!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-Rusiya QARŞIDURMASI: “Alyansın geri çəkilməsi onun məhvi deməkdir”

!Reklam – Yazi

“Bu addım Rusiyanı onillər boyu çətin bir duruma salacaq və bəlkə də parçalanmaya gətirəcək reallıqlar formalaşdıracaq”.

Bu sözləri Rusiyanın Polşaya yönəlik bəyanatlarını dəyərləndirən siyasi ekspert Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, bu cür bəyanatlar absurd olmasaydı, müasir Rusiyanın bir vaxtlar Moskva Knyazlığından ibarət olmasını qeyd etmək və ona qarşı ərazi iddiaları irəli sürmək mümkün olardı:

“Ukrayna və Belarusun bir hissəsinin Polşaya verilməsiylə bağlı məsələlər o qədər mübahisəlidir ki, bu mövzu ətrafında saatlarla müzakirə aparmaq olar. Çünki həmin ərazilərin dəfələrlə əldən-ələ keçməsi ilə bağlı tarixi faktlar var.

Eyni zamanda, qeyd edilən ərazilər vaxtilə elə Polşanın özünə məxsus olub. Çar Rusiyası və SSRİ dövründə sözügedən ərazilərlə bağlı müxtəlif situasiyalar baş verib.

Qeyd etmək lazımdır ki, 1939-cu ildə SSRİ və Hitler Almaniyası arasında imzalanan “Molotov-Ribbentrop Paktı”na əsasən Almaniya ilə SSRİ arasında Polşaya aid torpaqlardan keçən bir xətt üzrə sərhədlər müəyyən edilmişdi. Əslində bu yanaşma həmin dövrün reallıqlarına görə dövlətlərin ərazi bütövlüyünə qəsd hesab olunurdu. Həmçinin faktiki olaraq, o dövrdə SSRİ Hitler Almaniyasının Polşanın parçalanmasına yönələn siyasəti dəstəkləyirdi.

Sonrakı proseslər hər kəsə bəllidir. Polşanın sərhədlərinin müəyyənləşməsiylə bağlı razılaşma 1945-ci ildə əldə edilib. Ardınca SSRİ və Polşanın sərhədlərinin demarkasiyası prosesi başlayıb. Qeyd edilən sərhədlər üç dövlətin mövqeyinə uyğun razılaşdırılıb. Bu məsələləri yenidən gündəmə gətirmək əslində bəhanədən başqa bir şey deyil və reallığı əks etdirmir.

O ki qaldı Polşa ərazisinə hər hansı üsulla müdaxilə etmək mövzusuyla bağlı bunu demək olar ki, bu məsələ artıq Rusiya-Ukrayna müharibəsi çərçivəsindən çıxaraq NATO-Rusiya qarşıdurmasına çevrilməsi deməkdir. Bu halda 2 yeni real situasiya yarana bilər: ya NATO Rusiyanın şərtlərim ilə barışaraq Polşanı təhlükədən xilas etməlidir, yəni tərəflər arasında müharibə ehtimalını aradan qaldırmalıdır, ya da ki Rusiyanın Polşaya qarşı hücumuna yol açmalıdır.

Bundan sonrakı reallıq NATO-Rusiya müharibəsindən ibarət olacaq ki, bu da təkcə Rusiya üçün deyil, bütövlükdə bəşəriyyət üçün faciələrə yol aça bilər. Məsələnin bu istiqamətdə inkişaf edəcəyini düşünmürəm. Çünki bu addım Rusiyanı onillər boyu çətin bir duruma salacaq və bəlkə də parçalanmaya gətirəcək reallıqlar formalaşdıracaq. NATO-nun öz ərazisində, yəni Polşa torpaqlarında geriyə çəkilməsi isə, faktiki olaraq alyansın məhvinə gətirib çıxara bilər.

Vaxtilə Ukrayna və Belarus torpaqlarının bir hissəsinin Polşaya verilməsi məsələsinə gəlincə, bu, artıq 1919-cu ildə, həmçinin II Dünya Müharibəsinin nəticələrinə uyğun olaraq razılaşdırılıb. Bu, artıq beynəlxalq hüququn tərkib hissəsinə çevrilən faktor hesab olunur. Beynəlxalq arena bu sərhədləri tanıyıb və hörmətlə yanaşır. Yenidən bu kimi fikirlərin səsləndirilməsi absurd yanaşmadan başqa heç nə deyil.

O zaman tarixi daha əvvələ çəkərək müasir Rusiya Federasiyasının ərazilərinin bir zamanlar yalnız Moskva Knyazlığından ibarət olduğunu iddia edərək indiki ərazilərin ələ keçirilməsi istiqamətində addımlar atmaq olar”.

Yusif Səmədzadə

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv