!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mümkün Rusiya-Ukrayna qarşıdurması: "Qərb ölkələri Ukraynaya girərək..." - Hərbi ekspert

!Reklam – Yazi

“NATO-nun təlimçilərinin orada olması və Qərbin silahlarının həmin ərazidə yerləşdirilməsi onu göstərir ki, Ukrayna problemi həll etmək istəyir. Əgər sülh yolu ilə olmasa, suverenliyini hərbi yolla həll etməyə hazırlaşır”.

Bu fikri Ukrayna sərhədlərinə Rusiya qoşunlarının yeridilməsi, NATO-nun Ukraynada hərbi bazalar qurması və müharibə ehtimalını şərh edərkən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Şair Ramaldanov bildirib ki, Rusiya sərhədlərinə NATO-nun gəlməsini istəmir:

“Rusiya Krım, Donbas, Donetsk məsələsində Ukraynanın suverenliyinə xələl gətirən addımlar atıb. Ukraynanı ABŞ və Qərb ölkələri dəstəkləyir. Ukraynanı dəstəkləyən güclər ölkəyə silahlarını yerləşdirir. Burada onların başqa maraqları da var. Belə ki, Qərb ölkələri Ukraynaya girərək Rusiya sərhədlərinə yaxınlaşmış olur.

Rusiya hazırda hegomonluğunu nümayiş etdirir. Bunu Qarabağ müharibəsində də gördük. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladı. Ermənistana dəstək verən Rusiya idi. Rusiya Ermənistanı silahlandırırdı. Rusiya Baltikyanı ölkələr xaric, SSRİ-dən ayrılmış digər ölkələrdə öz gücünü qoruyur, həmin ölkələrdə de-yure olmasa da, de-fakto öz ərazisi kimi davranır və addımlar atır. Bunu Gürcüstanda, Ukraynada və digər ölkələrdə görürük. Ukrayna məsələsində Qərb ilk gündən rəsmi Kiyevi dəstəkləyib.

Ukrayna artıq Donbas və Donetsk məsələsində ciddi addımlar atmağı planlaşdırır. Ukrayna güc toplaya bilib. Təmas xəttində artıq müəyyən proseslər gedir. NATO-nun təlimçilərinin orada olması və Qərbin silahının həmin ərazidə yerləşdirilməsi onu göstərir ki, Ukrayna problemi həll etmək istəyir. Əgər sülh yolu ilə olmasa, suverenliyini hərbi yolla həll etməyə hazırlaşır. Ukrayna prezidentinin tez-tez təmas xəttində olması nə qədər ciddi olmalarını göstərir.

Rusiya açıq-aydın Rusiyanın genişlənməsinə və öz sərhədlərinə yaxınlaşmasına qarşı olacağını və buna tədbirlər görəcəyini söyləyir. Rusiya separatçı rejimləri hər cür dəstəkləyərək oranı mənimsəmək istəyir. Necə ki Krımı özününkiləşdirdi. Artıq Donbas və Donetskdə Rusiya vətəndaşlığını qəbul edən ukraynalılar var. Rusiya öz vətəndaşlarını qorumaq bəhanəsi ilə güc tətbiq edəcəyini bildirir. Düzdür, bu, birinci şəxslər tərəfindən yox, daha çox siyasətçilər və ekspertlər tərəfindən səsləndirilir”.

Ukraynada müharibə ehtimalına gəldikdə isə hərbi ekspert bunları deyib:

“Rusiya ilə NATO arasında vəziyyət getdikcə gərginləşir. Ukraynanın ərazisində, orada gedən proseslərdə bunu açıq görürük. Rusiya prezidenti ilə ABŞ prezidenti arasında danışıqlar baş verib. Düzdür, danışıqlarla bağlı geniş məlumat verilmir. Düşünürəm ki, Bayden və Putin bilsə idi danışıqları heç bir nəticə verməyəcək, heç danışmazdılar. Çünki danışıqlardan əvvəl buna hazırlıq prosesi gedir və hansı suallar müzakirə olunur, bu, məlum olur.

Ümid edirəm ki, iki ölkə prezidentinin danışıqlarından sona Ukraynada müharibə baş verməz, gərginlik səngiyər. Bu gün müharibəni heç kim istəmir. Dünya iqtisadi böhranla üz-üzədir, iki ildir pandemiya ölkələrə ciddi ziyan vurub. Düşünürəm ki, tərəflər müharibəyə hazır deyil”.

Səxavət Məmməd

www.yenicag.az

901
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv