!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotacirlərin məskəninə çevrilən SIĞINACAQ kimə məxsusdur? - VİDEO / FOTOLAR - REPORTAJ

!Reklam – Yazi

Dünən Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsindəki bomba sığınacağı ilə bağlı hazırladığımız reportajdan sonra yeni detallar məlum olub.

Yenicag.az-ın reportyor qrupu yenidən “Ulduz” metrostansiyası yaxınlığındakı həmin əraziyə yollanıb.

Mülki müdafiə sığınacağına yenidən daxil olarkən ərazidə əxlaqsızlıq yuvası və narkotik alveri üçün xüsusi yerlər aşkarlanıb.

Narkotik tacirləri sığınacağın içərisində yer qazıb, onun üzərini basdırıblar. Həmin yerin üstünü açarkən istifadə edilmiş şpristlər və hazır alıcısını gözləyən narkotiklər gördük.

Əraziyə yaxın yerdə yaşayan sakinlər bildirdi ki, sığınacaq narkotik tacirləri və narkotikdən istifadə edənlərin cənnətinə çevrilib.

Qonşularla söhbət zamanı onu da qeyd etdilər ki, öz uşaqlarının gələcəyindən qorxurlar, çünki ərazidən təkcə narkotik alveri yox, həm də əxlaqsızlıq yuvası kimi istifadə olunur.

“Mal” almaq istəyən də bura gəlir, telefonda alış-veriş edib “mal”ı götürmək istəyənlər də. Binanın içərisində isə istifadə otaqları da düzəldiblər.

Hadisə yerinə gələn Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə bildirdi ki, qeyd edilmiş ərazidə hazırda Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gücləndiriliş şəkildə nəzarət tədbirləri həyata keçirilir:

“Bu neqativ əməllər aradan qaldırılana qədər əməliyyat tədbirləri davam etdiriləcək. Qeyd edim ki, əlavə naryad qrupları həmin əraziyə təhkim olunub. DİN tərəfindən narkotik və psixatrop maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan şəxslər aşkarlanır. Bu tədbirlər ön planda durur. Aşkar olmuş şəxslərlə bağlı qanuni tədbirlər həyata keçirilir. Həmin ərazidə polis əməkdaşları 24 saat ərzində nəzarət tədbirlərini həyata keçirəcəklər. Həmin ərazidə qeyri-qanuni hallar aşkarlanarsa, həmin adamlar dərhal saxlanılacaq, məsuliyyətə cəlb olunacaqlar”.

Tərk edilmiş bomba sığınacağının hansı qurumun balansında olması ilə bağlı da araşdırma apardıq.

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, həmin ərazi “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

Məsələni dəqiqləşdirmək üçün “Bakı Çinar Soyuducuları” ASC-yə  müraciət etdik. ASC-nin sədr müavini Akif Əliyev bildirdi ki, həmin ərazi onlara məxsus deyil:

“Ərazidəki iki mülki müdafiə sığınacağının ətrafının hasarlanması üçün Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət ünvanlanıb, ancaq İcra Hakimiyyəti buna razılıq verməyib. Həmin sənədi də sizə təqdim edirik”.

Hansı quruma məxsus olduğu bəlli olmayan sığınacağın aqibəti də naməlumdur. Ümid edirik ki, bununla bağlı məsul qurumlar addım atacaq.

Ərazidən hazırlanmış video və fotoları sizə təqdim edirik:

 

Səxavət Məmməd
Foto və video: Fariz Faiqoğlu

www.yenicag.az

932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv