!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müharibənin dayandırılması vasitəçilərdən çox Ukrayna və Rusiyanın qərarından asılıdır” – ŞƏRH

!Reklam – Yazi

“Tərəflərin öz mövqelərində qaldıqları bir şəraitdə müharibənin yekunlaşmasından danışmaq mümkün deyil”.

Bu fikirləri Ukrayna və Rusiya nümayəndələri arasında ötən gün İstanbulda keçirilən görüşdən sonra tərəflərin ortaq məxrəcə yaxınlaşdıqlarına dair fikirlərə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya öz məqsədinə çatmadan hərbi əməliyyatlara son qoymağa hazır olmasa da, savaşı davam etdirməyin perspektivi qalmayıb:

“Ukrayna və Rusiya nümayəndələrinin dünən İstanbulda baş tutan danışıqlarından sonra tərəflərin müəyyən razılığa gəldiyinə dair nikbin fikirlər səsləndirilsə də, növbəti gün verilən bəyanatlar bunun əksini göstərir.

Ukrayna rəsmiləri bəyan edirlər ki, müharibənin dayandırılmasının ilkin şərti Rusya işğalçı ordusunun ölkə ərazisindən tamamilə çıxarılmasıdır. Rəsmi Kiyev, həmçinin bildirib ki, Krım və Donbas üzərində suverenliyin bərpası üçün hərbi deyil, siyasi yoldan istifadə edilə bilər.

Amma danışıqlarla bağlı Rusiyadan verilən bəyanatlar Moskvanın Ukraynanın bu yanaşmasını qəbul etmədiyini göstərir. Putinin sözçüsü Peskov jurnalistlərlə söhbətində deyib ki, Rusiyanın mövqeyində heç bir dəyişiklik yoxdur, yeganə müsbət hal isə Ukraynanın öz şərtlərini daha dəqiq formalaşdırmasıdır.

Bundan başqa, Peskov bunu da qəti şəkildə bildirib ki, Rusiya öz ərazisi saydığı Krımla əlaqədar heç bir müzakirə aparmaq niyyətində deyil. Əlbəttə ki, tərəflərin öz mövqelərində qaldıqları bir şəraitdə müharibənin yekunlaşmasından danışmaq mümkün deyil.

Aydındır ki, Rusiya öz məqsədinə çatmadan hərbi əməliyyatlara son qoymağa hazır deyil. Çünki çox böyük canlı qüvvə və hərbi texnika itkisinə məruz qalıb. Bu durumda savaşı dayandırmaq onun üçün psixoloji maneədir. Amma müharibəni davam etdirmək də heç bir perspektiv vəd etmir. Ukrayna ordusu döyüş qabiliyyətini nəinki qoruyub, hətta xeyli artırıb. Eyni zamanda, Qərbin Ukraynaya hərbi-iqtisadi yardımlarının həcmi də böyüməkdədir.

Bu şəraitdə tərəflər arasında razılığa nail olunmasına və müharibənin tezliklə dayandırılmasına davamlı səy göstərən Türkiyənin mövqeyi xüsusi seçilir. Lakin müharibənin dayandırılmasına qərar verəcək tərəflər Ukrayna və Rusiyadır ki, onların da yaxın günlərdə dil tapması çətin görünür”.

A.Zeynalov

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv