!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbəti RÜSUM ARTIMI: “Hökumət özünün yarıtmaz fəaliyyətinin ağırlığını xalqın çiyninə qoyur” - ŞƏRH

!Reklam – Yazi

“Aydındır ki, yalnız neft və qaz üzərində qurulan iqtisadiyyatla uzağa getmək mümkün deyil”.

Bu fikirləri “Dövlət rüsumu haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə ölkəyə gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləğinin artırılmasını şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

ADP sədrinin sözlərinə görə, hökumət dövlət büdcəsinin xərclərini xalqın hesabına təmin etmək yolunu seçib:

“Bu addımlar iqtisadiyyatda fiksal təzyiq adlanır. Yəni iqtisadiyyatda böhran yarananda hökumətlər bir qayda olaraq fiksal təzyiqlə böhranın təsirlərini azaltmağa çalışırlar.

İndiki halda Azərbaycanda da iqtisadi böhran müşahidə olunur. Bunun da əsas səbəbi budur ki, ölkədə real iqtisadi sistem qurulmayıb. Sənaye bərbad vəziyyətdədir, kənd təsərrüfatı və yüngül sənaye yox dərəcəsindədir. Bu üzdən də Azərbaycan dünyaya yalnız xammal ixrac edir. Əvəzində isə göyərti də daxil olmaqla, demək olar, bütün zəruri məhsulları xaricdən gətiririk.

Bu da Azərbaycanda ciddi maliyyə defisitinin yaranması və ölkənin iqtisadi baxımdan zəifləməsi ilə nəticələnir. Aydındır ki, yalnız neft və qaz üzərində qurulan iqtisadiyyatla uzağa getmək mümkün deyil.

Ona görə də hökumət bu kəm-kəsiri aradan qaldırmaq üçün özünün yarıtmaz iqtisadi siyasətinin ağırlığını xalqın çiyninə qoyur. Bu halda atılan addımlar nədən ibarət olur? Qiymətlər qalxmalıdır, cərimələr və müxtəlif rüsumlar artırılmalıdır. Yəni hökumət dövlət büdcəsinin xərclərini xalqın hesabına təmin etmək yolunu seçib. Bu isə əhalinin maddi durumunun daha da pisləşməsinə gətirib çıxaracaq.

Ancaq nəzərə almaq lazımdır ki, bu, uzun müddət belə davam edə bilməz. Bu addımlar hökumətə müəyyən qədər vaxt qazanmaq üçün lazım olsa da, ölkədə ciddi, real islahatlar həyata keçirilməyəcəksə, qazanılan vaxt da əks effekt verəcək. O halda bir müddətdən sonra fiksal təzyiqlərlə nə büdcəni doldurmaq, nə də əhalinin problemlərini həll etmək mümkün olacaq. Onda da ölkədə çox ciddi sosial kataklizmlər baş verəcək.

Mən yenə də hökuməti ciddi islahatlara getməyi təklif edirəm. Qiymətlərin və rüsumların artırılması ilə dövlət büdcəsini doldurmaq, yaxud da müəyyən iqtisadi tənzimləmə həyata keçirmək real deyil. Əksinə, həyat səviyyəsinin göstəricisi olaraq, vətəndaşların gəlirləri davamlı surətdə artırılmalıdır. Xərclərin durmadan artması isə əhalinin var-yoxdan çıxması deməkdir”.

A.Zeynalov

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv