!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə Nazirliyindən könüllülərə ABSURD CAVAB: “Döyüş zamanı silahlar sizə qeyri-qanuni verilib” - İLGİNC İDDİA

!Reklam – Yazi

Vətən Müharibəsində çağırışçılar, qismən səfərbərliklə ordu sıralarına cəlb edilənlərlə yanaşı, könüllülər də fəal iştirak edib.

Könüllülər daha çox Birinci Qarabağ müharibəsinin iştirakçıları, əraziləri yaxşı tanıyan şəxslərdən ibarət olub. Aralarında Birinci Qarabağ müharibəsində iştirak etməyib, səfərbərlik xətti ilə çağırılmayıb, öz istəyi ilə cəbhəyə yollananlar da az deyildi. Ağdam, Füzuli, Xocavənd, Laçın və digər rayonlardan olan könüllülər cəbhənin demək olar, bütün istiqamətlərində gedən döyüşlərdə iştirak ediblər. Onların müəyyən hissəsi birbaşa döyüş əməliyyatlarına qatılmasalar da, bütün hallarda ön xətdə xidmət keçiblər.

Füzuli rayonundan olan könüllülərin bir qismi Zahir Həsənovun komandirliyi altında Vətən Müharibəsində iştirak ediblər. Bunu xüsusi vurğulamağın səbəbi odur ki, Füzuli rayonundan olan könüllülər döyüşçü kimi qeydiyyata alınıblar və onların hərbi biletlərinə müharibə iştirakçısı qeydi yazılıb.

44 günlük müharibənin gedişində Ağdamdan olan 44 könüllü hər gün düşmənlə üzbəüz postlarda döyüş növbəsi tutublar. Ağdamdan olan könüllüdən 2 nəfər şəhid olub, 1 nəfər isə yaralanıb. Müharibə vaxtı hər gün saat 16:00-dan posta çıxan könüllülər səhərə qədər oranı tərk etməyiblər. Həmin ərazidəki zabitlər də həmin könüllülərin fəaliyyətin yüksək qiymətləndiriblər.

Bəzən deyirlər ki, Ağdam könüllüləri ancaq postlarda dayanıblar və bu faktdan onların xidmətini kiçiltmək üçün istifadə edirlər. Lakin məsələ ondadır ki, Ağdam istiqamətində demək olar, hər gün mövqe döyüşləri gedib, bir neçə dəfə düşmənin diversiya qrupları postlara basqın edib və bu hücumların hamısının qarşısı alınıb. Təbii ki, düşmən hücumunun dəf edilməsində könüllülərin böyük rolu olub. Yeri gəlmişkən, həmin könüllülər postlara çıxarkən bölüklərdən onlara silahlar verilib.

Bütün bunları niyə yazıram? Ona görə ki, Ağdam könüllüləri hələ də heç bir yerdə qeydiyyata alınmayıblar. Müraciət etmədikləri dövlət qurumu qalmayıb. Müdafiə Nazirliyində yaradılmış komissiyaya bəlkə də 20 dəfə gediblər və hər dəfəsində də onlara “həll ediləcək” cavabı verilib. Məsələ ilə bağlı bir dəfə Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxadıqda rəsmi şəkildə bildirdilər ki, komissiya bu məsələni araşdıracaq. Aylardır, hər kəsin gözü qarşısında olan bir məsələyə komissiya niyə reaksiya vermir? Bəlkə verə bilmir?

Yaxşı, müharibənin gedişində onlara silah verərkən, şəhid olarkən, yaralanarkən, şəxsi maşınları mərmidən məhv olarkən o könüllülər yaxşı idilər, müharibə bitəndən sonra pis? Bu, nə münasibətdir?

Bir neçə gün əvvəl könüllülərdən aldığım məlumata görə, Müdafiə Nazirliyindən onlara zəng edilib və bildirilib ki, müharibənin gedişində sizə silah verilməsi qeyri-qanuni olub (!?!) Adama sual verərlər, 44 gün qeyri-qanuni əməl olar? 44 gün döyüş postuna çıxmaq qədər qeyri-qanuni iş olar? Məntiq hanı? Təxminən bir ay öncə könüllülərin şəxsiyyət vəsiqələri yığıldı. O zaman bir ümid yarandı ki, artıq məsələ öz müsbət həllini tapıb. Bir neçə gün öncə isə məlum olur ki, könüllülərə “Fəxri fərman” yazılıb. “Fəxri fərman”ın tarixi isə 2021-ci il yanvarın 22-ni göstərir. Necə olur ki, o “Fəxri fərman” sahiblərinə 3 ay sonra təqdim edilir?

“Fəxri fərman”da yazılır:

“Vətən Müharibəsində könüllü iştirak edərək fədakarlıq göstərdiyinə və arxa cəbhədə döyüş təminatı tapşırıqlarınının yerinə yetirilməsində fərqləndiyinə görə Təltif Olunur”.

Əgər könüllü işitak qeyd olunubsa, həmin şəxslərin hərbi biletlərinə niyə zəruri qeydlər yazılmır? Yəni bu “Fəxri fərman” onu göstərir ki, korpus komandiri Hikmət Həsənovun belə o könüllülərin məsələsindən xəbəri var. “Fəxri fərman”da diqqət çəkən digər məqam isə “arxa cəbhə” ifadəsidir. Düşmənlə üzbəüz qurulmuş postlar nə zamandan arxa cəbhə olub? Ön cəbhə təkcə əməliyyatların getdiyi ərazi sayılmır axı…

Əsgərlərə yardım aparanlara da “arxa cəbhədə fəaliyyətinə görə” “Fəxri fərman” verilsin, düşmənlə üzbəüz dayananlara da? Bu, nə qədər ədalətlidir? Könüllülər arasında özəl şirkətlərdə və dövlət qurumlarında işləyənlər var. Prezidentin sərəndamı ilə onlar həmin ərazidə xidmətdə olduqları üçün maaşları verilməkdə davam edib. Müharibə bitib, şirkətlər də maaşları verdikləri üçün haqlı olaraq onlardan müvafiq sənəd tələb edirlər. Adamlr medal, ya da “Fəxri fərman” yox, Vətən Müharibəsində iştiraklarını təsdiqləyən rəsmi arayəş istəyirlər. Bu, yəni belə çətin işdir?

Həmin könüllülər arasında artıq intihar həddinə çatan şəxslər var. Müdafiə Nazirliyinin, “N” saylı Ordu Korpusu komandanlığının borcudur ki, həmin könüllülərə o arayışı versiin. Doğrudur, onlar heç bir təmənna güdmədən Vətən uğrunda döyüşüblər. Ancaq insanların xidmətini düzgün qiymətləndirək lazımdır. O zaman heç kimə medal verilməsin, maaşları ləğv olunsun ki, Vətən üçün xidmət edirsiniz. Absurd deyil?

Məsələni diqqətdə saxlayacağıq.

Səxavət Məmməd

www.yenicag.az

1511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv