“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda on birinci buraxışı ilə görüşünüzə gəlib.
Gündəmimizdən düşməyən TƏBİB, Siyavuş Novruzov, gündəmimizə özünü salmağı bacaran təhsil nazirimizin varlı təhsil istəyi, Rusiyadakı səfirimizin yersiz açıqlamaları, Donald Trampın gedişi və həftənin digər müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.
Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.
Video link:
Buraxılışın mətni:
TƏBİB nə vurur?
Əvvəllər gündəm zəifliyindən şikayətlənirdik. Ancaq qədrini-qiymətini bilmədiyimiz deputatlarımız bizi bekar oturub, xarici ölkə gündəmlərini tərcümə etməkdən qurtardılar.
Sağ olsun TƏBİB də bu sahədə geri qalmır.
Elə Ramin Bayramlı ilə Oqtay Şirəliyevin vurdurduqlarının vaksin olub-olmaması barədə yaydıqları açıqlama onlara düşmənin lazım olmadığını göstərdi. Özləri özlərinə yetər…
*
Nazir məntiqi: Kasıb niyə təhsil almalıdır ki?
Nəhayət, təhsil nazirinin brifinqi baş tutdu tutmasına, ancaq əksəriyyətimiz brifinqdə nə danışıldığını tərcümə etməsi üçün həmkarımız Əzizənin profilinə axın etdik ki, bu çiçəyi burnunda, təmtəraqla, bəhbəhlə nazir olduğunu bayram etdiyimiz Emin Əmrullayev nə deyib. Öyrəndik öyrənməsinə, ancaq onu da anladıq ki, onsuz da bərbad olan təhsili belə çox adam alarsa, təhsilimizin tikilmiş iqtisadi rentabelliliyi, tikilməkdə olan gəlirliliyi aşağı düşər. Onun üçün ödənişi 2500-dən aşağı salmaq olmaz. Aşağı ödənişlə çoxları təhsil alar, ancaq onların yaratdığı dəyər yüksək olmaz. Yəni, ABŞ səfirliyinin sevimli naziri “taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikrini dediyi üçün işdən çıxarılan məmura yanında iş versə, ikisi əlbir olub, babat biznes qura bilərlər. Çünki ikisinin də zehniyyəti eynidir və onlar üçün kasıbın balası elə cəbhədə şəhid olsa yaxşıdır, yüksək ödənişli təhsil haqqını ödəyə bilən papanın-mamanın gül balaları oxusalar kafidir, taksiyə də elə lazım olarsa onlar minər, nə gəlib kasıbın 11 nömrəsinə. Bu sözdən anladığımız budur ki, nazir əslində Sabirin bu beytini üzümüzə demək istəyib, ancaq fikri qarşıdan gələn süpürgə pulu ilə 8 mart yığımına yönəldiyindən söhbəti qısa kəsib:
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
*
Siyavuş Novruzov Sədərəyi işğaldan necə azad etdi?
Gündəmin dəyişdirilməsində müstəsna roluna görə, şəxsən Siyavuş müəllimi bu mövzuda təbrik etmək istəyirəm.
Sələfi Hadı Rəcəbli bir tema ilə bir ay bizi yola verirdisə, müəllim hər həftə bizi sevindirməyə davam edir.
İşığı amper, suyu vedrə ilə ölçməyi ilə bağlı ürək sözlərimizi deyib qurtarmamış, bu dəfə tələbə məsələsinə əl atıb.
Ancaq igidi öldür, haqqını yemə deyib atalar. Mən məsələnin “Siyavuş Novruzov tələbələri təhqir etdi” deyə, vay-şüvən kimi təqdim olunmasına qarşıyam. Hansımız tələbə olarkən, işləməmişik? Əslində tələbənin ehtiyaclarını ailəsi qarşılamaqda çətinlik çəkirsə, onun parttaym işləməsi bütün dünyada qəbul edilən gerçəklikdir. Fəqət bir məsələ diqqətimi çəkdi. Deməli, Siyavuş müəllim 90-cı illərin əvvəllərində həm oxuduğunu, həm ermənilər tərəfindən işğal edilə bilməyən Sədərəyi azad edib, oradan Qarabağa döyüşməyə getdiyini, eyni vaxtda da səhər tezdən Qaradağa, daş karxanasında işləməyə gedib, orada qazandığı pulla yataqxana yoldaşlarına səhər yeməyi aldığını söyləyib. Yəni, bu müəmmanın çözülməsi Qarabağdakı gorbagor olan statusun taleyi qədər vacibatdır…
*
Polad Bülbüloğlu Navalniyə göz qırpır?
Əvvəllər “Polad necə bərkidi” sualına cavab axtaranlar artıq “Polad necə uruslaşdı” tapmacasını çözməyə çalışırlar. 44 günlük müharibə sonrası zəfərimizi qursağımızda boğanlardan, Ali Baş Komandanın “gorbagor oldu” dediyi statusun hətta Lavrovdan belə öncə gorbagor olmadığını iddia edən idi Bülbülün oğlu…
Bir səfirdən, bir diplomatdan diplomatik olmayan nəsə sentimental cavab gözləmək sadəlöhvlük olar. Ancaq qaşınmayan yerdən qan çıxarmaq yerinə susmaq daha yaxşı olmazmı, Bülbülün oğlu? Məsələn, Azərbaycanda Rusiyanı bir çox məsələdə ittiham edirlər. Keçmiş tarixdə deyil, elə II Qarabağ müharibəsi dönəmində ermənini daim silahla təmin edib, bu gün də sülhməramlı adı altında erməniləri himayə etməyə davam edir, və s. və i.a. Ancaq bir kimsə, Rusiyanı ya da eləcə də Putini 20 yanvara görə ittiham etməyib, etməz də.
Çünki bu SSRİ-nin bir cinayəti idi və onun xələfi də olsa, nə Rusiya, nə də həmin vaxt Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyən Putin bununla bağlı məsuliyyət daşımır. Ancaq onsuz da sülhməramlıların həftə səkkiz ermənilərin əski parçası altında şəkil çəkdirməyindən qəzəbli olan xalqı niyə qızışdırırsan, Bülbülün oğlu? Bəlkə bu quşlamalarınla ruslara xidmət etdiyinimi düşünürsən, Bülbülün oğlu? Bir də tam da Navalnının ortaya çıxdığı vaxt “demokratik Rusiya” nə məsələydi, Bülbülün oğlu? Yoxsa, Navalnının məclislərində “mən o vaxtdan sizinləydim” tostunu demək üçün indidən əlyerimi qoyursan, a Bülbülün oğlu?.. İstənilən halda Bülbülün oğlunun hər quşlaması Xarici İşlər Nazirliyində islahatların vaxtının nəinki yetişdiyini, hətta gecikdiyini bizə xatırladır.
*
Amerikalıların qədrini bilmədikləri qəhrəman: Donald Tramp
Əslində, Amerika xalqının qədrini çox-çox sonralar anlayacağı Trampın son mesajı çox anlamlıydı. İnaqurasiyada iştirak etmədiyi kimi, “Sən də bilirsən ki, mən qalib gəlmişəm” deyərək, Baydenin qələbəsini əbədi olaraq, töhmət altında qoyaraq getdi.
Bəli, Tramp son 20-30 ilin yeganə ABŞ prezidenti oldu ki, fikrini ABŞ-ın içərisinə, İqtisadi rifahına yönəltdi. Yeganə ABŞ prezidenti oldu ki, nə yeni müharibə başlatdı, nə də mövcud müharibələri körüklədi. Yeganə ABŞ prezidenti oldu ki, amerikan dollarının boş-boş qurumlara və terrorun maliyyəsinə axmasına imkan vermədi və dünyada İŞİD də daxil olmaqla, əksər terror təşkilatlarının fəaliyyəti az qala sıfırlandı. Elə, Baydenin gəlişi ilə yenidən İŞİD-in Bağdadı qan gölünə çevirməsi də yenidən ABŞ-ın qana susayan dişlərini görəcəyimizin xəbərçisidir. Baydenin şübhəli şəkildə prezident elan edilməsinin səbəbi də budur. ABŞ yenidən daxilindən xaricə, dünyaya bəla olmağa gəlir. Həm də bütün dünyanın başına Bəsrəli Ömərin dediyi demokratiyanı yağdıraraq…
www.yenicag.az