Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Neftin qiymətində SÜRƏTLİ ARTIM - "Bu bahalaşmaya sevinilməməlidir" - ŞƏRH

“Əslində, çalışmaq lazımdır ki, neft istehsalında maya dəyəri aşağı olsun, xərclər “şişirdilməsin”.

Bu fikirləri dünya bazarında neftin sürətlə bahalaşması nəticəsində Azərbaycanın dövlət büdcəsində əks olunmuş proqnozları üstələyən neft gəlirlərinin mümkün təyinatı haqda danışan sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a  açıqlamasında deyib.

Onun sözlərinə görə, neft ölkələri üçün əsas olan bu xammalın maya dəyərinin sabit qalması və minimum gəlirlərin təmin edilməsidir:

“Neftin dövlət büdcəsində əks edilmiş qiyməti makroiqtisadi göstərici olaraq, gəlirlərin proqnozlaşdırılması məqsədi daşıyır. Ancaq o birbaşa dövlət büdcəsinə qəbul olunduqdan sonra təsir mexanizmləri azdır. Həmin vəsaitlər, sadəcə, Dövlət Nef Fondunun gəlirlərini artıra bilər. O vəsaitlər isə bildiyiniz kimi, Neft Şirkəti vasitəsilə köçürülür. Yəni o gəlirlərin bölüşdürülməsində və Neft Fonduna köçürülməsində hökumət adından Neft Şirkəti çıxış edir.

Neft gəlirlərinin proqnozlaşdırılandan çox olan hissəsinin necə istifadə olunmasına gəldikdə, ötən illərin təcrübəsindən çıxış etsək, büdcəyə dəyişikliklər edilərkən, həmin vəsaitlər adətən, investisiya layihələrinin genişləndirilməsinə, yaxud da əsasən, büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına yönəldilir. Bu məsələlər ya büdcəyə edilən dəyişikliklərə, ya da prezidentin müvafiq sərəncamlarına, fərmanlarına uyğun şəkildə ayrı-ayrı sahələrə birbaşa ayırmalar formasında tənzimlənir.

Xammal olaraq, neftin bahalaşmasına bəzən çox sevinirlər. Lakin yaddan çıxarmaq lazım deyil ki, neft bahalaşırsa, onun istehsal xərcləri də artır. Çünki neft istehsalında tələb olunan zəruri avadanlıqlar da adekvat surətdə bahalaşır. Hətta müəyyən səbəblərə görə neftin bahalaşması məqsədəuyğun deyil. Neftin qiymətinin artması maya dəyərinin də artmasına yol açır. O baxımdan, neft ölkələri üçün əsas olan bu xammalın maya dəyərinin sabit qalması və minimum gəlirlərin təmin edilməsidir.

Dövlət satınalmalarında şəffaflığın təmin edilmədiyi, müxtəlif maxinasiyalar və “otkat”ların mövcud olduğu ölkələrdə neft bahalaşdıqca, gəlirlər azalır. Belə olduqda, neft bahalaşsa da, istehsalın həcmi aşağı düşür. Yəni əvvəlki illərdə neft hasilatı 40-50 milyon ton olsa da, indi bu göstərici 30 milyon tondan aşağıdır və bu tendensiya davam edir.

Ona görə də, hesab etmirəm ki, hökumət neftin bahalaşmasına sevinməlidir. Əslində, çalışmaq lazımdır ki, neft istehsalında maya dəyəri aşağı olsun, xərclər “şişirdilməsin”. Ancaq təəssüf ki, indiki qeyri-şəffaf idarəçilik şəraitində bunu təmin etmək mümkün deyil”.

Qeyd edək ki, 2021-ci il dövlət büdcəsində neftin 1 barelinin qiyməti 40 dollar həddində müəyyən edilib. Lakin son aylarda dünya bazarında neft sürətlə bahalaşmaqdadır və hazırda bu xammalın 1 barelinin qiyməti 85 dollar civarında dəyişir.

A.Zeynalov

www.yenicag.az

344
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100