!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəmmalı qəzanın İLDÖNÜMÜ: “Aydın Məmmədov çıxışı ilə Moskvadan gələnlərin ağzından elə vurdu ki...” – Firudin Cəlilov

!Reklam – Yazi

“1990-cı ildə millət vəkili seçilən Dilarə Əliyeva parlamentdə də fəallığı ilə seçilirdi və xalqın sözünü cəsarətlə deyirdi”.

Bu fikirləri 1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında həlak olan dəyərli ziyalılarımız Dilarə Əliyeva ilə Aydın Məmmədov haqqında xatirələrini Yenicag.az-la bölüşən sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

Onun sözlərinə görə, hər iki ziyalı Azərbaycanın yeni tarixində xüsusi yer tutan şəxsiyyətlərdir:

“Kim nə deyir-desin, bizim milli azadlıq hərəkatında əsas qüvvə ziyalılarımız, aydınlar olub. Ümumiyyətlə, sosial toplumlarda bir qanun var ki, hərəkata qoşulan hər yüz nəfərdən onu ideoloq, qalan doxsanı isə ideyanın daşıyıcılarıdır. Rəhmətlik Dilarə Əliyeva ilə Aydın Məmmədov da ötən əsrin 80-ci illərinin ortalarından sonra çox güclü ideya daşıyıcıları kimi formalaşmışdılar.

Qarabağ məsələsi ortaya çıxanda isə onların hər ikisi əksər ziyalılarımız kimi, milli-azadlıq hərəkatının fəal iştirakçılarına çevrildilər. O dönəmdə xanımlar da bəylərlə birlikdə çox aktiv fəaliyyət göstərirdilər və Dilarə xanımın yaratdığı qadın təşkilatı bu gün də mövcuddur, onun adını daşıyır. Dilarə xanım professor idi. Xüsusilə Azərbaycan-Gürcüstan ədəbi əlaqələri üzrə, bəlkə də, yeganə mütəxəssis kimi böyük elmi işlər görürdü. 1988-ci ilin Meydan Hərəkatı vaxtı biz Nümayiş Komitəsi yaratmışdıq və Dilarə xanım orada qadın qrupuna rəhbərlik edirdi. 1990-ci ildə millət vəkili seçilən Dilarə Əliyeva parlamentdə də fəallığı ilə seçilirdi və xalqın sözünü cəsarətlə deyirdi.

Həmkar olduğumuz üçün rəhmətlik Aydın Məmmədovu da yaxından tanıyırdım, münasibətimiz vardı. O, universiteti fərqlənmə ilə bitirdiyi üçün daha sonra təhsilini Moskvada davam etdirdi. Azərbaycana qayıtdıqdan sonra geniş elmi fəaliyyətlə məşğul olmağa başladı. Bir ara rus alimləri Azərbaycanda olan “Dirçəliş” hərəkatının elmi qanadını boğmaq üçün dəstə-dəstə Bakıya gəlirdilər, Elmlər Akademiyasından onları dəvət edənlər, bizim əleyhimizə danışdıranlar vardı. Tarix İnstitutunda bu hal özünü daha qabarıq göstərirdi – həmin institutun ovaxtkı direktoru bu işlərlə məşğul olurdu. Yəni indiki anlamda desək, “beşinci kolon” o zaman çox güclü idi.

Orada təşkil olunan müzakirələrin birində rəhmətlik Aydın bəy çox gözəl bir çıxış etdi. Moskvadan gələnlərin ağzından elə vurdu ki, onlar Bakıya gəlmələrinə peşman oldular. Məmmədcəfər Cəfərov akademik-katib seçildikdən sonra onu özünə köməkçi apardı. İki milli adamın rəhbər vəzifədə olması bu sahədə vəziyyəti dəyişdi. Onların dəstəyi ilə milli tariximiz və soykökümüzlə bağlı müxtəlif konfranslar, başqa tədbirlər təşkil olundu. Məhz o dövrdən sonra biz cəmiyyətə mesaj verməyə başladıq ki, tariximiz daha əvvəlki kimi yazılmayacaq. Yəni bizim bu torpaqlarda “gəlmə” olduğumuzu iddia edən saxta elmi tezislər zibilliyə atılmalıdır. Biz heç yerdən gəlməmişik, əvvəldən bu torpaqlarda yaşamışıq.

Aydın bəyin milli-azadlıq hərəkatında ən böyük xidməti bu oldu ki, o, orta xəttin təmsilçisi kimi özünü göstərdi. Hesab edirdi ki, bizim Qarabağ kimi məsələmiz varsa, hakimiyyət uğrunda mübarizəni kənara qoyub birlikdə o problemin həllinə çalışmalıyıq. Yuxarıda da dedim, hər ikisi parlamentdə çox aktiv idilər.

Rəhmətlik ölümündən iki gün əvvəl mənə dedi ki, Firudin, məni öldürəcəklər. Ona zarafatla cavab verdim ki, yaxşı, gəlib Şəkidə bozbaşını yeyərik. Qayıtdı ki, zarafat eləmirəm, bəzi məsələlər var. Soruşdum, amma dedi ki, ayrı vaxt bu barədə danışarıq. Amma buna artıq imkanımız olmadı. Aydın bəyin ölümündən çox sonra bu qənaətə gəldim ki, o iş respublika rəhbərliyi, konkret olaraq, Azərbaycanın ikinci katibi Polyaniçko ilə, onların ermənilərə göstərdiyi xidmətlərlə bağlıdır. Bu məsələlərə görə onları aradan götürdülər.

Mən Qax rayonuna, onların avtomobil qəzasına düşdüyü əraziyə də getdim. Gördüm ki, qəzadan bir gün sonra oradakı yolu asfaltlayıblar. Yerli sakinlər danışırdılar ki, qəzadan bir neçə gün əvvəl o yola motor yağı tökülmüşdü, gələn maşınlar sürüşüb yoldan çıxırdılar. Qəza vaxtı isə rəhmətliklərin maşını o yerə çatanda yola donuz sürüsü çıxıb, sürücü onlardan yayınmaq istəsə də, yol sürüşkən olduğu üçün qəza baş verib. Mən orada başa düşdüm ki, bu, təsadüfi qəza yox, sui-qəsddir.

Allah hər ikisinə rəhmət eləsin, ruhları şad olsun. Xalqımız üçün böyük itki oldu”.

A.Zeynalov

www.yenicag.az

2182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv