!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müstəqil dövlətin azad mətbuatı - Güllü Yoloğlu yazır

!Reklam – Yazi

Bildiyimiz ki, hər il “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Həsən bəy Zərdabinin redaktoru olduğu bu qəzetdən başlanan mətbuat tariximiz aradan ötən illər ərzində mayak kimi milli mətbuatımızın sonrakı inkişaf yoluna işıq saçmış, neçə-neçə qəzet və dərgilərin meydana gəlməsinə, jurnalistlərin yetişməsinə, peşəkar jurnalistikanın formalaşmasına təkan vermişdir.

Azərbaycan milli mətbuatı istər Çar Rusiyası dövründə, istərsə də Sovetlər Birliyi zamanında öz milliliyini sözün əsl mənasında nəinki qoruya bilmiş, hətta tarixi missiyasını yerinə yetirərək xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rola malik olmuşdur. Əgər XIX əsrin sonları – XX əsrin əvvəllərində Azərbaycan mətbuatında daha çox maarifçilik ideyaları üstünlük təşkil edirdisə, sonrakı illərdəki mətbuat dövlət siyasətinə, istisadi dirçəlişə, ideologiyanın təbliğinə daha çox yer verirdi. Əgər əvvəllər qəzetlərin, dərgilərin oxucuları yalnız ziyalı təbəqə idisə, savadsızlığın ləğvindən sonra oxucu kütləsi çoxaldı, tələb də artdı…

Milli mətbuat ziyalılarla yanaşı xeyriyyəçilərin də dəstəyi ilə çətin şəraitdə ilk addımlarını atmışdır. Azərbaycan ziyalıları, xeyriyyəçiləri nəinki milli mətbuatımıza, hətta qardaş xalqların mətbuatının inkişafına da dəstək olmuşlar. Məsələn, 1911-1913-cü illərdə çıxan “Qazaqstan” qəzetinin əməkdaşları yaranmış maaliyyə çətinliyinin həlli yolunu haqqında çox eşitdikləri azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət etməkdə görürlər. Hacı nəinki gələn iki nəfəri əliboş qaytarmır, onlara 1000 rubl pul verir və uğurlar arzulayaraq deyir: “Bütün qazaxlara məndən salam söyləyin. Var-dövlət mənə yox, xalqa məxsusdur”.

Bu missiyanı bu gün Azərbaycanın müstəqil dövləti öz üzərinə götürərək daim kütləvi informasiya vasitələrinin inkişafını, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır.

İnternetin, sosial şəbəkələrin və ağıllı telefonların olmadığı dövrlərdə başlıca informasiya daşıyıcıları qəzet, dərgi, radio, televiziya idi. Sovet dövründə medianın fəaliyyətinin əsas istiqamətini Moskva müəyyənləşdirsə də, bu gün müstəqil Azərbaycan azad mətbuata malikdir.

XX əsrin sonlarında milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısına çevrilməyə başladı. Müstəqilliyimizin ilk illərində Azərbaycan mətbuatı ağır senzuraya və təqiblərə məruz qalsa da 1993-cü ildən başlayaraq milli mətbuat yeni mərhələyə qədəm qoyur. Bu mərhələ Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik illərində Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı məhz Heydər Əliyev imzalamışdır. Ümumilikdə Ulu Öndər mətbuatla bağlı 10-dan çox fərman və sərəncam imzalamışdır. 1999-cu ildə milli tələblərə və beynəlxalq standardlara cavab verən “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul olunmuşdur. Məhz Heydər Əliyevin iradəsilə 6 avqust 1998-ci ildə Azərbaycanda senzura ləğv edilmişdir.

Milli mətbuatın dəstəklənməsi, jurnalistlərin həyat və iş şəraitinin yaxşılaşdırıılması Prezident İlham Əliyevin də daim nəzarətindədir. Belə ki, 31 iyul 2008-ci il tarixində Respublika Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası” təsdiqlənmişdir. 2009-cu il aprel ayının 3-də isə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu yaradıldı. KİV-in inkişafına dövlət dəstəyi siyasətinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Fondun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.

Həm Ümummilli lider Heydər Əliyevin, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi Azərbaycan iqtidarının mətbuata açıq olmasının, mətbuata və jurnalistlərə olan diqqətinin nəticəsidir.

Azərbaycan mediası İkinci Qarabağ Savaşında da öz missiyasını layiqincə yerinə yetirdi. Media nümayəndələrimiz peşə borclarını yerinə yetirməklə bərabər, Azərbaycan vətəndaşı kimi də orduya qatılmış, döyüşlərdə fədakarcasına iştirak etmişlər. Ümumilikdə 44 günlük Vətən müharibəsinə 27 jurnalist, o cümlədən də ehtiyatda olan zabitlər cəlb olunmuşdur. Onlardan ikisi döyüş zamanı yaralanmış, səfərbərlik proqramından kənar olaraq döyüşlərə qatılan ATV-nin keçmiş montajoru D.Qurbanov şəhid olmuşdur. Müharibədən sonra öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin – AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun ermənilərin basdırdıqları minaya düşərək həlak olmaları dünya ictimaiyyətinin hiddətinə səbəb olmuşdur. Ermənilərin basdırdıqları minalar səbəbindən dinc sakinlərin, eləcə də həqiqəti dünyaya çatdırmaq missiyasını daşıyan jurnalistlərin ölümü yüzlərlə xarici media mənsubunun öz etiraz səsini ucaldaraq həmrəylik bildirməsi, dövlət başçımızın tapşırığı ilə işğaldan azad olunan ərazilərə xarici media nümayəndələrinin səfərlərinin təşkili kimi amillər də heç şübhəsiz, mina xəritələrinin bir qisminin Azərbaycana təhvil verilməsində rol oynadı…

Bu yerdə istər müharibə günlərində, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bizimlə həmrəylik göstərən dost, qardaş ölkələrin, xüsusilə də Türkiyənin xəbər agentliklərinin jurnalistlərini də unutmamalıyıq. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində onlar da öz peşəkarlıqları və qardaş sevgisilə daim yanımızdadırlar.

Güllü Yoloğlu

AzTV-nin Türkdilli ölkələrlə Əlaqələr şöbəsinin müdiri,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv