!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nizamlama prosesi Moskva, Vaşinqton və Brüssel formatları arasında rəqabət məsələsinə çevrilib” – ŞƏRH

!Reklam – Yazi

“Moskva görüşünün nəticəsiz yekunlaşması Vaşinqton və Brüssel formatında keçirilməsi gözlənilən görüşlərin nəticəsinə də təsirsiz ötüşməyəcək”.

Bu fikirləri Azərbaycan və Ermənistan liderlərinin ötən gün Moskvada keçirilən danışıqlarının nəticəsiz yekunlaşmasının Vaşinqton və Brüssel formatında planlaşdırılan növbəti görüşlərə mümkün təsirini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva görüşünün nəticəsiz yekunlaşması Vaşinqton və ya Brüsseldə keçiriləcək növbəti görüşlərdə ciddi sənədlərin imzalanma şansını azaldır:

“Fikrimcə, dünən baş tutan Moskva görüşündə heç bir nəticənin olmadığını düşünmək doğru olmazdı. Hər halda, Azərbaycan və Ermənistan liderləri arasında təmasların intensivliyinin təmin olunması və görüşlərdə yaranmış uzun fasilənin aradan qaldırılması nöqteyi-nəzərindən, irəliləyiş barəsində danışmaq mümkündür.

Eyni zamanda bəzi konkret məsələlərlə bağlı aparılan fikir mübadiləsi tərəflərin mövqeyinin daha da aydınlaşmasına səbəb olur və ən əsası budur ki, dövlətlərin ərazi bütövlüyünün tanınma prinsipi Moskva görüşündə xüsusi bir bəyanatda yer aldı, eləcə də Rusiya prezidentinin dilindən səsləndi.

Bununla belə, daha ciddi gözləntilərin özünü doğrultmaması haqda yanaşmalarla razılaşmaq olar. Məsələn, Moskvada hər hansı sənədin imzalanacağı ehtimal olunsa da, bu, baş vermədi. Xüsusilə sülh sazişinin özü olmasa da, müəyyən çərçivə sənədinin imzalanacağı, kommunikasiyaların açılacağına yönəlik işçi qrupu səviyyəsində bir sənədin ortaya çıxarılacağı və bunların nəticəsi olaraq yekun bəyanatın imzalanacağına dair gözləntilər gerçəkləşmədi.

Əlbəttə, Moskva görüşünün belə yekunlaşması Vaşinqton və Brüssel formatında keçirilməsi gözlənilən görüşlərin nəticəsinə də təsirsiz ötüşməyəcək. O da aydın görünür ki, nizamlama prosesi Moskva, Vaşinqton və Brüssel formatları arasında bir rəqabət məsələsinə çevrilib. Ümumiyyətlə isə, Moskva görüşünün nəticəsindən asılı olmayaraq, tezliklə Qərb formatları çərçivəsində də danışıqların təşkil olunacağı istisna deyil. Lakin Moskva görüşünün nəticəsiz yekunlaşması Vaşinqton və ya Brüsseldə keçiriləcək növbəti görüşlərdə ciddi sənədlərin imzalanma şansını azaldır”.

A.Zeynalov

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv