!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsib Nəsibli: "Rəsmi Tehran Azərbaycana və İrandakı türklərə göz dağı vermək istədi" - Səfirlikdəki terrorunun PƏRDƏARXASI / MÜSAHİBƏ

!Reklam – Yazi

İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror, terrorun pərdəarxası və rəsmi Bakının atmalı olduğu addımlarla bağlı Yenicag.az-ın suallarını Azərbaycanın İrandakı sabiq səfiri, tarixçi-professor Nəsib Nəsibli cavablandırıb.

Həmin müsahibəni sizə təqdim edirik:

– Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu. Azərbaycan rəsmi səviyyədə olayı terror aktı kimi qiymətləndirdi. Ancaq İran hər vəchlə hücumun terror aktı yox, məişət hadisəsi olmasını iddia edir. İran nədən terror aktını araşdırmaq, terrorçuları üzə çıxarmaq və cəzalandırmaq əvəzinə məsələni ört-basdır etməyə çalışır?

– Çünki özü təşkil edib. Daha doğrusu, SEPAH-ın bu işdə əlinin olduğu bildirilir. Terroristin Hüseyniyyun qrupuna bağlı olduğu haqqında təkzibedilməz bilgilər yayılır.

– Mediada yayılan son məlumata görə, İranın hüquq-mühafizə orqanları əvvəlcə səfirlikdə arvadını axtardığını iddia etdikləri terrorçu Yasin Hüseynzadəni “psixi xəstə” çıxarmaqla məsuliyyətdən yayındırmağa çalışır. Bu, bir daha onu göstərmirmi ki, Hüseynzadə İranın xüsusi xidmət orqanlarının nəzarətində olub və indi müvafiq qurumlar öz agentlərini qoruyurlar?

-Tamamilə doğrudur.

– Terror aktından sonra Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini dayandırdı. Ancaq Təbrizdəki konsulluğun fəaliyyəti qismən saxlanıldı. Bununla ölkələr arasındakı diplomatik münasibətlər minimuma enmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, İran terror aktının obyektiv istintaqının aparılması üçün real işlər görmür. Sizcə, İranın ərazisindəki diplomatik missiyaların təhlükəsizliyinə cavabdehliyini şərtləndirən Vyana konvensiyasına zidd davranışları beynəlxalq müstəvidə hansı nəticələr doğuracaq?

– Öncə Tehrandakı səfirliyin fəaliyyətinin dayandırılması haqqında fikrimi deyim. Səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyə edilməsi anlaşılandır. Amma səfirliyin işinin sıfırlanması, məncə, müəyyən suallar doğurur. Əlbəttə, qərarverənlər səfirliyin qapadılması səbəblərini daha yaxşı bilirlər. Münasibətlərin bu qədər gərildiyi bir şəraitdə Tehran səfirliyimiz gücləndirilmiş iş rejimində daha fəal, daha əzmlə işlərini davam etdirməli idi.

– İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Tehrandakı səfirliyə hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib. Bununla da teror aktından sonra Tehran mediasında Azərbaycana qarşı aparılan təbliğatın İranın rəsmi mövqeyi olması üzə çıxır. Sizcə, bu, İran və Azərbaycan arasında diplomatik münasibətlərin tam qırılma nöqtəsi deyilmi?

– Diplomatik münasibətlərin kəsilməsi ciddi məsələdir. Bu, savaş elanı kimi bir şeydir. Bu qərar, müvafiq orqanların səlahiyyətindədir.

– İranın öz paytaxtında və digər ölkələrdə fəaliyyət göstərən səfirliklərə qarşı terroru dəstəkləməsi “ənənəyə” çevrilib. Tehranda ABŞ səfirliyinə hücum məşhur tarixi hadisədir. Bir iranşünas kimi bu “ənənə”ni necə şərh edərdiniz?

– Dediyiniz kimi, İran İslam Cümhurəyyətinin bu sahədə böyük təcrübəsi var. Ona görə də İranı bir sıra dövlət terrorist dövlət sayır. SEPAH-ın rəsmən terrorist təşkilat kimi tanınması da bilinən məsələdir.

– Bir sıra analitiklərin fikrincə, Tehrandakı səfirliyimizə edilən terror hücumu həm də İranın öz daxili problemlərindən xalqın diqqətini yayındırmaq üçün “yeni düşmən obrazı”na ehtiyac duyması ilə bağlıdır. İranın təbliğat vasitələrində Azərbaycanın düşmənləşdirilməsi tendensiyası necə həyata keçirilir?

– Məncə, bu terror hadisəsini son aylar Azərbaycanla gərilmiş münasibətlər kontekstində dəyərləndirmək daha doğru olar. İran, Prezident Əliyevin Güney mövzusundakı məlum bəyanatlarına bu şəkildə cavab verməyi uyğun gördü. Həm Azərbaycam Respublikasına, həm də İrandakı Türklərə göz dağı vermək istədi.

– Azərbaycan və İsrail arasındakı münasibətlərin İranın rəsmi dairələri tərəfindən, yumşaq desək, qısqanclıqla qarşılanması məlumdur. “Sionizm” Tehran propoqandistlərinin Azərbaycana qarşı ən sevimli ittihamıdır. Əsas gətirilən dini amilləri bir kənara qoysaq, İsraildən qat-qat böyük əraziyə və qat-qat çox əhaliyə malik İranın İsraildən bu qədər çox qorxmasının səbəbi nədir?

– İrandakı teokratik rejim Ərəb dünyasında təbliğatını qurmaq, ümumiyyətlə fəaliyyətlərini genişləndirmək üçün “İsraili yer üzündən siləcəyik” kimi təhdidləri onillərlə təkrar edir. Hər dəfəsində də İsraildən gərəkli zərbə aldıqdan sonra daha aqressiv bəyanatlar verməklə işi gündəmdə tutur.

– İran İsrailə qarşı dini-ideoloji arqumentlərlə çıxış edir, ancaq Azərbaycan torpaqlarını 30 il işğalda saxlamış Ermənistana gələndə yadına “dini tolerantlıq” düşür. Əksər ekspertlərin fikrincə, İrəvanla isti münasibətlər, Tehranın Ermənistanı Azərbaycana qarşı işğalçı siyasətini davam etdirməyə sürükləməsi İran İslam Respublikasının Azərbaycanın dövlət müstəqilliyi ilə daxilən barışmamasının göstəricidir. Siz necə fikirləşirsiniz, İran 30 ildən sonra da Azərbaycanın istiqlalı ilə nədən barışmır?

– İrandakı rejim dünyanın ən riyakar, təbliğatını və siyasətini yalan üstündə quran bir hökumətidir. Dünya Müsəlmanlarının “hamisi” roluna iddialı rejim Ermənistanla, Rusiya və Çinlə – müsəlman düşmənləri ilə cici-bacıdır. İran hökumətinin bu ikiüzlü siyasətinin mahiyyətini bilməyən ya fanatik bir məzhəbçi, ya da gerizəkalı birisidir.

– Tehrandakı Azərbaycan səfirliyində törədilən terror aktından sonra cəmiyyətimizdə gözlənti vardı ki, Güney Azərbaycanda bu mənfur olaya qarşı kütləvi etiraz aksiyaları başlayacaq. Ancaq belə bir aksiyalara şahid olmadıq. Nədən?

– Güney Azərbaycandan belə bir reaksiya gözləyən oradakı repressiv şəraiti bilməyənlərdir. Sayı minlərlə ölçülən milli fəal hal-hazırda zindanlardadır, son aylarda yüzlərlə insanımız məhv edilmişdir. Belə bir reaksiya gözləyən qafil onların sayının daha da artmasınımı istəyir?

– Güney Azərbaycanda milli hərəkat nə zaman açıq müstəviyə çıxacaq?

– Çoxdan açıq müstəvidədir. Fərqində olmaq, görmək gərəkdir.

– Mühacirətdəki Güney Azərbaycan liderləri hərəkatın ali məqsədinin milli istiqlal olduğunu, Güney Azərbaycanın müstəqil dövlətə çevrilməsi üçün mübarizə apardıqlarını vurğulayırlar. Ancaq Güney Azərbaycandakı əvvəlki milli hərəkatlar belə bir hədəfə malik olmayıb. Cənubi Azərbaycan bu yeni hədəfi mənimsəməyə hazırdırmı?

– Ölkədəki milli güclər şəraitdən asılı olaraq hansı hədəfin qoyulmasını yaxşı bilir.

– İran İslam Respublikasının tarix səhnəsində duruş gətirə bilməyəcəyi artıq rasional düşünən hər kəsə aydındır. İslam Respublikasının likvidasiyası ilə bağlı iki əsas ehtimal var. Birinci ehtimala görə, İran “kollektiv Qərb”in hərbi güc tətbiqi ilə sıradan çıxarılacaq. İkinci proqnoz isə belədir ki, “kollektiv Qərb”, necə deyərlər, qalanı içəridən fəth etməyə maraqlıdır və teokratiyanın məsələsini daxili qüvvələrin hesabına həll edəcək. Siz necə düşünürsünüz?

– İrandakı rejim özünü iqtisadi-sosial və ideoloji baxımdan çoxdan tükədib. Qalır digər faktorların yetişməsi. Onu da yaşayıb görəcəyik.

– Fərz edək ki, İranda teokratiya devrilib və 1917-ci ildəki fevral inqilabından sonra Rusiyada olduğu kimi, müvəqqəti hökumət qurulub. Güney Azərbaycan bu hökuməti tanımalıdırmı və tanıyacaqmı?

– Bu qərarı Güneydəki milli qüvvələr verəcək. Bu, onların müstəsna haqqıdır. Dediyiniz “milli hökumət” hansı şərtlərdə yaranacaq, hansı siyasi qüvvələr onun arxasında duracaq,
onun ilk fəaliyyətləri nə olacaq kimi onlarca amil ortada olmadan bu sualı cavablandırmaq mümkün deyil.

– İrandakı təlatümlərdən Güney Azərbaycanın milli istiqlala çıxması üçün Təbrizin yanında Bakıdan başqa kim olacaq?

– Baxıb görəcəyik. Bu, əsasən dünyadakı gənəl siyasi ortamdan, eləcə də milli qüvvələrin fəaliyyətindən asılı olacaq.

Səxavət Məmməd

www.yenicag.az

7804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv