“Şagird və abituriyentlərin dərsdən sonra öz doğma məktəblərində məşğələyə getmələri valdiyenləri maddi yükdən azad edə bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında şagird və valideynlərin özəl hazırlıq kursları və repetitorların “əsarət”indən çıxarılması yollarından danışan sosial sahə üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspertin sözlərinə görə, şagirdlər üçün özəl hazırlıq kurslarında və repetitor qiymətlərinin bahalığı valideynləri çətin vəziyyətə salır:
“Kurslarda qiymətin baha olmasına icarəyə götürülən obyektlərin qiymətlərinin yüksək olması, vergi və kommunal ödənişlər, müəllimlərə ödənilən qonararlar və ən əsası, kursları təşkil edən iş adamlarının daha çox qazanmaq istəyi təsir edir.
Lakin yüksək məbləği ödəmək hər valideyn üçün əlçatan deyil. Bundan əlavə, hər hazırlıq müəlliminin dərs dediyi məkanın fərqli yerlərdə olması da məsafə və vaxt baxımından, səmərəsizdir.
Ona görə də, ən səmərəli yol hər bir orta məktəbdə ikinci növbə hazırlıq kurslarının açılmasıdır”.
Ekspert hesab edir ki, iqtisadi baxımdan məktəblər dövlətə məxsus olduğu üçün icarə və kommunal ödənişlərdən azaddır. O səbəbdən, kurslara tətbiq olunan qiymətlər digər özəl hazırlıq kurslarından ən azı 2 dəfə ucuz hesablanmalıdır:
“Şagird və abituriyentlərin dərsdən sonra öz doğma məktəblərində məşğələyə getmələri daha məqsədəuyğundur. Bu addım reallaşarsa, orta məktəb büdcəsinə əlavə gəlirlər gələcək, müəllimlər üçün əlavə iş yeri olacaq. Eyni zamanda, övladını hazırlığa qoyan valideyin də maddi və məsafə baxımından, xeyli yüngülləşəcək. Həmçinin bu addım bir sıra sosial problemlərin aradan qalxmasına öz müsbət təsirini göstərəcək”.
Gülşən Şərif