!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibə yaşlandırır... - Baş leytenant İqbal Səfərov yazır

!Reklam – Yazi

Müharibə insanı nə günə salır, illərlə ağarmayan saçların, üzünün tükü sanki ağarmaqda bir-biri ilə yarışır….

O dönəmdə telefonda öz şəklimi çəkib baxanda özüm belə inana bilmirdim.. Şok keçirirdim… Elə şəkil olub, bir də çəkmişəm, bir də, bir də…

Axı nə baş verir?? İl keçməyib, il nədir?! Axı heç bir ay da keçməyib…

Bax budur müharibə… Özün belə inana bilmirsən, hansı sürətlə baş verir özündəki dəyişiklik…

Laçın dəhlizində itkin düşənə qədər bunun fərqinə varmamışdım.

Çətin idi hər şey, aclıq, susuzluq halları olurdu. Dodağımın bir damcı suyla təmasının xəyalını belə qurduğum anlar olub, xatirimdədir.

O gün gələnə qədər bir saniyədə bir milyon fikrin eyni anda başımda fırlandığını heç vaxt yaşamamışdım. Elə sürətlə dəyişirdi ki planlarım, verəcəyim qərarlar… Bir plan qururdum, heç axırına çatmamış bir də görürdüm, artıq başqa düşüncələrin içərisindəyəm..

Uzanmışdım… Başımın üzərində düşmənin pilotsuz aparatları uçurdu, ətraf ərazilərə nəzarət edirdi, diqqətli olmalı idim. Tək bildiyimsə, düşmənin içərisində tək qaldığım və ən pisi isə ərazi haqqında məlumatlı olmamağım idi.

Sadəcə uzanmışdım… Çantamda suyum, ərzağım olmasa da, siqaret var idi. Əvvəlki döyüşlərdə ermənilərdən götürmüşdüm. Əsgərlərimə də paylamışdım, özümə də xeyli qalmışdı.

Sanki siqaret çəkmək nəyi isə həll edəcəkmiş kimi ac qarına o qədər çəkmişdim ki, elə bilirdim, tüstüsü qulaqlarımdan çıxacaq.

Uzanıb səmaya baxmışdım saatlarla. Olduğum yerdən tərpənmək istəmirdim… Ümidim var idi, onu itirmək istəmirdim… Bəlkə…

İrəliləyən saatlarda telefonu sellofandan çıxartdım, işə salıb şəkil çəkdim… Sonra düşündüm, video çəkim, nə olar, nə olmaz deyə… Bəlkə, bir gün telefon bizimkilərin əlinə düşər, baxarlar son videoma.. İndi baxanda utanıram, amma başladım halallaşmağa…

Və o an şəkil çəkəndə özümü tanıya bilməmişdim… Ola bilməzdi. Axı bu necə ola bilərdi?!…Günlər öncə şəkil çəkmişdim,belə deyildim axı…

Əsir düşmək qorxusu, yaşadığım qərarsızlıqlar, həyatıma son vermək məqamını öz-özlüyümdə düşünərkən sanki bədənim, üzüm ,saçlarım da işıq sürətliylə məni buna hazırlayırmış.

Noyabr ayının doqquzunda Şuşanı düşmənin əks-hücumundan müdafiə edərkən güclü xəsarət almışdım. Bir onu bilirəm ki, ayılanda xəstəxanada idim.

Müharibənin bitdiyini, düşmənin məğlubiyyəti ilə barışdığını eşidəndə o qədər ağlamışdım ki, özüm-özümü sakitləşdirə bilmirdim…

Hə bu şəkillər… Məqsədim müqayisə deyil. O bir dövlət başçısıdır… Sadəcə müharibənin onu nə günə saldığını gördüyümdə o anlara qayıtdım. Sanki içimdən hiss etdim nə isə yazmağı və yazdım…

Müharibəsiz bir həyatımız olsun bundan sonra. Yaşlanaq, amma müharibə ilə yox!

Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant İqbal Səfərov

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv