!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nahəmrəylik günümüz mübarək! - Aqil Ələsgər yazır

!Reklam – Yazi

8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür. Bizdə yerli həmrəylik yoxdur, o ki qala o nəsnənin beynəlxalqı ola…

Bir zamanlar biz də həmrəydik. Rəhmətlik “Press Klub” dönəmində. Sonra yavaş-yavaş hərə bir yola getdi. Hər ayrılıq (bunu imtiyaz kimi də oxuyanlar olacaq) bu həmrəyliyi bir az da öldürdü.

Sonrakı – internet jurnalistikası isə ümumiyyətlə, nahəmrəy doğuldu. Arada özümüzə gəlib, lokal həmrəyliklər göstərsək də, bu gün Azərbaycan jurnalistinin ən böyük düşməni elə öz həmkarıdır.

 

Təkcə üçüncü deyil, birinci və ikinci binaların seçimi zamanı yaşananlar da buna ən böyük örnəkdir. Sevgilisinin, qohumunun, şoferinin adını müvafiq yerlərə göndərənlər də bizim aramızdadırlar, özü dövlətin hər imtiyazından bəhrələnib, evsiz həmkarının son ümidini boğub öldürənlər də…

Öz uğuruna sevinən, eyni masanı paylaşdığı, bəzən noutbukları bir-birinə sürtünən jurnalistlər həmrəyliyin h-sindən xəbərsizdirlər.

Mübahisələr, diskussiyalar normaldır, ancaq bir-birinin “quyusunu qazmaq” qəbul ediləcək davranış olmasa da, bizdə ondan bol nəsə yoxdur.

Hə, sıravilər oxuyub, kapitanları əclaflıqda suçlamasın. Hər kəs öz çapında nələrsə edir. Kimin gücü nəyə çatırsa, nəticə də o qədərdir.

Ya da çox az həmkar var ki, ondan bir başqa həmkarı barəsində “mejdu nami” deyə soruşanda, tərifləməyi cəhənnəm, olmaz hədyanlar deməsin.

Yaxşı nümunələrimiz əlbəttə, var. Ancaq nümunə sayılacaq qədər azdırlar.

Jurnalistika azadlığı sevir. Ancaq biz jurnalistdən çox məmuruq, diplomatıq, siyasətçiyik…

Həmkarı haqsızlıqla üzləşir, səsini çıxarmayıb, öz ayağı daşa dəyəndə isə hər kəsi ona dəstək verməməkdə suçlayır. Qayıdıb özünə sual vermir ki, mən nə vaxt kimin yaralı barmağına ilk tibbi yardım göstərmişəm?

“Filan jurnalist işdən qovuldu” yazanda ürəyi sızlamayandan həmkar olarmı?

Bir-birimizə qarşı qəddarlığı, hikkəni, həzmsizliyi ümumi problemlərimizin həllinə yönəltsəydik, bu gün bizim də həmrəylikdən danışmağa haqqımız olardı.

Dövlət medianın inkişafında maraqlıdır. Bunu son illərdə atılan addımlar da təsdiqləyir. Media savadlılığının artırılması, jurnalistlər arasında koordinasiya və kommunikasiyaların qurulması alqışlanası addımlardır.

Ancaq bunun müqabilində biz necə inkişaf edirik? Vacib təlimlərə sırf o sahə üzrə mütəxəssis olmasını istədiyimizi göndəririk, yoxsa “boş işlər üzrə xüsusi müxbir”lərimizi? Bu, dövlətin medianın inkişafına hesablanmış layihələrini sabotaj etmək deyilsə, bəs nədir?!

Nə zaman həmkar olacağıq?

Belə getsə, heç vaxt…

Acı da olsa, gerçək budur…

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv