!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin yeni fazası: "Savaşın uzanmasında Rusiya da maraqlıdır" - Hərbi ekspert

!Reklam – Yazi

“Rusiya rəhbərliyi öz niyyətindən əl çəkməyəcək. Çox qızğın döyüşlər getsə də, ciddi itkilər versə də, hətta səfərbərlik elan etməli olsa da, Rusiya Luqansk və Donetskin coğrafi sərhədlərinə çıxana kimi döyüşləri aparmaqda israrlı olacaq”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin ikinci fazasını və Mariupolda yaranmış vəziyyəti şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Şair Ramaldanov bildirib ki, Rusiya hərbi və siyasi rəhbərliyi böyük şəhərlərdən bilərək kənar durur:

“Deməzdim ki, müharibənin birinci fazası Rusiya üçün uğursuz alınıb. Hələ də Rusiyanın məhdud kontingenti Ukrayna ərazisindədir. Birinci faza uğursuz olursa, adətən, ikinci fazaya başlamırlar. Döyüşün gedişində müəyyən dəyişikliklər ola bilər. Misal üçün, 44 günlük Vətən müharibəsində əvvəl Murov istiqaməti, sonra Tərtər-Suqovuşan istiqaməti yoxlanıldı, sonda cənub istiqamətini seçdik. Zəngilana gedib çıxdıq.

Ukraynadakı müharibədə Rusiyanın vəziyyətdən aslı olaraq müəyyən taktiki dəyişiklikləri və qərarları olub. Bu bütün müharibələrdə, döyüşlərdə olur. Plan əvvəlcədən cızılır, sonra isə vəziyyətə görə daha əlverişli istiqamətlər müəyyənləşdirilir, qərarlar müəyyən bir dəyişikliyə məruz qalır.

Düşünürəm ki, Rusiyanın dəyişiklikliyi düzgün addımdır. İri şəhərlərin ələ keçirilməsində itkilər çox olur, binaları, gərək, yerlə yeksan edəsən. Bunda da həddindən çox döyüş sursatı istifadə olunur. Belə olduğu halda, Rusiyanın hərbi rəhbərliyi vəziyyəti qiymətləndirərək yenidən qruplaşmağa, perspektiv istiqamətləri müəyyənləşdirməyə və iri şəhərlərdən yan keçərək döyüşləri davam etdirməyə qərar verib. Şəhərlərdəki müdafiə qüvvələrini daha çox xırda yaşayış məntəqələrinə və düzənliklərə çıxartmaqla onları əldə olunan atəş vasitələri ilə itkiyə məruz qoymaq daha asan olur.

Rusiyanın məqsədi Ukraynanın müdafiə qüvvələrini düzənliyə çıxarmaqdır. Həm düzənlikdə, xırda yaşayış məntəqələrində dinc əhali itkiləri minimuma endirilir, həm də irəliləməni daha da sürətlə aparmaq olur. Rusiyanın hərbi rəhbərliyi vəziyyəti düzgün qiymətləndirərək məhz bu istiqamətdə iş aparır. Digər tərəfdən, Rusiyanın birinci məqsədi Luqansk və Donetskin coğrafi sərhədlərinə çıxmaqdır. Bunun üçün də istiqamət dəyişdirildi, hazırlıq işləri aparıldı. Hazırda bu istiqamətdə ikinci faza deyilən döyüşlər davam edir”.

Mariupoldakı vəziyyətə gəldikdə isə hərbi ekspert bunları deyib:

“Mariupoldakı zavodda mərtəbə-mərtəbə zirzəmilər var. Ruslar onları blokadada saxlayıb, çıxış yollarını bağlayıb, orada olan qüvvələri ikinci fazanın inkişafı üçün istifadə etmək istəyəcəklər. Ruslar zavod ətrafında məhdud, ukraynalı hərbçiləri blokadada saxlaya biləcək sayda qüvvə saxlayıblar. Bu da düzgün addımdır. Çünki əgər ora təminat gəlməsə, mövqelər atəş altında saxlanılsa, gələcəkdə zavoddakı qüvvələr ya təslim olacaqlar, ya əks-hücum zamanı itkilərə məruz qalacaqlar. Əgər zavod ərazisində aktivlik olsa, Rusiya ordusu həmin nöqtələri susduracaq. Ərazini nəzarətdə saxlamaq üçün çox vasitə də lazım deyil.

Düşünürəm ki, Luqansk və Donetskin coğrafi sərhədlərinə çıxmaq Rusiya ikinci fazanı həyata keçirəcək. İkinci fazada çox qızğın döyüşlər gedəcək”.

Hərbi ekspertin sözlərinə görə, Rusiya özü də müharibənin uzanmasında maraqlı görsənir:

“Əvvəl Rusiya qısa zamanda məsələni həll etmək istəyirdi. İndi görünür ki, müharibənin uzanmasında Rusiya da maraqlıdır. Ona görə ki həm NATO, həm Avropa ölkələri arasında münasibətlərdə müəyyən parçalanma görünür. Müharibə daha çox uzanarsa, yardım imkanları müəyyən bir şəkildə çətinləşəcək. Aralarında parçalanma daha çox gedəcək. Artıq sursatların verilməsi ilə bağlı bəzi parçalanmalar hiss olunur. Bu fonda Rusiya müharibənin müəyyən bir şəkildə uzanmasında maraqlı olacaq və tələsməyəcək”.

Səxavət Məmməd

www.yenicag.az

1556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv