Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Neft-qaz sektorunda gözlənilən TENDENSİYA: “Bu sahədə azalmanın qeydə alınması...” – Ekspertdən ANALİZ

“Postpandemiya dövründə neft-qaz sektorunun inkişafı artan sürətlə davam edəcək”.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə neft-qaz sektoruna 4 milyard 781,8 milyon manat vəsait qoyulub. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7 faiz artıb.

Məlumata görə, bu ilin 10 ayı ərzində ölkənin neft-qaz sektorunda 17 milyard 490,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 6,1 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 6,3 faiz aşağı düşüb.

Neft-qaz sektorunun mövcud vəziyyəti ilə bağlı beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə bu sferaya olan tələbatın azalacağı gözlənilən idi:

“Ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyaların artmasına təsir edən başlıca səbəb yardımla bağlıdır. Yəni sözügedən sektora yatırılan investisiyalar heç də inkişafa xidmət etmir.

Çünki bu ilin əvvəlindən etibarən, dünyanı bürüyən pandemiya ilə əlaqədar əksər ölkələrdə xüsusi karantin rejimi tətbiq olunub. Nəticədə enerji daşıyıcılarına tələbat kifayət qədər azalıb.

Hətta neft istehsal edən bir çox ölkələrdə xam neft anbarlarda yığılıb qalmışdı və emala getmirdi. Buna görə də neft-qaz sektorunda tənəzzül yaranıb. Rəqəmlərə inansaq, Azərbaycanda da bu sahədə 6.5 faiz azalma qeydə alınıb.

Ona görə də investisiya yatırımı neft-qaz sektorunun dirçəlməsinə dəstək üçündür. Pandemiya bitdikdən sonra neft-qaz sektorunun inkişafı artan sürətlə davam edəcək”.

Gülşən Şərif

www.yenicag.az

2265