Reklam

Reklam

“Dünya bazarında neftin 100 dollara çatması ölkəmizdə ərzağın qiymətinin bahalaşmasının qarşısını almaya bilər. Yəni bu fonda ərzağın da bahalaşması ümumən gözləniləndir. Amma məsələ ondadır ki, bunun müqabilində ölkə vətəndaşlarının gəlirləri də artacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında neftin qiymətinin 100 dollara çatma ehtimalına münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:

“Amma ümumilikdə neftin qiymətinin yaxın dövrlər üçün 100 dollara çatması fikrimcə, mümkün deyil. Hazırda neftin dünya bazarında qiymətinin müəyyənləşdirilməsi iqtisadi amillərlə bağlı deyil. 3 ildən çoxdur ki, neftin qiymətinin formalaşmasında siyasi amillərin təsiri daha mühümdür. Yəni indilikdə neftin qiyməti dünyanın aparıcı dövlətlərinin iradəsiylə müəyyənləşir. Ona görə də 2015-ci ildə götürülən siyasi kurs məqsədə çatmayana qədər neftin qiymətinin bazarın öhdəsinə buraxılması mümkün olmayacaq.

Eyni zamanda, siyasi sferada vəziyyət, iqtisadi sfera ilə müqayisədə daha çevik dəyişir. Bu mənada siyasi vəziyətin dəyişməsilə neftin qiyməti haçansa sərbəst buraxıla və “qara qızıl”ın qiyməti iqtisadi çalarlardan asılı olaraq daha da yüksələr. Bu belə olarsa, əslində neftin qiyməti elə 100 dollar ətrafında olmalıdır. 100 dollar civarında Azərbaycanın gəlirləri də artacaq. Çünki ölkəmizin dövlət büdcəsi əsasən neft gəlirlərindən formalaşır. Azərbaycan dövlət büdcəsinin formalaşmasında neft amilinin təsiri hər zaman 65-70 faiz həndəvərində olub. 100 dollara qalxan neft Azərbaycan valyutasını da sabit saxlamağa imkan verəcək. Həmçinin daxildə müxtəlif vasitələrlə bolluq yaratmaq imkanları da artacaq. Amma neftin bahalaşması heç də o demək deyil ki, Azərbaycan daxilində başqa sahələrdə də hansısa bir bahalaşma baş verəcək. Hətta bahalaşma dalğası olsa da, əhalinin gəlirlərinin artması ilə proses kompensasiya ediləcək. Əslində, Azərbaycan üçün mənfi hal dünya bazarında neftin qiymətinin aşağı düşməsidir. Belə olan halda hökumət manatın məzənnəsini sabit saxlamaqda ciddi çətinliklərlə üz-üzə qalacaq.

Neftin 100 dolları keçməsilə ərzağın qiymətində bahalaşma baş versə də, əhalinin gəlirlərini ondan da yüksək həddə artırmaq mümkün olacaq. Bu artım da pensiya, əmək haqqı və biznes sferasına yönəlik artımlarda özünü göstərə bilər. Çünki neftin qiymətinin bahalaşması Azərbaycan büdcəsinin imkanlarının genişlənməsi deməkdir. Belədə, 100 dollarlıq neft qiymətləri fonunda ərzağın qiymətilə bağlı olaraq nominal bahalaşmadan söhbət aça bilərik. Amma real olaraq, əhalinin gəlirləri həmin bahalaşmanı üstələyəcək, kompensasiya edəcək.

Bütün hallarda indiki zamanda neftin bahalaşması Azərbaycana müsbət təsir göstərəcək”.

Qeyd edək ki, hazırda dünyada cərəyan edən gərgin siyasi proseslərlə bağlı olaraq neftin qiyməti də sürətlə bahalaşır. Bu fonda bir çox ekspertlərin qənaətinə görə, tezliklə “qara qızıl”ın qiyməti 100 dollara çata bilər.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1428
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."