“Azərbaycanda müğənnilərin qazanclarına müvafiq olaraq vergi ödəmələrinə nail olmaq üçün onlar üzərində təzyiqləri artırmaq lazımdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ölkəmizdə şou-biznes əhlinin, müğənnilərin hələ də vergidən yayınmalarına qarşı nə kimi addımların atılmalı olduğuna münasibət bildirərkən, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.
Ekspert həmçinin əminliklə vurğulayıb ki, şou-biznes əhli, müğənnilər qazanclarının az qala 80 faizini dövriyyədən yayındırır:
“Müğənnilərin qazanclarına müvafiq olaraq vergiyə cəlb olunması məsələsi çox mürəkkəbdir. Təəssüf ki, Azərbaycan cəmiyyətində ümumiyyətlə, vergi mədəniyyəti hələ də formalaşmayıb. Çünki ödənilən vergilərin hansı istiqamətlərə xərclənməsi hər zaman sual doğurur. Yəni vəsaitlərin idarə edilməsinə inam olmadığından ölkəmizdə vergi mədəniyyəti və institutu da formalaşmayıb. Nəticədə bütün sahələrdə olduğu kimi, şou-biznes sahəsində də həmin məsələdə bənzər yanaşma hökm sürür. Onların sürdüyü avtomobil, yaşadıqları mənzillərin dəyərini, ailə xərclərini müqayisə etsək, müğənnilərin həqiqətən də çox qazandığını görə bilərik. Onlar bu ölkənin yaratdığı imkanlar sayəsində qazanırlar. Amma təəssüf ki, vergi mədəniyyəti və təfəkkürü formalaşmadığından, müğənnilər də ümumən vergidən yayınmağa üstünlük verir. Əslində şou-biznes nümayəndələri vergini ödəməklə, onlara bu imkanı verən vətəndaş qarşısında öz öhdəliyini yerinə yetirmiş olarlar. Lakin Azərbaycanda hələlik hökumətin özü belə aldığı pulu normal xərcləmir ki, insanlarda vergi ödəmə prinsipi formalaşsın.
Xaricdə vergi ödəyən şəxs bununla qürur duyur. Ölkəmizdə isə vergi ödəyənə əslində adamı, arxası olmayan biri kimi baxırlar. Şou-biznes sahəsində də bu imkanlar daha üstündür. Həmin sahədə çalışanlar xalq və maraqlı tərəflər arasında müəyyən qədər tanınanlardır. Nəticədə müğənnilər öz əlaqələrindən sui-istifadə etməklə vergi öhdəliklərindən ümumən boyun qaçırmağa, lazım olan sənədləşmələri yerinə yetirməkdən yayınmağa, dövriyyələrini gizlətməyə nail olurlar. Müğənnilərin məşhurluğu fonunda vergiyə nəzarət edən qurumlar da onların vergidən yayınmalarına göz yumur. Hər şey bir-birinin ardınca formalaşır. Azərbaycanda leqal dövriyyə institutu formalaşmayıb. Hamı çalışır ki, vergidən yayınsın. Müğənninin xidmət göstərdiyi restoran, şadlıq evləri də qanuni işləməli, əyləncə obyektləri müğənnilərdən vergi ödənişinə görə müqavilə istəməlidirlər. Anoloji tələbi müğənni də şadlıq evləri sahiblərindən istəməlidir. Yəni proses qarşılıqlı olmalıdır. Sonda da həmin sənədlər aidiyyatı qurumlara təqdim olunmalıdır. Nəticədə həmin sənədləşmələr əsasında müğənnilər də vergi ödəməlidir. Lakin indiki halda tərəflərdən hər biri verginin gizlədilməsinə çalışır. Müğənni, onun xidmət göstərdiyi müəssisə də prosesin məhz bu cür olmasında maraqlıdır. Ona görə də, hələ ki müğənnilərin vergiyə tam şəkildə cəlb olunması çətin məsələdir”.
R.Həsənov müğənnilərə münasibətdə sabit vergi yükünün tətbiq edilməsini problemin indiki halda həlli istiqamətində ən uğurlu çıxış yolu hesab edir:
“Problemin həlli üçün müəyyən audit yoxlamalarının aparılması mümkündür. Məsələn, müğənnilərin faktiki olaraq əldə etdiklərini müəyyənləşdirmək üçün onlardan gəlir bəyannaməsi tələb etmək lazımdır. Azərbaycanda isə 20 ildir ki məmurlara belə gəlir bəyannaməsi verməyin vacib olduğunu anlada bilməmişik. Belə olan halda həmin məmur müğənnidən hansı üzlə vergi ödənilməsini tələb edəcək? Yəni proses bir-birilə bağlıdır. Ona görə də, müğənnilərin gəlirlərinə adekvat olaraq tam həcmdə vergiyə cəlb olunmasına nail olmaq üçün müvafiq yolu hələlik görmürəm. Ola bilər müğənnilərə, şou əhlinə münasibətdə sabit vergi yükü tətbiq edilsin. Müğənniləri populyarlıq və digər əlamətlərə görə bir neçə kateqoriyaya bölməklə, işləsə də, işləməsə də sabit vergiyə cəlb etmək olar. Heç olmasa məhz bundan sonra gəlir bölgüsündə ədalət təmin edilə bilər”.
Qeyd edək ki, Azərbaycanda müğənnilər daha çox qazananlar kateqoriyasına aid olsalar da, onların bunun müqabilində dövlətə ödədiyi vergilər qazancları ilə müqayisədə çox cüzidir. Hələ də bu kateqoriyadan olan insanlar vergi məsələsində qanuna müvafiq addımlar atmaqdan yayınırlar. Müğənnilərin vergini tam həcmdə ödəmədiyini bu günlərdə mətbuata açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov da bildirib: “Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur”.
ELÇİN