri mümkündür. Bu cür tələblərin olliqarxlar tərəfindən qaldırılması isə güman ki, həm də zənginlər tərəfindən Kreml şefinə qarşı daxildə bir müqavimət hərakatı yarada bilər. Məsələnin bu həddə çatması Putinin daxildəki dayaqlarını tez bir zamanda sıradan çıxaracağını qaçılmaz edir.

Bu səbəbdən Ukrayna PUA-larının tez-tez Rusiya səmalarında uçuşması həm dövlət olaraq Rusiyanın, həm də fərd olaraq Putinin zərərinə işləyir. Bunlar bilindiyi halda isə hələ ki, Putinin bu hucumların qarşısını alması mümkünsüz görünür.

Elçin Abdullayev

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv