!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müxalifətin seçkidə iştirak tərəddüdlərinin olması təbiidir” - Arif Hacılı

!Reklam – Yazi

“Bəzi müxalif təşkilatlar birgə qərarların qəbulunun qarşısını aldılar”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Yenicag.az-a müsahibəsində növbədənkənar prezident seçkilərinin təyin edilməsini və müxalifətin bu kampaniyada iştirak imkanlarını dəyərləndirib.

– Növbədənkənar prezident seçkilərinin təyin edilməsindən sonra müxalifətin bu kampaniyada iştirakına yönəlik ciddi tərəddüdlər yaranıb…

– Tərəddüdün olması təbiidir. Çünki Azərbaycan hakimiyyəti birdən-birə seçki təyin etməklə bizim seçki qanunvericiliyinə təklif etdiyimiz dəyişikliklərin müzakirəsinin, eyni zamanda, beynəlxalq müşahidənin təşkil olunmasının qarşısını aldı. Həmçinin, Azərbaycan cəmiyyətinin seçkilərə köklənməsinə imkan vermədi. Bundan başqa, hakimiyyət növbədənkənar prezident seçkiləri təyin olunmasının səbəblərini izah etmədi. Sözsüz ki, belə bir şəraitdə tərəddüdlərin və müzakirələrin olması təbiidir.

– Ancaq növbədənkənar seçkilərin keçirilməsi ehtimalı neçə ay əvvəldən müzakirə olunurdu. Müxalifət bu ehtimalı niyə dəyərləndirmədi?

– Mən deməzdim ki, müxalifət bu ehtimalı dəyərləndirmədi. Qeyd edim ki, biz seçki qanunvericiliyinə dəyişikliklərin edilməsinə dair təkliflərimizi təqribən bir il əvvəl – 2017-ci ilin əvvəllərində irəli sürmüşdük. Biz yanvar ayında Müsavat Partiyasının Seçki Qərargahını yaratdıq, mərkəzi strukturlarımız seçkilərə hazırlıq işləri ilə məşğul idilər. Ancaq istər-istəməz bəzi məsələlər var ki, bilavasitə seçki kampaniyası ərəfəsində müzakirə olunmalıdır.

Məsələn, müxalifət qüvvələrinin əməkdaşlıq və ya müttəfiqlik perspektivləri, vahid namizəd və digər məsələlər seçkilərə 1 il qalmış müzakirə oluna bilməz. Bu məsələlər seçki kampaniyası ərəfəsində yaranan siyasi şəraitə uyğun olaraq müzakirə edilməlidir. O baxımdan, hakimiyyət həm Azərbaycan cəmiyyətini, həm beynəlxalq birliyi, həm də ölkə müxalifətini seytnot vəziyyətinə saldı. Əslində, bu qərar 2016-cı il referendumu nəticəsində rəsmiləşən Konstitusiya dəyişikliyi əsasında qəbul edilib. Ona görə də bu qərarın legitimliyi belə şübhə altındadır.

Eyni zamanda, bu qərarın verilməsinin məqsədəuyğun olmaması göz önündədir. Hakimiyyət bu günə qədər bizim birbaşa tələblərimizə baxmayaraq, növbədənkənar seçkilərin təyin olunmasının səbəblərini hələ də açıqlamayıb.

– Müxalifətdaxili əməkdaşlıq məsələsinə toxunduz. Bir araya gəlmək üçün vaxt və imkan qalırmı?

– İmkanlar həmişə var və növbədənkənar seçkilər elan olunan gün Azərbaycanın müxalifət qüvvələrinə məsləhətlərə başlamaq təklifi verdim, bu barədə yazı da yazdım. Təəssüf ki, bəzi müxalifət təşkilatları məsləhətləşmələrə başlamadan qərarlar verməklə, birgə qərarların qəbulunun qarşısını aldılar.

– Ancaq 2014-cü ildə İsa Qəmbərin prezidentliyə namizədliyini elan etməklə ilk qərar verən partiya Müsavat olmuşdu…

– Bəli, biz son qurultayda İsa Qəmbərin namizədliyini irəli sürmüşük. Müsavat Partiyasının seçkilərdə namizəd irəli sürməsindən daha təbii nə ola bilər ki?

– Müsavat daxilində ovqat necədir? Partiyanın Məclisi növbədənkənar prezident seçkilərində iştiraka qərar verəcək?

– Müsavat demokratik təşkilatdır. Partiya və cəmiyyət üçün taleyüklü məsələdə biz öz tərəfimizdən qərar verə bilmərik. Bu məsələ partiya rəhbərliyində müzakirə olunub. Ancaq bu, yalnız Müsavat rəhbərliyinin səlahiyyətinə aid bir məsələ olmadığı üçün partiyanın Məclisini çağırmışıq. Məclisdə aparılacaq açıq müzakirələrdən sonra Müsavat Partiyasının qərarı səsvermə yolu ilə qəbul ediləcək.

A. Zeynalov

www.yenicag.az

2656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv