Nazirlikdən hava XƏBƏRDARLIĞI – Temperatur 10 dərəcə aşağı enəcək, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.